"Bu gün informasiya kirliliyi koronavirusdan da təhlükəlidir" PSİXOLOQ RƏYİ-ÖZƏL

"Bu gün evdə qalan insanların bəzilərinin yaratdığı aqressiyanın səbəbi hazırki dönəmə adaptasiya olmamalarıdır. Məlum məsələdir ki, hər gün durub işə getmək, uşağı məktəbə və ya baxçaya aparmaq kimi şərtləndirilmiş yaşam tərzimizi indiki rejimə uyğunlaşdıra bilmərik. Çünki indiki yaşam tərzimiz şərtlənməmişdir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Könül Abbasova deyib.

O bildirib ki, lakin karantin rejiminin hər birimizə bəxş etdiyi gözəl hiss məsuliyyət hissidir ki, hər kəs buna əməl etməlidir.

Onun sözlərinə görə, nədənsə insanlarda hiperkontrol hissi artıb: "Nədənsə insanlar bir-birilərini deyil də yaranmış vəziyyəti kontrol etməyə çalışırlar. Bunun yaranmasının səbəbi isə sosial şəbəkələrdə məlum olmayan müxtəlif səslərin və informasiyaların olmasıdır".

Mütəxəssis söyləyib ki, bu gün informasiya kirliliyi koronavirusdan da təhlükəlidir: " Ona görə də hər kəsi informasiya pəhrizinə qoşulmağı tövsiyə edirəm. Gün ərzində sosial şəbəkəyə az qoşulmaq, səs yazılarından mümkün qədər az olmaq lazımdır. Çünki bu insanlarda qorxu, psixoloji gərginliyə səbəb ola bilir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə