Mart Soyqırımı xarici mətbuatda: Tək günahları azərbaycanlı olmaq idi! FOTO

"Dispatch News Desk" xəbər agentliyi "Azərbaycanda Mart Soyqırımının 102-ci ildönümünü keçirilir" başlıqlı geniş məqalə yayınlanıb. SİA xəbər verir ki, məqalədə mart soyqırımının dəhşətləri və faciənin miqyası şərh edilib.

Məqələnin giriş hissəsində soyqırımı nəticəsində ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə genosidə uğradığı məlumat verilib:

"Mart Soyqırımı"nda bütün küçələr insan cəsədləri ilə dolu idi. Yollar və küçələr insan qanına bürünmüşdü. Qadınlar və uşaqlar da olmaqla 12 mindən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdi".

Məqalədə bildirilir ki, soyqırımı 30 Mart 1918-ci ildə başlamış və 1918-ci il aprelin 2-nə qədər Bakıda və Zaqafqaziya Demokratik Federativ Respublikasının Bakı Qubernatorluğunun bir neçə ərazisində davam etdirilib.

Eyni zamanda vurğulanıb ki, Bakı, Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan və Lənkəranda erməni silahlı qüvvələri etnik və dini zəmində 12 mindən çox günahsız azərbaycanlını qətlə yetirib:

"Onların yeganə günahı müsəlman və azərbaycanlı olmaq idi. Tarix yaxın zamanın ən pis insan qətllərindən birini planlaşdıran erməni daşnak-bolşevik silahlı qüvvələrinin Bakı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə silahsız mülki əhalinin qətli ilə nəticələnən faciəni heç vaxt unutmayacaq.

Bu soyqırımı zamanı yaşayış məntəqələri dağıdıldı, tarixi abidələr, məscidlər və qəbiristanlıqlar yerlə yeksan edildi. Sovet İttifaqı dövründə bu soyqırımı "xalça altında" gizlədildi ​​və 1918-ci ilin yazında azərbaycanlıların başına gələnlər haqqında həqiqət yalnız Azərbaycan müstəqillik qazandıqda üzə çıxdı. Mərhum Prezident Heydər Əliyev 1998-ci il martın 26-da soyqırımı ilə bağlı Fərman verdi. Həmin vaxtdan etibarən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarının xatirəsinə ehtiram tədbirləri həyata keçirilir".

Eyni zamanda bu faciənin azərbaycanlıların başına gətirilən tək faciə olmadığı qeyd edilib. Məqalədə 19 Yanvar 1990-cı ildə və 26 fevral 1992-ci il Xocalı faciəsində azərbaycanlıların başına gətirilən müsibətlərdən də bəhs edilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə