Ümumdünya ətraf mühit günü ilə əlaqədar olaraq jurnalistlər arasında müsabiqə elan edilib-YENİLƏNİB

Ümumdünya ətraf mühit günü ilə əlaqədar olaraq jurnalistlər arasında müsabiqə elan edilib-YENİLƏNİB
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun-Ümumdünya ətraf mühit günü ilə əlaqədar olaraq jurnalistlər arasında müsabiqə elan edir. SİA-nın xəbərinə görə, bu gün nazirlikdə "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" birgə layihəsi üzrə aparılacaq müsabiqənin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, mətbuat orqanlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən nazir bildirib ki, müsabiqənin təşkil edilməsində məqsəd ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunmasının təbliği və əhalinin məlumatlandırılmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliynin 10 ilə yaxındır ki, fəaliyyət göstərdiyini deyən nazir vurğulayıb ki, bu dövr ərzində qarşıya qoyulan bir çox məqsədlərə nail olunub: "Cəmiyyətdəki insanların hər birinin ekologiyaya təsirindən, münasibətindən çox şey asılıdır. Ölkədə ekoloji problemlərin 70%-nə qədəri vətəndaşların həyat tərzi, gündəlik fəaliyyəti, ənənələri və digər məsələləri ilə bağlıdır. Buna görə də ictimaiyyətlə qarşılıqlı fikir mübadiləsinin aparılmasınada jurnalistlərin mühüm rolu var. Artıq insanlar özlərinə sual verməyi bacarmalıdır ki, "Mən ekologiyanın qorunması üçün nə edə bilirəm?" biz çox istərdik ki, bu müsabiqə insanlar üçün təkan rolunu oynasın. Ötən il də belə bir müsabiqə təşkil olunub və bundan sonra hansısa nəticələr əldə olundu. İnanırıq ki, bu müsabiqədən də sonra ekoloji mühitin, təbiətin qorunması istiqamətində müəyyən irəliləyişlər əldə edəcəyik".



Fondun icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, bu gün ətraf mühiti qorumaq bizlərin hər birini narahat edir və onu qorumaq hər kəsin borcudur. Onun sözlərinə görə, ötən il də bu mövzuda müsabiqə keçirilib və nəticədə 37 jurnalist qalib olub.

"Bu il isə müsabiqə 15 mövzu olmaqla 5 istiqamət-ekoloji təhlükəsizliyin təminatı, "Yaşıl" texnologiyanın tətbiqi, mövcud ekoloji problemlər, meşələrin artırılması və mühafizəsi, biomüxtəliflik üzrə keçirilir və hər istiqamət üzrə 3 mövzu təklif olunur. Yekun nəticədə isə 15 qalibin olması nəzərdə tutulur. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndiriləcək ki, bunların da 2-si jurnalist təşkilatnın üzvü, 1-i isə ekologiya mütəxəssisi olacaq. Müsabiqədə ən azı 1 il müddətində fasiləsiz işləyən jurnalistlər iştirak edə bilər. Yazılar, telesujetlər 15 aprel -27 may tarixinədək rəsmi iş günləri saat 10:00 -17:00-dək fonda şəxsən təqdim olunmalıdır. Hər istiqamət üzrə müsabiqənin qalibləri üçün birinci yerə 1000 manat, ikinci yerə 800 manat 3 yerə 500 manat, 10 nəfərə isə həvəsləndirici mükafat-300 manat müəyyən edilib. Qaliblər həmçinin müvafiq diplomlarla təltif olunacaqlar".

Tədbirin davamında çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov son 30-40 ildə ekoloji tarazlığın pozulduğunu söyləyib. Bütün bu problemlərin mətbuatda kifayət qədər işıqlandırıldığını deyən Ə.Amaşov qeyd edib ki, artıq son illər ekoloji jurnalistika yaranıb. Bundan əlavə, şura sədri bir sıra təkliflərlə çıxış edib: "Mən təklif edərdim ki, yaxın vaxtlarda ölkədə "Azərbaycan jurnalistikası və ekoloji problemlər" adlı elmi-praktik konfrans keçirilsin. Həmçinin ekoloji mövzuda yazılan yazıların tendensiyası, ekoloji problemlərin mətbuatda işıqlandırılmasının necə yerinə yetirilməsi, bunun öhdəsində lazımi səviyyədə gələ bilməsi müəyyən olunsun. Azərbaycanda ali məktəblərin jurnalistika fakultələrində ekologiya dərsləri keçilmir. Yaxşı olardı ki, bu fakultədə jurnalistlər üçün ekologiyadan dərslər keçirilsin. Ekologiya mövzusunda yazan mətbuat orqanları müəyyən edilsin, onların reytinqi hazırlansın".

Daha sonra isə KİV rəhbərləri bu mövzuda bir sıra təkliflərlə çıxış ediblər. "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev nazirliklə mətbuat orqanlarının sıx əməkdaşlığının təqdirəlayiq olduğunu bildirərək ekoloji problemlərə qarşı və şəhərin təmizliyini qorumaq məqsədilə birgə aksiyalar təşkil etməyi zəruri hesab edib. O bildirib ki, belə aksiyaların təşkil edilməsi problemlərin kütləviləşməsinə, ekoloji mədəniyyətin formalaşmasına öz töhfəsini verə bilər. "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə həmkarları Bəhruz Quliyevin təklifi ilə tam razı olduqlarını bildiriblər və bu istiqamətdə sosial roliklərin hazırlanmasını vacib hesab ediblər.

Tədbirin davamında müsabiqə və ekoloji problemlərin qarşısının alınması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə