Xəzər rayonunda koronavirusla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir - FOTOLAR
Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən RİH-də xüsusi Qərərgah yaradılaraq, öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın Qərar və təlimatlarına uyğun olaraq qurmuşdur.
Görülən tədbirlər çərçivəsində, RİH-də fəaliyyət göstərən qərərgahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün (012) 454 24 77 nömrəli “Qaynar xətt” yaradılaraq, “Qaynar xətt” in nömrəsi RİH-nin rəsmi saytında və “facebook” səhifəsində yerləşdirilmişdir. Vətəndaşlar heç bir probelm olmadan həmin elektron vasitələr və telefon rabitəsi ilə əlaqə saxlaya bilirlər.
Xəzər rayonunda kütləvi dezinfeksiya işləri ilə bağlı təxirəsalınmaz tədbirlər də davam etdirilir.
Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, uşaq bağçalarında, idman və mədəniyyət obyektlərində, marşrut avtobuslarında və dayanacaqlarda, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, zirzəmilərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılmış və bu proses gündəlik davam etdirilir.
Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun küçə və prospektlərində xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır.
Paralel olaraq, görülən tədbirlər çərçivəsində, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.
Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və digər iaşə müəssələrinə baxışlar keçirilərək, orada təşkil olunmuş təhlükəsizlik tədbirləri ilə maraqlanılır və həmin obyektlərə koronavirus (COVİD-19) infeksiyasından qorunmağın qaydaları barədə hazırlanmış çap materialları paylanılır. Bundan əlavə, digər maarifləndirici materiallar hazırlanaraq, rayon ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına və istirahət parklarına vurulur.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ölkədə koronavirus infeksiyası ilə bağlı infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi rejimin qaydalarına əməl edilir və rayon ərazisində icrası tam olaraq nəzarətdə saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə