Ümumdünya ətraf mühit günü ilə əlaqədar olaraq jurnalistlər arasında müsabiqə elan edilib

Ümumdünya ətraf mühit günü ilə əlaqədar olaraq jurnalistlər arasında müsabiqə elan edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun-Ümumdünya ətraf mühit günü ilə əlaqədar olaraq jurnalistlər arasında müsabiqə elan edir. SİA-nın xəbərinə görə, bu gün nazirlikdə müsabiqənin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, mətbuat orqanlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən nazir bildirib ki, müsabiqənin təşkil edilməsində məqsəd ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunmasının təbliği və əhalinin məlumatlandırılmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 ilə yaxındır ki, fəaliyyət göstərdiyini deyən nazir vurğulayıb ki, bu dövr ərzində qarşıya qoyulan bir çox məqsədlərə nail olunub: "Cəmiyyətdəki insanların hər birinin ekologiyaya təsirindən, münasibətindən çox şey asılıdır. Ölkədə ekoloji problemlərin 70%-nə qədəri vətəndaşların həyat tərzi, gündəlik fəaliyyəti, ənənələri və digər məsələləri ilə bağlıdır.

Fondun icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, müsabiqə 15 mövzu olmaqla 5 istiqamət üzrə keçirilir və hər istiqamət üzrə 3 mövzu təklif olunur. Onun sözlərinə görə, müsabiqədə ən azı 1 il müddətində fasiləsiz işləyən jurnalistlər iştirak edə bilər.

"Yazılar, telesujetlər 15 aprel -27 may tarixinədək rəsmi iş günləri saat 10:00 -17:00- dək fonda şəxsən təqdim olunmalıdır. Hər istiqamət üzrə müsabiqənin qalibləri üçün birinci yerə 1000 manat, ikinci yerə 800 manat, 3 yerə 500 manat, 10 nəfərə isə həvəsləndirici mükafat-300 manat müəyyən edilib. Qaliblər həmçinin müvafiq diplomlarla təltif olunacaqlar".

Tədbirin davamında müsabiqə və ekoloji problemlərin qarşısının alınması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə