Bolqarıstanda xeyriyyə aksiyası keçirilib FOTO

Bolqarıstanda 1918-ci ildə azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Bolqarıstan Respublikasındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, tarix boyu təcavüzkarlıq, etnik təmizləmə və soyqırım siyasəti həyata keçirən erməni millətçilərinin xalqımıza qarşı törətdikləri qətliyam aktları sırasında 31 mart soyqırımı xüsusi yer tutur. Bu baxımdan, 1918-ci ilin soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib.

Kampaniya çərçivəsində Səfirlik tərəfindən paytaxt Sofiyada yerləşən Bolqarıstanın Ehtiyatda olan Zabit və Serjantlar İttifaqı və Bolqarıstanın Ruen şəhərinin bələdiyyəsinə infeksiyadan qorunmaq üçün tələb olunan qoruyucu ləvazimatlar (maskalar, əlcəklər, vitamin C, spirt, antiseptik vasitələr və s.) göndərilib. Səfirlik hazırda dünyada, o cümlədən Bolqarıstanda yeni tip koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə bağlı vəziyyəti nəzərə alaraq aksiyanı pandemiyanın qarşısının alınması üçün Bolqarıstanda həyata keçirilən tədbirlərə dəstək çərçivəsində təşkil edib.

Ləvazimatlarla yanaşı, Səfirlik tərəfindən həm Ehtiyatda olan Zabit və Serjantlar İttifaqı, həm də Ruen şəhər bələdiyyəsinə müraciətlər ünvanlanaraq Azərbaycan tarixinin qanlı yaddaşına aid olan 31 mart - azərbaycanlıların soyqırımı günü barədə məlumat verilib. Bildirilib ki, 1918-ci il mart ayının 30-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsinin azərbaycanlılara ilk atəşi açması və hücum etməsi ilə başlayan qanlı hadisələr nəticəsində erməni vandalları insanlıq əleyhinə cinayətlər törədib. Ermənilər Azərbaycanın Bakı ilə yanaşı, Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktı törədib. Bütövlükdə isə 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda qırğınlar kütləvi xarakter alıb, erməni dəstələri 50 mindən çox dinc sakinin həyatına son qoyub. Məktublarda həmçinin Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizının işğal edildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, onların bütün fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...