"Biz birlikdə güclüyük!" - İLHAM ƏLİYEV - VİDEO

Alov Qüllələrində Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" fikri, "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olunub.

Prezident bu gün “Yeni klinika”nın açılışındakı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibətin əks olunacağını bildirmişdi.

Biz birlikdə güclüyük!

Dövlətimizin başçısının bu fikri Azərbaycan xalqının həmrəyliyini, birliyini, ölkədə xalq-iqtidar birliyini təcəssüm etdirir. Bu fikirlər bir daha təsdiqləyir ki, Azərbaycanın bu günədək əldə etdiyi bütün uğurların əsasında milli həmrəylik, milli birlik, xalq-iqtidar birliyi amili dayanıb. Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan verib.

Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir. Məhz Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyət nəzarət altında saxlanılır. Ötən müddətdə koronavirusla mübarizə sahəsində çox önəmli addımlar atılıb. Görülən işlər, qəbul edilmiş qərarlar bir məqsəd güdür: az itkilərlə sınaqdan çıxmaq və maksimum dərəcədə vətəndaşlarımızı qorumaq.

Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır. Qərarlar qəbul olunarkən həm xəstələr, həm sahibkarlar, həm də işləyən insanlar nəzərə alınır. Azərbaycan dövləti həm xəstələrə, həm də iş adamlarına sahib çıxıb.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manat məbləğində vəsaitin yığılması Azərbaycan xalqının böyüklüyünü və ən ağır dövrdə də birləşə bildiyini göstərir. Ən əsası odur ki, “Biz birlikdə güclüyük!” şüarı koronavirus pandemiyası başa çatandan sonra da qüvvədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə