DAK Gənclər Təşkilatı vətən uğrunda şəhid olan insanların rəsmi şəkildə dəfn olunmasını təklif edirlər

DAK Gənclər Təşkilatı vətən uğrunda şəhid olan insanların rəsmi şəkildə dəfn olunmasını təklif edirlər
Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı "Şəhidlik zirvəsi" adlı tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli bildirib ki, tədbirin keçirilməsində məqsəd müharibə şəraitində yaşayan vətənimizdə şəhid olan insanların rəsmi şəkildə dəfn olunmasının həyata keçirilməsidir. Şəhidlərin rəsmi şəkildə dəfn olunmasının vacibliyindən danışan S.Həsənli vurğulayıb ki, Azərbaycan torpaqları 20 ildir, işğal altındadır və atəşkəsin imzalanmasına baxmayaraq bu illərdə ölkəmiz şəhid verməkdə davam edir: "Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Gənclərimizin vətənpərvərlik, dövlətçilik ruhunun yüksəlməsi, psixoloji durumun lazımı səviyyədə olması üçün şəhid olan insanlara verilən qiymət çox vacibdir. Veriləcək həmin qiymət, digər gənclərə vətən uğrunda canından keçməyə stimul yaradacaq. Hər bir valideyn onun arxasında dövlətinin olduğunu hiss edəcək".
Daha sonra təşkilatın sədri müxtəlif təkliflər irəli sürüb.

Tədbirin davamında çıxış edən DAK-ın Orta Asiya üzrə təmsilçisi, Qazaxıstan üzrə nümayəndəliyinin rəhbəri Yəhya Əliyev isə ilk öncə Azərbaycan xalqının başına gətirilən tarixi faktlar barədə məlumat verib. O bildirib ki, xalqın başına gələn bəlaların bir çoxu insanların çoxunun tarixi bilməməsindən qaynaqlanır. Daha sonra Y.Əliyev şəhidlərin dəfn mərasiminin dövlət tərəfindən təşkil edilməsi üçün bəzi təkliflər verib: "Adi bir insanın dəfni ilə şəhidin dəfni arasında bir fərq olmalıdır. Azərbaycanın hüquq-mühafizə orqanlarında, Müdafiə Nazirliyində şəhidlərin dəfn mərasimini təşkil edən hərbi müşayiət qrupu yaradılmalıdır. Bundan əlavə, şəhidlərin dəfn olunmasında istifadə etmək üçün standart ölçülü bayraqlar hazırlanmalıdır. Hər bir hərbi hissədə ruhani idarənin əməkdaşı olmalıdır və şəhidin dəfn mərasiminin bütün xərclərini üzərinə götürməlidir. Şəhidin ailəsi borc edib ona ehsan verməməlidir. Biz bütün bu neqativ halların qarşısının alınması üçün təkliflər veririk. Azərbaycan ordusu çox peşəkar ordudur və buna görə də dövlət bu cür halların qarşısını almalıdır".
Y.Əliyev qeyd edib ki, Mübariz İbrahimov nəinki Azərbaycanın, bütün türk dünyasının qəhrəmanı kimi tanınmalıdır.

Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurov da bir sıra təkliflərlə çıxış edib: "Şəhid anasına məzar yerinin pul ilə satılması utandırıcı bir hadisədir. Bu cür hallara son qoyulmalıdır. Şəhidlərin dəfn olunması dövlət tərəfindən, yerli icra orqanları tərəfindən təşkil olunmalıdır".

Tədbirin davamında mövzu ətrafında fikir mübadiləsi aparılıb və müxtəlif təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə