Azərbaycan gənci: "Gəncləri qanunsuz şəkildə küçələrə çıxarıb aksiya həyata keçirməyin heç bir mənası yoxdur"- MÜSAHİBƏ (SƏS TV)

Azərbaycan gənci: "Gəncləri qanunsuz şəkildə küçələrə çıxarıb aksiya həyata keçirməyin heç bir mənası yoxdur"- MÜSAHİBƏ (SƏS TV)

Milli Aviasiya Akademiyasının tələbəsi, Yeni Azərbaycan Partiyası Xəzər rayonu gənclər birliyi idarə heyətinin üzvü Zəfər Rzayevin SİA-ya müsahibəsi:

- Bu günki Azərbaycan gəncliyinin ölkəmizdə gedən ictimai-siyasi proseslərdə iştirakını necə qiymətləndirirsiniz?

- İlk növbədə onu deyim ki, sadə bir Azərbaycan gənci kimi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər siyasətinin bir neçə istiqamətləri var. Bunlardan biri gənclərin sosial müdafiəsidir. Bu gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi, onların idmana cəlb olunması, regionlarda dünya standartlarına uyğun olan olimpiya komplekslərinin tikilməsi və digərləri daxildir. Hesab edirəm ki, bu gün Azərbaycan gəncliyi ölkənin vuran gücüdür. Təəssüflər olsun ki, bəzi dairələr öz mənafelərində gənclərdən istifadə edirlər.

- Nəyə görə gənclər təsir altına düşərək aksiyalara qoşulurlar onları narazı salan nədir?

- Mən bir gənc kimi ölkəmizdə gənclərə olan diqqət və qayğını hiss edir, yüksək qiymətləndirirəm. Bütün sahələrdə gənclərə xüsusi yer verilir, geniş imkanlar yaradılır. Belə olan şəkildə mən də başa düşə bilmirəm ki, gənclərimiz niyə bəzi qüvvələrin təsiri altına düşür, provakasiyalara gedir, yollarını azırlar. Lakin biz dəfələrlə bu cür gənclərlə söhbət apardıqda bunu müəyyənləşdirməyə çalışırıq. Apardığmız söhbətlər zamanı müəyyən olur ki, onların əksəriyyəti bilmədən təsir altına düşüblər. Belə olan halda onları düz yola çəkməyə çağırır, əksər halda buna nail oluruq.

- Belə gənclərlə söhbətlər zamanı hiss olunurmu ki, bu onların deyil, xarici qüvvələrin təsiri ilə həyata keçirilən narazılıqlardır?

- Təbii ki, bu hiss olunur.

- Sizcə, ölkə gənclər siyasətini diqqət, qayğı təşkil etdiyi halda müxalifətin gənclər siyasəti niyə məhz pozuculuğa yönəlib?

- Bütün demokratik ölkələrdə müxalifət fəaliyyət göstərir. Bu lazımdır. Balans olmalıdır. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da müxalifətin fəaliyyət göstərməsi üçün hüquqlu baza yaradılıb. Amma təəssüflər olsun ki, müxalifətin radikal qolu öz mənafeyini güdür və öz məqsədlərində məhz gənclərdən istifadə edir. Hamı bilir ki, müxalifət hakimiyyət davası aparır. 1990-ci illər onların hakimiyyət dövrünü yada salsaq, Dağlıq Qarabağ məsələsinin yarımçıq qaldığını, iqtisadi vəziyyətin gərgin olduğunu görərik. Yalnız ulu öndər hakimiyyətə gəldikdən sonra ölkəmizdə bir çox problemlər həll olundu. Heç kim demir ki, Azərbaycanda problem yoxdur. Əlbəttə ki, bütün ölkələrdə olduğu kimi bizdə də müəyyən problemlər mövcuddur. Guya problemləri həll etmək üçün bu cür addımlar atmaq hesab edirəm ki, yolverilməzdir.

- Mənfi qüvvələrin təsir altına düşən gəncləri səhv yoldan çəkindirmək üçün hansı işlər görmək lazımdır?

- Bu işdə gənclərlə maarifləndirmə işləri aparılmalıdır. Bu işlər məktəblərdə, ali təhsil ocaqlarında, təşkilatlarda, müəssisələrdə gənclərin mövcud olduğu hər yerdə aparılmalıdır. Gəncləri qanunsuz şəkildə küçələrə çıxarıb aksiya həyata keçirməyin heç bir mənası yoxdur. Onsuzda bu aksiyaların, mitinqlərin qarşısı alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə