"Xalqımız dövlətimizlə həmrəy olaraq koronavirusa qalib gələcək" - AÇIQLAMA

“Bu gün bütün dünya pandemiya kimi qəbul olunan koronavirusdan əziyyət çəkir. Təəssüf ki, bu virus bizim ölkəmizdə də yayılıb. Ölkə rəhbərliyi tərəfindən koronavirusla mübarizə üçün ilk olaraq yanvarın 24-də Nazirlər Kabineti yanında Operativ Qərərgah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Həmçinin koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün cənab Prezident tərəfindən 1 milyard manat vəsait ayrılıb. İnsanlarımızın sağlamlığının qorunması cənab prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva üçün hər zaman vacib məsələlərdən biri olub. Məhz buna görə cənab Prezident və Birinci vitse-prezident bir illik əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıblar”. Bunu SİA-ya açıqlamasında Gənclər Mərkəzi ictimai birliyinin icraçı direktoru Kənan Qubadzadə deyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə "Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı"na uyğun olaraq 304 min muzdlu işçinin əmək haqları dövlət tərəfindən ödənilməsi, Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılaraq limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılması və ölkənin çətin zamanlardan keçdiyi bu vaxtda dövlətin vətəndaşlarının rifahına hesablanmış bu cür addımların atılması təqdirəlayiqdir: “Bütün bu qərarlar dövlət başçısı cənab İlham Əliyevin xalqımıza göstərdiyi qayğının bir nümunəsidir. Biz gənclər də çalışacağıq ki, çətin günlərdə ölkə başçısının uzaqgörən siyasətinə dəstək olaq. Könüllü olaraq koronavirusun nə qədər təhlükəli ola biləcəyi ilə bağlı insanlarımız arasında maarifləndirmə işləri aparaq. Dövlət tərəfindən koronavirusla mübarizədə aktiv olan könüllü gənclərimizə məvacib ayrılması da əlbəttə gənclərə və onların zəhmətinə verilən böyük dəyərin göstəricisidir”.

K.Qubadzadə vurğulayıb ki, biz gənclər ordusu olaraq daim Prezidentin yanındayıq və onun uğurlu siyasətini dəstəkləyirik: “İnanıram ki, cənab Prezidentin uzaqgörən və zamanında verdiyi qərarlar sayəsində koronavirus bəlasından tezliklə qurtulacağıq. Bu məsələdə təbii ki, vətəndaşlarımızın da üzərinə böyük məsuliyyət düşür. Bütün vətəndaşlarımıza Operativ Qərərgahın qərarlarına əməl etmələri və şəxsi gigiyena qaydalarına riayət etməkləri çox vacib məsələlərdəndir. İnsanlarımız təkcə özləri üçün deyil, yaxınları və bütün cəmiyyətimiz təhlükəsizliyi üçün evdə qalmalıdırlar. Bu bəladan tez bir zamanda qurtulmağın ən birinci şərti dövlətimiz və cəmiyyətimizin həmrəy olmasıdır. İnanıram ki, xalqımız bu məsələdə də dövlətimizlə həmrəy olaraq bu virusa qalib gələcəkdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə