Zəkiyyə Musayeva: "Müxalifət heç bir zaman Azərbaycan gəncliyini yolundan döndərə bilməz "- MÜSAHİBƏ (SƏS TV)

Zəkiyyə Musayeva: "Müxalifət heç bir zaman Azərbaycan gəncliyini yolundan döndərə bilməz "- MÜSAHİBƏ (SƏS TV)

Yeni Azərbaycan Partiyası Xətai rayon gənclər birliyinin idarə heyətinin üzvü Abbasova Konül, Yeni Azərbaycan Partiyası Suraxanı rayon gənclər birliyinin sədri Musayeva Zəkiyyə, Azərbaycan Pedeqoji Universitetinin tələbəsi Abbasova Rəvanənin SİA-ya müsahibəsi:

- Bu gün Azərbaycan gəncliyi ictimai-siyasi proseslərdə necə iştirak edir?

Könül Abbasova - Mən belə düşünürəm ki, bu gün Azərbaycan gəncliyi ölkəmizdə gedən demokratik proseslərə kifayət qədər qatılır və iştirak edir. Azərbaycanda çox gözəl münbit bir şərait var. İstənilən gəncin öz potensialını, bacarığını göstərməsi, Azərbaycanın quruculuq işlərində, onun inkişafı ilə bağlı proseslərdə iştirak etməsi üçün lazımi şərait yaradılıb. Gənclərimiz də onlara yaradılan şəraitdən istifadə edirlər. Güman edirəm ki, bu gün Azərbaycan gəncliyi ölkədə gedən demokratik proseslərə təsir edə bilir. Çünki istənilən yerdə gənclik böyük qüvvə hesab olunur. Azərbaycan gənci də geniş potensiala malik olan böyük bir qüvvədir. Bu gün Azərbaycan gəncinə yaradılan şəraitdən maksimum dərəcədə yararlanan gənclərimiz var. Onlar istənilən sahədə uğurlar əldə edibər. Gənclər bütövlükdə ölkənin ictimai-siyasi həyatında iştirak etməklə demokratik proseslərə qoşulmuş olur. Bir sözlə Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi proseslərdə iştirakını normal qiymətləndirirəm.

- Dövlətimizin gənclərə yaratdığı geniş imkanlar göz önündədir. Bəs o zaman ölkədəki bəzi gəncləri narazı salan nədir?

Rəvanə Abbasova - Mənə elə gəlir ki, ölkə gəncləri heç nədən narazı olmamalıdır. Çünki hər şey insanın özündən asılıdır. Ölkəmizdə gənclər üçün o qədər gözəl imkanlar var ki, hətta valideynlərim gənc olmaq istədiklərini deyirlər. Onlar gənc olub yenidən bu imkanları görmək istəyirlər ki, vaxtilə göstərə bilmədiklərini indi göstərə bilsinlər. Mən də çalışıram ki, gənclərə göstərilən diqqət və qayğıdan yetərincə istifadə edim.

- Azərbaycan gənclərinin bəzi qüvvələrin təsiri altına düşərək aksiyalar da iştirak etməsi nə dərəcədə təəssüf doğurur?

Zəkiyyə Musayeva - Bu sual bu gün hər bir gənci düşündürən bir sualdır. Ölkəmizdə bu qədər inkişaf getdiyi, hər gələn xarici qonağın dilində Azərbaycanın inkişaf etməsi təsdiqləndiyi halda ölkə gəncliyin içində radikal müxalifət adı ilə təsir altına düşüb mənfi fikirlər yayan gənclərimiz var. Bu hal nəinki gəncləri, hətta yaşlı nəsli də düşündürür. İçimizdə olan bu gəncliyi düzgün yola yönəltmək hər bir gəncin boynuna düşür. Azərbaycanın inkişaf mövqeyini tutaraq onun gələcək inkişafı üçün gənclər maksimum dərəcədə qüvvələrini ortaya qoymalıdır. Lakin buna mənfi təsir göstərən qüvvələri də düz yola çəkmək və onları mənfi təsirlərdən qurtarmaq məsuliyyəti də bizim boynumuzda, çiyinlərimizdədir. Çox təəssüflər olsun ki, Azərbaycan gəncinin içində az da olsa mənfi fikirli gənclərimiz var. Sözsüz ki, onlar da hansısa pərdə altında, radikal müxalifət adı ilə Azərbaycanın inkişafında xaos yaratmağa çalışan müəyyən qurumların təsir altına düşüb. Bu gənclik çox zəif bir gənclikdir. Heç gənclik də demək olmur onlara. Öz düşüncə tərzini, özünü təsdiq etməyən insana necə gənc demək olar? Gənclik Azərbaycanın gələcəyidir. Bu gün Azərbaycanda gedən proseslərə müsbət təsirini göstərən gənclik yetişir. Ümummilli lider Heydər Əliyevin məktəbindən dərs alan və ölkə başçısı İlham Əliyevin ətrafında birləşən gənclik var. Bu gənclik beynəlxalq aləmdə də özünü təsdiq edib və ölkəmizin inkişafında da öz töhfələrini verir. Müəyyən qüvvələrin təsir altına düşən gənclər zəif olduqlarını bəyan etdilər. Çünki radikal müxalif qüvvələrin adı altında küçələrə düşən, öz mövqeyini bilməyən, hansısa təsir altında olub ölkəmizin inkişafını görməyən bu gənclik artıq özlərinin zəif olduqlarını sübut ediblər və bundan sonra düşüncə tərzlərində müsbət yönümdə Azərbaycanın inkişafına dair addımlar atacaqlar. Efir vasitələri ilə müxalif sıralarından olan gənclərin öz biletlərini cırıb, etiraz bildirdiklərini görürük. Bu o deməkdir ki, onlar da artıq bu inkişafı görür. İnanıram ki, təsir altına düşən gəncər bundan sonra düzgün yol tutacaqlar və bu yolda biz onlara kömək etməyə hər zaman hazırıq. Öz düşüncə tərzlərində dəyişiklik etsinlər, Azərbaycanın inkişafı üçün bir addım atsınlar.

- Ölkəmizin gənclər siyasətini diqqət, qayğı təşkil etdiyi halda nəyə görə Əli Kərimlinin, İsa Qəmbərin gənclər siyasəti pozuculuğa yönəlib?

Zəkiyyə Musayeva- Sizin sualınızda bir məqam var. 1990-cı illərdə Əli Kərimli, İsa Qəmbər etdikləri xaosu yenidən canlandırmağa çalışırlar. Onların bu məsələdə məhz gənclərə müraciəti ondan irəli gəlir ki, yaşlı nəsillə heç nə edə bilməyəcəklərini çox gözəl bilirlər. Çünki yaşlı nəsil bu tarixi prosesi keçib. Onların səhv yolda olduğunu, xaos yaratdığını görüblər. Belə olan halda bəzi müxalif qüvvələri gənclər vasitəsilə nəsə əldə edəcəklərini düşünürlər. Lakin onlar düşünmürlər ki, Azərbaycan gəncliyi intellektual bir gənclikdir və heç bir zaman onların yolunu tutmayacaq, ətrafında birləşməyəcək. Onlar düşünürlər ki, Azərbaycan gəncliyini yolundan döndürə biləcəklər. Çox yanlış bir fikirdir. Onlar heç bir zaman Azərbaycan gəncliyini yolundan döndərə bilməzlər. Bu gün Azərbaycan gəncliyinin yalnız bir yolu var o da Azərbaycanın inkişaf yoludur.

- Müxalifətin təsir altına düşən gənclər bununla kifayətlənməyərək erməni gənclərindən dəstək alırlar. Bu sizdə necə təəssürat yaradır?


Könül Abbasova - Bir gənc olaraq şəxsən məndə bu hal çox təəssüf hissi doğurur. Düşünürəm ki, milyonlarla gənc var ki mənimlə həmfikirdir. Çünki bu gün ölkəmizin Ermənistanla müharibə şəraitində yaşadığı, 1 milyondan artıq qaçqın və məcburi-köçkünümüz, 20 faiz torpaqlarımızın işğal olduğu bir dövrdə həmin millətin gəncləri ilə həmfikir olmaq həmin gənclərlə bir səviyyədə durmaq kimi ölçülməlidir. Bu Azərbaycan xalqna qarşı xəyanətdir. Çox təəssüf edirəm ki, ölkəmizdə az da olsa bu cür gənclər var. İstənilən cəmiyyətdə nöqsan, çatışmamazlıqlar var. Lakin onlar o səviyyədə deyil ki, bunu inqilaba çevirəsən. Ölkəmizdə sosial partlayışa heç bir zəmin yoxdur. Ölkəmizdə inkişaf prosesi gedir. İstənilən sahədə gənclər öz bacarıqlarını göstərə bilərlər. Azərbaycanda xaos yaratmağa heç bir səbəb yoxdur. Gənclərimiz öz səhvlərini anlamalıdırlar.


- Yanlış yolda olan gəncləri düz yola çəkmək üçün hansı işlər görürsünüz?

Rəvanə Abbasova- Bəli, bizim həmin gənclərlə söhbətlərimiz olur. Mən çox təəssüf edirəm ki, biz gənclərin arasında zəif psixologiyası, zəif dünya görüşünə malik gənclərimiz var. Biz sosial şəbəkələr vasitəsilə onlarla söhbət edir, ölkədə gedən inkişafı onlara göstəririk. Söhbət zamanı "nədən narazısınız?" sualını verdikdə inanın ki, cavab verə bilmirlər. Bir neçə gündən sonra onlar çox təəssüf edirlər ki, gəncliyə xəyanət ediblər. Belə olan halda onlar öz yollarından geri dönürlər. Təsir altına düşən gənclər psixoloji zəif olduqlarına görə tez təsir altına düşürlər.

- Səhv yolda olan gənclərin düzgün yola gətirilməsi üçün sosial şəbəkələrdən istifadə etmək, ali məktəblərdə tələbələr arasında təbliğat işləri aparmaq məqsədəuyğundurmu?


Zəkiyyə Musayeva- Əlbəttə ki, Azərbaycanda gedən prosesləri dünyada tanıtmaq üçün Azərbaycan gəncliyi ilk növbədə öz intellektual səviyyəsini nümayiş etdirməlidir. Azərbaycanın regionlarında, rayonlarda gedən inkişaf proseslərinin göstərilmısi üçün internetdən istifadə etməlidir. Azərbaycan gənci mənfi fikrilərlə deyil, ölkəmizin inkişafını nümayiş etdirməlidir. Əlbəttə ki, bunun üçün gənclər informasiya kommunikasiya vasitələrindən istifadə etmək bacarığına malik olmalıdır. Biz də öz ətrafımızdakı gənclərin bu sahədə inkişaf etməsinə çalışırıq. Bütün gənclərimiz Azərbaycanın xeyrinə, onun gələcəyi üçün birləşməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə