Azərbaycanlı alimin məqaləsi beynəlxalq indeksli jurnalda dərc edilib

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin "Poliploid üzüm formalarının tədqiqi" adlı məqaləsi ABŞ-da nəşr olunan Cytology və Histology beynəlxalq indeksli jurnalda dərc edilib.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, dünyada ilk dəfə olaraq Varis Quliyev tərəfindən eksperimental üsulla üzümün generativ orqanlarda poliploid təbiətli toxumların alınması, nəticədə yeni genom qurluşuna malik üzüm formalarının əldə olunması metodikası hazırlanıb və beynəlxalq nüfuzlu jurnallarda ingilis və rus dillərində çap edilib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən üzümçülük üzrə seleksiya mərkəzlərində bu metodikadan istifadə olunmaqdadır.

Tədqiqat əsərində də yeni yaradılan müxtəlif poliploid üzüm formalarının genom qurluşu, sitoloji və histoloji xüsusiyyətləri haqqında məlumatlar əksini tapıb.

Naxçıvan Muxtar Respublikasında üzüm genofondunun genetikası və seleksiyası problemləri üzərində otuz ildən artıqdır ki, elmi-tədqiqat işləri aparan alimin sözlərinə görə poliploid formalardan istifadə olunmaqla gələcəkdə genomlu sortlar arasında müxtəlif kombinasiyalı çarpazlaşdırma işlərinin aparılmasına və xəstəliklərə, şaxtalara dözümlü, məhsuldar, yüksək şəkərliliyə malik olan məqsədyönlü yeni sortların alınmasına genetik inkanlar yaradılmış olur. Artıq bu istiqamətdə elmi nailiyyətlər də əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə