Yol polisi: Karantin rejimini pozan sürücü və sərnişinlər məsuliyyətə cəlb ediləcəklər

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

SİA İdarəyə istinadən bildirir ki, ölkədə karantin rejimi elan olunmasının ikinci günü olmasına baxmayaraq, təəssüflər olsun ki, respublikanın avtomobil yollarında, xüsusilə də cənub istiqamətində nəqliyyatın hərəkət intensivliyinin hələ də yüksək olması, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan şəxslərin idarə etdiyi 2000-dək, rayonlardan isə paytaxt istiqamətinə gələn 1200-dək minik avtomobilinin geri qaytarılması faktı bəzi vətəndaşların tətbiq edilmiş karantin rejiminin ciddiliyini nəzər almamalarını göstərir.

Həmin sürücü və sərnişinlərlə profilaktiki söhbət aparılsa da, geri qaytarılmış şəxslər postlardan təkrar keçməyə cəhd göstərir, əsassız bəhanələr gətirməklə postlarda sıxlıq yaranmasına səbəb olur, keçidinə icazə verilmiş digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırlar. Həmçinin, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən infeksiyanın yayılma ehtimalının minimuma endirilməsi məqsədilə ölkə vətəndaşlarının qeydiyyat yerindən asılı olmayaraq evdə qalmaları tövsiyə olunsa da Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatı olmayan şəxslərin uzun məsafə qət edərək həmin ərazilərə daxil olmaq niyyəti ilə paytaxt istiqamətinə gəlmələri, habelə həmin rayon və şəhər sakinlərinin də rayonlara getmək istəyi yalnız onların özlərinin və sərnişinlərinin əziyyət çəkməsi, lüzumsuz vəsait xərclənməsi və geriyə qayıtmaq məcburiyyətində qalmaları ilə nəticələnir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarından xahiş edir ki, istər paytaxt, istərsə də rayon istiqamətinə getmək istəyən şəxslər qəbul olunmuş qaydalara riayət etsinlər. Əks təqdirdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə