Mərhələli soyqırımı siyasəti

(31 mart soyqırımına ithaf olunur)

“Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız zaman-zaman xalqımıza qarşı yürütdüyü soyqırım siyasəti, törətdiyi qanlı qırğınlar, qətliamlar çox olub. Azərbaycanlılara qarşı yönəldilmiş məqsədyönlü təxribatlar, soyqırımlar taleyimizə həkk olunmuş dəhşətli bir tarixdır. Bu tarixin hər səhifəsində işğal olunmuş torpaqlarımızın, dağıdılmış saysız ev-eşiklərimizin, viran qalmış, talan edilmiş mədəniyyət abidələrinimizin, məscidlərimizin, tarixi abidlərimizin dəhşətli izi görünür.

Xüsusilə XIX-XX yüzilliklərdə Qafqazda azərbaycanlılara qarşı mərhələli şəkildə gərçəkləşdirilən qeyri-insani, etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız əzəli yurd-yuvalarından didərgin salınaraq ağır məşəqqətlərə, kütləvi qırğınlara məruz qalıblar. Tarixi araşdırmalardan məlum olur ki, təkcə XX əsrdə 560-dan çox tarixi-memarlıq abidəmiz, 103 arxeoloji abidə və eksponat, 22 muzey, 4,6 milyon nüsxə kitab, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 Dövlət Teatrı erməni vəhşiliyinin qurbanı olub. İrəvan xanlığında saysız tarixi abidələrimiz, yer-yurdumuz viran qalıb.

Ümumiliklə isə, XIX əsrdə Rusiya ilə İran və Türkiyə arasında gedən müharibələr Azərbaycanı dəhşətli faciələrlə üz-üzə qoyub. Belə ki, Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828 ci il) müqavilələrindən sonra Rusiya hökuməti tərəfidən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılıb. Analoji proses Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda da ruslar tərəfindən təkrarlanıb. İran və Türkiyədən köçürülmüş 120 mindən çox erməninin İrəvan və Qarabağ xanlıqları ərazilərinə yerləşdirilməsi təmin edilib. Bütün bunlar da, əlbəttə, sonrakı dəhşətli faciələrin davamına gətirib çıxarıb. Daha dəqiq desək, 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Zəngəzurda, Naxçıvanda, Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər yerlərində soydaşlarımız erməni və rus siyasətinin nəticəsində kütləvi qırğınlara məruz qalıblar.

Havadarlarına arxalanan ermənilər xüsusilə Rusiyada gedən inqilabi proseslərdən istifadı edərək azərbaycanlıların doğma yurd-yuvalarından qovulmasına nail olublar. Təkcə 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarından 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 azərbaycanlı kəndi ermənilər tərəfindən talan edilib.

Birinci Dünya Müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən ermənilər məharətlə istifadə edərək daha da fəallaşıblar. Onlar 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra qatı milliyatçı Stepan Şaumyanın və onun əlaltılarının rəhbərliyilə istəklərini yenidən reallaşdırmağa başlayıblar. Bu məqsədlə Bakıda və Qafqazın digər bölgələrində müsəlman qırğınlarını törətmək üçün planlar hazırlanırdı. Xristian əhalisi Stepan Şaumyanın və onun əlaltılarının əlilə silahlandırılırdı. Erməni millətçiləri bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin martın 31-də öz mənfur planlarını həyata keçirərək kütləvi qətilər törətdilər. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törətdikləri kütləvi qırğınlarda 50 mindən çox azərbaycanlı öldürüldü, kəndlər yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edildi. Bu qırğında Azərbaycanda yaşayan başqa millətlərin nümayəndələrinə də aman verilmədi.

Tarixi mənbələrə istinadən mart qırğınları zamanı Bakıda erməni terrorçuları tərəfindən on minlərlə müsəlmanın qanı axıdılmışdır. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Beləliklə, 1918-ci ilin mart-aprel aylarında baş vermiş qırğınlar Azərbaycan xalqının tarixinə qara hərflərlə, dəhşətli faciə kimi yazılmışdır.

Düzdür, Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra mart qırğınları məsələsinə diqqət yetirilmiş, bu məqsədlə 1918-ci ilin iyul ayının 15-də Nazirlər Soveti cinayətin tədqiqi və öyrənilməsi komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. 1919-1920-ci illərin 31 mart günləri hüzn günü kimi qeyd edilmişdi. Lakin Azərbaycan Demikratik Respublikası bu məsələyə torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırıma məruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdıra bilmədi və yenə də əsasən ermənilərin, rusların əlilə 1920-ci il aprelin 28-də süquta uğradı.

Sovet hakimiyyəti illərində ermənilər tərəfindən törədilmiş mart soyqırımı və digər bu kimi qətillər ictimaiyyətdən gizlədildi, arxiv materialları məxfi saxlanıldı.

Azərbaycan ikinci dəfə müstəqiliyə qovuşduqdan sonra bu məsələ yenidən gündəmə gətirildi.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı həyata keçirilmiş soyqırımların siyasi baxımdan qiymətləndirilməsi reallaşdırıldı. Bu, Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mrt tarixli fərmanında bütün dolğunluğu ilə öz əksini tapdı. Fərmanda belə deyilir ki, “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşaiyət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrdən yalnız birinə,1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin varisı kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Bu sənəd, əlbəttə uzun illər xalqdan gizlədilən həqiqətlərin üzə çıxmasına, qan yaddaşımızın təzələnməsinə böyük imkanlar açmışdır. Ulu öndər Heydər Əliyevin apardığı hüquq islahatları nəticəsində milli qanunvericilik aktlarına da soyqırımı maddəsi daxil edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, soyqırım dedikdə hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlüklə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini məhv etmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma, qrupun bütövlükdə və ya qismən məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür.

Bu nöqteyi-nəzərdən Ermənistan dövləti zaman-zaman xalqımıza qarşı törətdiyi cinayətlərə görə Azərbaycan dövləti qarşısında çox ciddi məsuliyyət daşıyır.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyəyə qaldırılmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev böyük işlər görür. 31 mart Azərbaycanlıların soyqırımı Günü münasibəti ilə dövlət başçımızın hər il xalqımıza müraciəti hərbi prokrorluğun əməkdaşlarını da vətənpərvər olmağa, sıx milli birliyə, qanunçuluğun keşiyində ayıq-sayıq olmağa səsləyir. Bu qan yaddaşı həmişə azərbaycanlıların yaddaşında qalmalı və xalqımızın Ali Baş Komandanımızın, ölkə başçımızın ətrafında daha da sıx birləşrimləri və onun rəhbərliyilə torpaqlarımızı yağı düşməndə azad etməyə səfərbər etməlidir.

Orxan VƏLİYEV,

Sumqayıt hərbi prokurorunun köməkçisi,

ədliyyə kapitanı

Bütün xəbərlər Facebook səhifəmizdə