Həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər birimizin borcudur

Bu gün planetimiz böyük bir fəlakətlə - koronavirusla (COVİD-19) ciddi və çətin mübarizə aparır. Bütün dünya ölkələri, beynəlxalq səhiyyə təşkilatları, Birləşmiş Millətlər Təşkilatı (BMT), habelə ayrı-ayrı dinlərin rəhbərləri bəşəriyyəti bu fəlakətdən qurtarmaq üçün eyni hədəfə vurur, hamını bu qorxulu düşmənlə mübarizəyə səsləyirlər. Ölkələrin əksəriyyəti pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, sərt qaydalar tətbiq etməli olur. Biz də bu dünyanın bir hissəsiyik. Bizim də dövlətimiz və onun başçısı xalqımızı bu bəladan az itkilərlə çıxartmaq üçün zəruri olan bütün mühüm tədbirləri görür, xalqın sağlamlığı barədə düşünür. Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Tibb elmləri doktoru təəssüflə bildirib ki, Azərbaycanda da virusa yoluxma halları var və xəstələrin sayı getdikcə artır. Deputat diqqətə çatdırıb ki, sağlamlıq insan üçün hər zaman birinci yerdədir və hər kəsin sağlamlığı, ilk növbədə, onun özü, ailəsi və yaxınları üçün lazımdır. Amma ən vacibi odur ki, insanın sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün çox əhəmiyyətlidir. Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, bununla da dövlətimizə və həkimlərə dəstək olmaqdır. “Dövlətimizin başçısı vurğulayıb ki, bu gün həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur. Bu böyük bəla ilə mübarizənin effektivliyi, ilk növbədə, həm də fərdi olaraq vətəndaşın özündən asılıdır və həm çox asılıdır”, - deyə R.Mahmudov qeyd edib.

Azərbaycan dövlətinin həkimlərin əməyini yüksək qiymətləndirdiyini diqqətə çatdıran Səhiyyə komitəsi sədrinin müavini deyib: “Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında da dediyi kimi, həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar. Bu gün və sabah xalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən birbaşa asılıdır. Vətəndaşlarımız həkimlərimizə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiz töhfələrinin nəticəsiz qalmayacağına inanırlar”.

Rəşad Mahmudov ölkəmizdə xəstəliklə mübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz davranışından narahat olduğunu bildirib. Diqqətə çatdırıb ki, bəzi vətəndaşlar “mənə heç nə olmaz” fikri ilə rahatca küçələri dolaşır, şəhərə çıxırlar. Bu, yolverilməzdir. Bununla əlaqədar vətəndaşlara səslənən deputat vurğulayıb ki, bu çətin günlərdə insanların bu fəlakətin necə acı nəticələr verə biləcəyini anlamaları çox vacibdir. Bu ağır günlərdə Azərbaycan həkimləri, sözün həqiqi mənasında, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərirlər.

“Xalqımızın sağlamlığı və təhlükəsizliyi həm də biz həkimlərin əməyindən asılıdır”, - deyən tibb elmləri doktoru vətəndaşları həkimlərin tövsiyələrinə qulaq asmağa çağırıb. O qeyd edib: “Ona görə də hər bir vətəndaşımız tövsiyələrə riayət etməlidir. Tövsiyə isə çox sadədir: məsuliyyətli olmaq, evdə qalmaq və məsuliyyəti dərk etmək. Belə bir vaxtda xəstəxanalarımıza, həkimlərimizə əlavə problemlər yaratmamaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə