Əhali hökümətin bu addımlarını ciddi qarşılayır - AÇIQLAMA

Əhali hökümətin bu addımlarını ciddi qarşılayır - AÇIQLAMA

“Koronavirusla bağlı mübarizə Azərbaycanda kifayət qədər ciddi qarşılanıb. Prezidentin təşəbbüsü ilə həyata keçirilən tədbirlər fonunda ölkədə virusun yayılmasının qarşısı alınması üçün bir sıra işlər görülür. Həmçinin Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın, Koronavirusa qarşı Mübarizə Fondunun yaradılması atılan ən ciddi adımlardandır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O söyləyib ki, yaradılan fonda 1 milyard manat büdcənin ayrılması, cənab Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban Əliyevanın birillik əməkhaqqlarını bu fonda ianə etməsi, dövlət və özəl qurumların, bir çox hüquqi və fiziki şəxslərin də həmçinin fonda ianələr etməsi həmin fondun maliyyə ehtiyatlarının artmasına gətirib çıxarıb: “Eyni zamanda cəmiyyət bu məsələ ilə əlaqədar siyasi həmrəyliyin yüksək səviyyədə olduğunu göstərib. Əhali hökümətin koronavirusla mübarizədə atdığı addımları ciddi qarşılayır, onunla razılaşır və qoyulan qadağalara əsasən riayət edir. 65 yaşdan yuxarı insanların evdən çıxmaması, evdə qal kampaniyasına riayət edilməsi, evdən çıxmaq zərurəti yarandıqda bütün qoruyucu qaydalara əməl edilməsi kimi göstərişlərin verilməsi ölkədə bu bəla ilə bağlı aparılan tədbirlər içərisində bəsit, lakin ən vacibləridir”.

Politoloq bildirib ki, ölkədə koronavirusla bağlı 20 dən çox xəstəxana ayrılıb və onlar süni oksigen cihazları ilə təchiz edilib: “Cənub bölgəsində və sərhəd ərazilərdə karantin bölgələrinin yaradılıb və buralarda ixtisaslaşdırılmış həkim briqadaları fəaliyyət göstərir. Görülən tədbirlər nəticəsində xəstəliyin Azərbaycanda geniş yayılması faktları qeydə alınmayıb. Bütövlükdə koronavirusla bağlı mübarizə ölkənin bir nömrəli gündəminə çevrilib”.

Q.Hüseynli vurğulayıb ki, insanlar dövlətinə, onun verdiyi qərarlara inanır: “Kütləvi İnformasiya Vasitələri də həmçinin insanları ölkədə baş verənlərlə bağlı məlumatlandırır və virusdan qorunmaqları üçün hansı qabaqlayıcı tədbirlər görmələri barəsində güclü maarifləndirmə işləri aparırlar. Düşünürəm ki, əhali də dövlətin apardığı siyasətə tam dəstək verməli və bu məsələdə vətəndaş-dövlət həmrəyliyi göstərərək koronavirsun öhdəsindən gəlinməsində cəmiyyət də öz dəstəyini tam şəkildə verməlidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə