Gürcüstandakı soydaşlarımızla polis arasındakı konfliktlə bağlı RƏSMİ - AÇIQLAMA

Gürcüstanda karantin rejimi ilə əlaqədar ölkədə yaşayan sordaşlarımızla polis arasında müəyyən konfliktlərin yaranması ilə bağlı məlumatlara Azərbaycanın Gürcüstandakı Səfirliyindən aydınlıq gətirilib. Səfirlikdən verilən məlumatda bildirilir ki, COVID-19 pandemiyası və bununla bağlı bütün suallar mərkəzləşdirilmiş şəkildə Azərbaycan Respublikası Xarici İşlər Naziliyi tərəfindən cavablandırılır.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azərbaycan Respublikası Xarci İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məsələyə belə aydınlıq gətirib: "Gürcüstanda Azərbaycan əsilli soydaşlarımızın kompakt şəkildə yaşadığı iki bölgə karantinə götürülüb. Burada söhbət Marneuli və Bolnisidən gedir. Gürcüstan tərəfindən Marneuli və Bolnisi rayonları ərazisində sərt karantin rejimi müəyyən olunub. Həmin ərazilərdə koronavirusun yayıldığı müşahidə olunub. Yayılmanın qarşısının alınması üçün isə sərt karantin rejimi elan olunub. 23 mart tarixindən etibarən tətbiq olunan bu rejimə riayət olunmasını təmin etmək Daxili İşlər Nazirliyi orqanlarına həvalə olunub. Necə ki, Azərbaycanda karantin rejimi ilə əlaqədar vəziyyəti izləmələri üçün Daxili İşlər Nazirliyinə xüsusi səlahiyyətlər verilib, Gürcüstanda da fövqəladə hal qaydalarına riayət olunması üçün Daxili İşlər Nazirliyi orqanlarına tapşırıqlar verilib.

Sakinlərə həmin bölgələrdən çıxmağa icazə verilmir. Bu da karantin qaydalarıdır. Görünür, həmin daxili orqanların nümayəndələri karantin rejiminə riayət olunmasını tələb etdikləri səbəbindən Azərbaycan əsilli Gürcüstan vətəndaşları ilə bu əsnada hər hansı bir konflikt yaşamış ola bilərlər. Bildiyimiz odur ki, hər iki bölgədə sərt karantin rejimi mövcuddur və buna da daxili orqanlar nəzarət edir".

Karantin rejimi ilə əlaqədar qaydalara riayət olunmasının vacibliyini vurğulayan Leyla Abdullayeva əlavə edib ki, hər bir vətəndaş öz təhlükəsizliyini təmin etmək üçün bu qaydalara riayət etməlidir: "Hazırda bu virus təhlükəsi bütün dünyanı bürüyüb. Hər kəs istədiyi kimi hərəkət etsə, karantin qaydalarına riayət etməsə, biz virusun yoluxmasının qarşısını necə ala bilərik? Azərbaycanda da virusla mübarizə fonunda təbliğat aparılır. İndiki halda biz özümüz də həmin vətəndaşlara müraciət edib deməliyik ki, evlərinizdən kənara çıxmayın, tövsiyyə olunan ümumi qaydalarına riayət edin. Dövlət sırf sizin təhlükəsizliyinizi təmin etmək üçün bu qaydaları müəyyən edib".

Azərbaycanın Gürcüstandakı Səfirliyindən bizə verilən məlumata əsasən Gürcüstanda səfərdə olan azərbaycanlıların mümkün müraciətlərinin oprativ şəkildə cavablandırılması məqsədilə "Qaynar xətt" yaradılıb. Buradan bütün müraciətlər cavablandırıla bilər. Əlaqə nömrəsi: +995 577 06 50 50.

Qeyd edək ki, Gürcüstanda mövcud karantin rejimi ilə əlaqədar soydaşlarımızda zaman-zaman polisə qarşı etiraz əlamətlərinin göründüyü məlumat verilib. Bu da xüsusilə karantin qaydalarından yayınma ilə müşahidə olunub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...