Sürücülər qoruyucu maska və əlcəklərdən istifadə edirmi? ÖZƏL - AÇIQLAMA
"Sürücülərə qoruyucu maska və əlcəklərdən istifadə etmələri ilə əlaqədar tövsiyyələr edilib, lakin bu tapşırıq kimi verilməyib". Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev hazırda koronavirusla mübarizə ilə əlaqədar avtobus sürücülərinin qoruyucu maska və əlcəklərdən istifadəsi məsələsindən danışarkən deyib.
Qoruyucu maska və əlcək geyinməyin məcburi xarakter daşımadığını, yəni, bunun bir tapşırıq olmadığını vurğulayan Mais Ağayev məsələ ilə bağlı sürücülərə tövsiyyələrin edildiyini bildirib:
"Bununla bağlı sürücülərimizə tövsiyyələr edilib. Yəni, qoruyucu maska və əlcəklərdən istifadə etmələri haqqında. Demək olar ki, əksəriyyəti qoruyucu maskalardan istifadə edir. Lakin bu sadəcə tövsiyyə xarakteri daşıyır, tapşırıq deyil".
Bununla bağlı məcburiyyətin və ya qəti tapşırıq verilməməsinin səbəbi ilə bağlı isə Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri belə bir açıqlama verib:
"Daşıyıcılara qoruyucu maska və əlcək taxılması tövsiyyə edilib, bu tapşırıq kimi verilməyib. Müşahidələrimizə əsasən əksəriyyəti də qoruyucu maska taxır. Lakin, dövlət səviyyəsində də, hökumət səviyyəsində də hər dəfə elan edirik ki, maska bizi xəstəlikdən qorumur. Qoruyucu maskanı xəstə adam taxmalıdır ki, digərlərini də yoluxdurmasın".
Belə ki, Bakıda "BakıKART" prinsipi ilə fəaliyyət göstərməyən, kartdan istifadə edilməyən marşrut xətləri də mövcuddur. Hansı ki, burada əldən-ələ sərnişindən qəpik və kağız pul alınıb-verilir. Yəni, sərnişin sürücü ilə davamlı şəkildə təmas halındadır. Bu sürücülərlə bağlı danışarkən isə Mais Ağayev belə cavab verib:
"Həmin sürücülərin də əksəriyyəti hazırda qoruyucu maskadan istifadə edir. 90 faizi demək olar ki, bunu edir".
Müşahidələrimizə əsasən sürücülərin bir qismi bu tövsiyyələrə riayət edərkən, digər bir qismi bu tövsiyyələrə riayət etmir. İstənilən halda özünüzün və ətrafınızdakı insanların sağlamlığı üçün qoruyucu maska və əlcəkdən istifadə etməyiniz tövsiyyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB