"Prezidentin rəhbərliyi ilə koronavirusla bağlı görülən işlər təqdirəlayiqdir" - AÇIQLAMA

"Prezidentin rəhbərliyi ilə koronavirusla bağlı görülən işlər təqdirəlayiqdir" - AÇIQLAMA

“Karantin rejimin tətbiq edilməsi Azərbaycan üçün çox lazımı bir addım idi. Çünki bizim xalq bir qədər sağlamlığına laqeyid yanaşır. Cənab Prezident məhz buna görə bu cür addım atmağa məcbur olub. Bu qərarı Nazrilər Kabineti yanında Operativ Qərargah qəbul edib, lakin ideya birbaşa cənab Prezidentin çıxışında da qeyd olunub ki, Azərbaycan insanı dövlət üçün önəmli və qiymətlidir. Çünki insan kapitalından yüksək bir şey yoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O söyləyib ki, Prezident İlham Əliyev öz iradəsini ortaya qoyaraq bu cür addımı atıb: “65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasına məhdudiyyətlər ona görə qoyulub ki, həmin vətəndaşlar risk qrupundadır və həmin yaşda olan insanlarda müxtəlif xəstəliklərin buketi olduğuna görə, onların koronavirusa yoluxması daha asandır. Eyni zamanda onların müalicəsi də ciddi problemlər yaradır. Ona görə də bu addımın atılması çox önəmli idi. Xüsusən xarici internet kanallarında Azərbaycanı müəyyən mənada tənqidlər edirlər, Azərbaycanın koronavirusa hazırlıqsız yaxalanması ilə bağlı fikirlər söyləyirlər, lakin bunlar hamısı içi boş tənqidlərdir”.

Politoloq bildirib ki, Azərbaycan bu məsələdə kifayət qədər mühim addımlar atıb: “İstər qonşularla müqayisədə, istər Avropanın aparıcı dövlətləri ilə müqayisədə Azərbaycan koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır. Məsələ ilə bağlı həm Operativ Qərargah, həm də müvafiq nazirliklər çox mühim addımlar atırlar. Bundan başqa prezident İlham Əliyevin bununla bağlı 4 fərmanı var. Həmin fərmanlar bilavasitə sahibkarların, sosial ehtiyyacı olan insanların təminatı məsələsində həmin subyektlərdə çalışan insanlara və sahibkarlara dəyə biləcək zərərlərin minimallaşdırılması, eyni zamanda da dövlətin Azərbaycan xalqının yanında olmasının əsas prinsipi olduğu görülür”.

C.Nuriyev vurğulayıb ki, dövlət birmənalı şəkildə təkcə xalqın şəxsi problemlərini deyil, onların iqtisadi, maddi-mənəvi problemlərini də kompleks şəkildə həll etməyə çalışır, ona görə də, bu çox təqdirəlayiq haldır: “Təbii ki, tezliklə hazırlanan təkliflər gündəmə gələcək. Azərbaycan iqtisadi çətinliklərin baş verməməsi üçün addımlar atmaqla kifayət qədər sahibkarları və iş adamlarını qoruyacaq. Həm kreditlərlə bağlı, həm də digər məsələlərlə bağlı dövlətin gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan da digər dövlətlər kimi bu vəziyyətə qəfil yaxalandığı üçün müəyyən gecikmələr ola bilər. Lakin bütün hallarda Azərbaycan dövlətinin cənab Prezidentin rəhbərliyi ilə bu sahədə apardığı iş çox yüksək səviyyədədir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə