DSX: Ermənistanın döyüş mövqelərinə qarşı diversiyanın keçirilməsi barədə məlumat həqiqətə uyğun deyil

Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gər-ginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilib, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimiz və kənd yollarında hərəkət edən mülki nəqliyyat vasitələri mütəmadi olaraq iri çaplı silahlardan və snayper tüfənglərindən davamlı surətdə atəşə tutulub.

SİA xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatında daha sonra deyilir:

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə basqın cəhdləri edilib, sərhədçilərin sayıqlığı nəticəsində düş-mən təxribatlarının qarşısı alınıb və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalıb.

Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gərginləşləşməsi barədə Dövlət Sərhəd Xidməti tərəfindən mütəmadi olaraq məlumat verilib, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan DSX-nin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların veriləcəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olunub.

SİA Dövlət Sərhəd Xidmətinə istinadən bildirir ki, dünən Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozaraq bu ölkənin Noyemberyan rayonunun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş mövqelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.

Bununla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, Ermənistan Silahlı Qüvvələrindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düşmənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sərhəd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs rejimini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə