Hansı hallarda kimlər və necə çölə çıxa biləcək? AÇIQLAMA

Ötən gündən bugün səhərə qədər 3566 nəfər karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib, onlardan 2973-ü Bakı şəhərində, onların da1476-sı isə məhz nəqliyyat vasitələrində hərəkət edən şəxslər olub. SİA-nın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev məlumat verib.

Karantin rejimini pozanlardan 10 nəfərinin həbs olunduğunu deyən şöbə rəisi söyləyib ki, polisin tələblərinə cavab verməyən, eləcə də eyni əməli təkrar törədənlərə qarşı daha ciddi tədbirlər görülərək onlar həbs olunur: “Bu günün özündə də tədbirlər davam etdirilir”.

K.Əliyev qeyd edib ki, ötən gün Nazirlər Kabineti tərəfindən qəbul edilən 124 nömrəli qərara əsasən aprelin 5-də saat 00:00-dan etibarən yalnız müstəsna hallarda insanların çölə çıxmasına icazə verilir: “Bu da yalnız SMS vasitəsilə icazə alındıqdan sonra və o icazə təsdiq edildikdən sonra kiminsə evdən və ya mənzilindən çıxmasına icazə veriləcək. Əks təqdirdə həmin insanlar piyada getsələr və ya nəqliyyatdan istifadə etsələr və onların icazə alamadan hərəkət etdikləri müəyyən edildikdə həmin şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar”.

Qurum rəsmisi söyləyib ki, əgər ötən gün inzibati məsuliyyətə cəlb olunan 3566 nəfərdən biri təkrar eyni xətaya yol verərsə həmin şəxsi inzibati həbs gözləyir: “Yəni həmin şəxs cərimə olunmayacaq, onu həbs gözləyir. Ona görə də hər kəs qaydalara ciddi riayət etməlidir. Nazirlər Kabinetininin qərarında bir neçə halda icazə alınmadan çölə çıxmağa icazə verilir ki, polis və ya məhkəmə tərəfindən həmin şəxsin çağırılması zamanı da əldə sənədin olması mütləqdir. Mütəmadi olaraq tibbi ehtiyacı olan şəxslər var ki missal üçün hemodializ və ya digərləri onlara da müəyyən zaman, yəni iki saat vaxt verilir. Lakin onlar da sms gəldikdən sonra çölə çıxa bilərlər. Qərarda rayon yerindən tibbi ehtiyacı üçün şəhərə gəlmək məcburiyyətində olan şəxslər üçün də yer ayrılıb. Belə ki həmin şəxslər gedəcəyi xəstəxananı göstərməlidirlər ki, həmin şəxslərin yolda olma vaxtına əlavə zaman verilsin. Geri qayıtdıqdan isə həmin şəxslərə xəstəxana tərəfindən arayış verilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə