Əhaliyə dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır RƏSMİ - AÇIQLAMA

Əhaliyə dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır RƏSMİ - AÇIQLAMA

"Koronavirus pandemiyasının mənfi təsirindən zərər çəkən həssas sektorların müəyyən edilməsi, onlara müvafiq dövlət dəstəyinin göstərilməsi üçün proqramlar hazırlanır". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov ölkədə koronavirusla əlaqədar elan edilən xüsusi rejimlə əlaqədar iş fəaliyyəti məhdudlaşdırılan və ya əmək fəaliyyəti tamamilə dayandırılan şəxslərə dövlət tərəfindən sosial dəstəyin hansı formada ediləcəyi ilə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasına xidmət edir:

"Bu məqsədlə Sərəncama əsasən 1 (bir) milyard manat vəsait ayrılıb. Pandemiyanın biznes mühitinə fəsadlarının azaldılması, zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin göstərilməsi nəzərdə tutulmaqla, muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi də əsas prioritetlərdəndir. Koronavirus pandemiyasının mənfi təsirindən zərər çəkən həssas sektorların müəyyən edilməsi, onlara müvafiq dövlət dəstəyinin göstərilməsi üçün proqramlar hazırlanır. Bu barədə əlavə məlumatlar veriləcəkdir".

Sərəncamla dörd istiqamət üzrə İşçi Qrup yaradıldığını vurğulayan şöbə müdiri əalvə edib ki, onlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə yaradılan İşçi Qrupdur:

"Həmin İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi, bu Sərəncamda qeyd olunan problemlərlə əlaqədar ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması işlərini aparır. Azərbaycan dövləti daim öz vətəndaşının yanında olub və ötən dövrə nəzər salsaq görərik ki, vətəndaş rifahının təminatına yönələn ardıcıl addımlar atılıb, sosial proqramların əhatə dairəsi ildən-ilə genişlənir. Təkcə ötən il sosial islahatlar paketi nəticəsində 4,2 milyon vətəndaşın gəlirlərini ciddi şəkildə artımı təmin olunub. Təbii ki, pandemiyanın mənfi təsirlərinin aradan qaldırılmasında da dövlət öz vətəndaşının yanındadır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə