Eks-deputat Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Milli Məclisin eks-deputatı İlham Əliyev Prezident İlham Əliyevin koronovirusla mübarizədə vətəndaşlara dəstək olmaq çağırışına qoşulub. SİA-nın verdiyi məlumata görə, dünyada (COVID-19) koronovirus infeksiyasının yayılması və bunun ölkəmizə təsiri ilə əlaqədar İlham Əliyev Koronovirusla Mübarizəyə Dəstək Fonduna on min manat köçürüb.

İlham Əliyevin sözlərinə görə Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianələr bir daha onu göstərir ki, fərdi və dövlət sektoru ilə bərabər, bütün vətəndaşlar həmrəydirlər və pandemiya ilə mübarizdə fəal iştirak edirlər: "Hər kəsə məlumdur ki, Azərbaycan koronovirusla mübarizə üçün xüsusi fond yaradan ilk dövlətlərdəndir. Belə fondlar infeksiya ilə effektiv mübarizə və ümumi bəlaya qarşı bütün imkanların konsolidasiyası üçün şərait yaradır. Bu gün tək ölkəmiz deyil, bütün dünya çətin günlər yaşayır. Belə bir durumda həmrəy olmağımız, bir-birimizə dəstək olmağımız çox vacibdir. İnanıram ki, tezliklə bu bəlaya da qalib gələcəyik və adi həyat tərzimizə qayıdacağıq".

Qeyd edək ki, Koronovirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronovirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə