Azərbaycan xalqı mübarizəyə hazırdır - AÇIQLAMA

"Koronavirus bütün dünyanı cənginə almış bir bəladır. Bu bəladan qorunmaq istiqamətində dünya ölkələri müxtəlif addımlar atır. Azərbaycanda da ölkə Prezidenti İlham Əliyevin tapşırıq və rəhbərliyi altında koronavirus pandemiyasına qarşı ciddi mübarizə tədbirləri dövlət səviyyəsində həyata keçirilir. Vaxtında qabaqlayıcı tədbirlərin görülməsi pandemiyanın Azərbaycana geniş ayaq açmasının qarşısını alıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, bildirib ki, ölkə Başçısı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bu məqamlara geniş toxunub: "Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün bu məsələ ilə əlaqədar toplanır və lazımı qərarlar qəbul edilir. Bu qəbul edilən qərarlara bütün ictimaiyyət özünün və ümumilikdə bütün cəmiyyətin sağlamlığının qorunması üçün birmənalı şəkildə əməl etməlidir. Hər bir insan fərdi şəkildə bu qaydalara əməl edərək özünü qorumaqla dövləti və ictimaiyyəti də qorumuş olur".

Deputat qeyd edib ki, cənab Prezidentin 19 mart tarixli sərəncamı ilə yaradılmış Koronavirusa qarşı Mübarizə Fondunun yaradılması, başqa bir sərəncamı ilə bu fonda dövlət büdcəsindən 20 milyon manat pul ayrılması, ilkin olaraq öz birillik əməkhaqqını fonda ianə etməsi və daha sonra Vitse-prezident Mehriban Əliyevanın öz birillik əməkhaqqını bu fonda ianə etməsi Azərbaycan cəmiyyəti üçün vətənpərlik nümunəsi olmaqla yanaşı, ölkənin qarşılaşdığı çətin məqamlarda həmrəylik nümayiş etdirmək istiqamətində də mühim addım olub: "Koronavirusa qarşı Mübarizə Fondunun yaradılması ilə Azərbaycan bir çox ölkələrə də örnək olub. Azərbaycan indiyə qədər bir çox ilklərə imza atıb. Azərbaycan ASAN Xidmət, DOST kimi layihələri ilk olaraq həyata keçirib. Digər ölkələr də bizim bu istiqamətdə təcrübələrimizi öyrənir və öz ölkələrində bunu tətbiq edərək səmərli nəticələr əldə edirlər".

A.Badamov vurğulayıb ki, bütün bunlardan bir nəticə çıxarmaq olar ki, ölkə başçısı İlham Əliyev öz uzaqgörən siyasəti ilə vaxtında və çevik qərarlar qəbul edir: "Qəbul edilən qərarlar isə Azərbaycan vətəndaşının rifahına hesablanır. Hüquqi və fiziki şəxslər tərəfindən Koronavirusa qarşı Mübarizə Fonduna edilən ianələr Azərbaycanın qədirbilən xalq olduğunu və hər zaman çətin vaxtlarda birləşərək bir yumruq olmağı bacaran xalq olduğunu bir daha sübut edib. Bu fondun yaradılması və bu fonda verilən dəstək onu göstərir ki, Azərbaycan xalqı həmrəydir və qarşılaşacağı bütün çətin vəziyyətlərdə xalq da dövlətlə birlikdə mübarizəyə hazırdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə