DİQQƏT: Virusdan özünüzü bu cür qidalanaraq qoruya bilərsiz ÖZƏL - AÇIQLAMA

"Bu qaydalara riayət etsək biz sağlam qidalanmış olacağıq. Həm də evdə qaldığımız müddətdə çəki almayacağıq". Bu sözləri SİA-ya açıqlamasında tanınmış dietoloq Tutu Zeynalova evdə qaldığımız müddət ərzində immun sistemimizi də təhlükəyə atmadan necə qidalanmaq lazım olduğundan danışarkən deyib.

Onun sözlərinə görə, əslində bu gün nəzərə alsaq ki, insanlarımızın çoxu kortəbii pəhrizlər edir, internetdən hansı mütəxəssis tərəfindən məsləhət görüldüyü məlum olmayan dietlərdən istifadə edir və ya ümumiyyətlə ac qalaraq arıqlamağa çalışırlar, bu cür pəhriz saxlamaq qəti şəkildə məsləhət görülmür:

"Əslində, kəskin kalori itkisi yaratdığımız zaman bu həm orqan sistəmlərinə, həm də immun sisteminə mənfi təsir göstərir. Lakin bu o demək deyil ki, pəhriz saxlamırsınızsa gün ərzində şirniyyat, şəkərli içkilər və "fast food"lardan istifadə etməlisiniz. Bu da arzu olunan deyil. Çünki, şəkərli qidalar da bizim immun sistemimizə mənfi təsir göstərir. Buna görə də evdə qaldığımız müddət ərzində sağlam qidalanmağa çalışmalıyıq. Yəni, protein qaynağı olan yumurta, ət və balıq məhsullarından, həftədə iki dəfə paxlalılardan, söhbət lobya, mərcimək və s. məhsullardan gedir, mütləq şəkildə bol meyvə-tərəvəzdən istifdə etməliyik. "C" vitamini qaynağı olan kivi və portağaldan günə hərəsindən bir ədəd olmaqla istifadə etməliyik. Başqa meyvələrdən də istifadə etmək olar.

Bol göyərti məhsullarından, kükürdlü qidalardan, kələm, prokli, kərəviz və s. məhsullardan istifadə edə bilərik hansı ki, onlarda antioksidan çox olduğu üçün bizim immun sistemimizə müsbət təsir edir. Hər gün 3-6 porsiya meyvə və tərəvəz yemək mütləqdir. Rəng çeşidinə də diqqət etmək lazımdır. Çünki, meyvə və tərəvəzlərdə rəng çeşidi nə qədər çoxdursa, onlar immun sistemimizə bir o qədər də faydalıdır.

Qarnir olaraq qreçka, bulqur, düyü, kartofdan istifadə edə bilərik. Süd məhsullarından kefir, qatıq və s. istifadə edə bilərik. Çünki, bizim immun sistemimizin 80 faizi bağırsaqlardadır. Bağırsaqlarımızda faydalı bakteriyaların sayının artması bizim immun sistemmizə müsbət təsir göstərir".

Bu qaydalara mütləq şəkildə riayət etməyi, kəskin kalori itkisi yaratmadan, mütəxəssis rəyi olmadan pəhriz saxlamamağı məsləhət görən dietoloq, evdə qaldığımız müddət ərzində bol-bol su, bitki çayı içməyi tövsiyyə edib:

"Bitki çaylarından cökə çayı, ihlamur, ilisa çayı, ada çayını misal gətirə bilərik, hansı ki, bu çaylar yuxarı tənəffüs yolları infeksiyalarının qarşısını alır və immun sisteminə də müsbət göstərir. Yeməklərimizdə bol-bol ədviyyatlardan istifadə edin. Antioksidan dəyəri yüksək olduğu üçün sumaq və sarıkökdən istifadə edə bilərsiniz. Bu qaydalara riayət etsək biz həm sağlam qidalanmış, həm də kəskin dietlərlə immun sistemimizi təhlükə altına atmamış olacağıq. Həm də evdə qaldığımız müddətdə çəki almayacağıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...