Pirallahı rayonunda koronavirusla mübarizə tədbirləri genişlənir - FOTOLAR

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir. SİA-ya Pirallahı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda koronavirusla mübarizə tədbirləri gündən-günə geniş vüsət almaqdadır.

Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə infeksiyaya qarşı tibbi profilaktik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi prosesi davam etdirilir. Rayonun bütün küçə və məhəllələri, park və idman meydançaları, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri və liftləri mütəmadi olaraq xüsusi dərman preparatları ilə yuyularaq dezinfeksiya olunur. Eyni zamanda magistral yol gün ərzində 2 dəfə olmaqla xüsusi ayrılmış maşınlarla yuyularaq dezinfeksiya edilir.

Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əhali arasında mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır. Qeyd edək ki, təbliğat işinin aparılması üçün RİH tərəfindən RİH əməkdaşlarından, bələdiyyə üzvlərindən, yerli icra nümayəndələrindən ibarət8 ədəd operativ qrup yaradılmışdır.

RİH rayon ərazisində məskunlaşan 65 yaşdan yuxarı, tənha olan əhalinin xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq evdən çıxmalarının qarşısının alınması üçün 6 mobil qrup yaratmışdır.

Tənha yaşayan 65 yaşdan yuxarı insanlarla mütəmadi olaraq əlaqə saxlayan qrup üzvləri, onların ehtiyaclarını öyrənir və bu işə cəlb olunmuş könüllülər vasitəsilə ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində müvafiq köməklik göstərirlər.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Pirallahı rayon Polis şöbəsi tərəfindən xüsusi karantin rejimin tətbiqi ilə əlaqədar hər gün 24 saat ərzində post-patrul xidmətinin əməkdaşları tərəfindən avtopatrulda səsgücləndirici vasitəsilə hər 2 saatdan bir əhalinin çölə çıxmaması ilə bağlı xəbərdarlıq edilir. RPŞ tərəfindən bundan sonra xüsusi karantin rejimin tələblərini pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Qeyd edək ki, bundan sonra da xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə polis və təbliğat qruplarından ibarət operativ qruplar vasitəsilə nəzarət qətiyyətlə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə