2020-2025-ci illərdə daha 22 min işsiz proqrama cəlb olunacaq EKSKLÜZİV - AÇIQLAMA

2020-2025-ci illərdə daha 22 min işsiz proqrama cəlb olunacaq EKSKLÜZİV - AÇIQLAMA

16 mart 2020-ci il tarixində Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul etdi. Qəbul zamanı əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş bir sıra məsələlər müzakirə olundu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov SİA-ya qəbulda müzakirə olunan məsələlərə əsasən cari və növbəti illərdə nazirliyin qarşısında duran əsas məqsədləri açıqladı.

Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb

O bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edir:

"Xüsusilə 2019-cu ildə əhalinin 42 faizinin və ya 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan çox böyük sosial paket icra edilib. Minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib. Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib".

Pensiya artımları hesabına pensiyaçılarımıza 1 milyard manatdan artıq əlavə vəsait ödənilir

Fazil Talıbov vurğulayır ki, məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb və eyni zamanda, 800 min insanın problemli kredit narahatlığına son qoyulub:

"Bu paket sosial sahəyə əlavə olaraq illik 3 milyard manat dövlət vəsaitinin yənilməsi deməkdir. İslahatların növbəti dalğası kimi, cənab Prezidentin imzaladığı Sərəncamla 2020-ci ilin əvvəlindən bütün pensiyalar 16,6 faiz indeksləşdirildi. Onu da qeyd edim ki, bu ilki indeksləşdirmə əvvəlki illərdə olduğundan xeyli yüksək göstərici ilə özünü göstərdi. Yəni ötən ilki ciddi əməkhaqqı artımı əmək haqlarınımn orta məbləğində 16,6 faizlik bir artıma səbəb oldu. İndeksləşdirmə nəticəsində ölkədə orta pensiya 300 manatın üzərində qərarlaşdı. 2019-cu ildəki pensiya artımları illik 450 mln. manat vəsait tələb edirdisə, bu ilki indeksləşdirmə ilə artım üçün illik əlavə olaraq 560 milyon manat vəsait ayrılmasını nəzərdə tutur. Beləliklə, son 1 ildə sosial sahənin yalnız bir istiqaməti üzrə, yəni pensiya artımları hesabına pensiyaçılarımıza 1 milyard manatdan artıq əlavə vəsait ödənilir. Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bir daha qeyd etdi ki, dövlətimizin iqtisadi imkanları genişləndikcə bu vəsait, ilk növbədə, sosial məsələlərin həllinə yönəldiləcək".

Bu il sosial yardım alan ailələrin sayının 85-90 minə çatdırılması nəzərdə tutulur

Onun sözlərinə görə, Cənab Prezidentin əsas tapşırıqlarından biri ünvanlı sosial yardım proqramının genişləndirilməsidir:

"Qeyd edim ki, bu tapşırığın icrası işləri olaraq, ünvanlı sosial yardım alan ailələrin sayı 2019-cu ildə 40 mindən 72 minə çatdırııb. Ötən il bu yardımın alınması üçün kriteriyaların (həmçinin torpaq pay mülkiyyəti ilə bağlı şərtin) yumşaldılması ilə bağlı müəyyən işlər nəticəsində əlavə 7 min ailə sosial ünvanlı sosial yardım proqramına daxil olub. 2020-ci ildə də ünvanlı sosial yardım alan ailələrin sayının 85-90 minə çatdırılması nəzərdə tutulur. Proqramın genişləndirilməsi üçün vacib məsələlərdən biri sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artırılmasıdır. Bu məqsədlə qanunvericiliyə dəyişikliklər layihələri hazırlanıb.

Həmin layihələrdə ailə tərkibində baş vermiş dəyişikliyə və buna görə məlumat verilməməsinə görə yardım təyinatından imtina edilməməsi və ya ödənilən yardımın dayandırılmaması, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması və ailənin sosial yardım hüququna maneə yaratmaması, ünvanlı yardım üçün müraciət edən ailənin kommunal və rabitə xərcləri üçün müəyyən olunan limitin artırılması, ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının azaldılması və s. əksini tapır. Bu təkmilləşdirmə işləri proqramın əhatə dairəsinin daha da genişlənməsinə imkan verəcək".

Şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib

Fazil Talıbov əlavə edib ki, Prezident İlham Əliyevin sosial siyasətinin mühüm nailiyyətlərindən biri də şəhid ailələrinin sosial müdafiəsinin, onların mənzillə təminatı proqramının ildən-ilə gücləndirilməsidir və dövlət başçısının tapşırığı ilə bu sahədə önəmli adımlar atılır:

"2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə ən azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq. Onlardan 700-ü mənzili və 800-ü fərdi ev olacaq. Beləliklə, nəticədə 2014-cü ilə qədər növbəyə duran insanların sayı daha da azalaraq 1500-ə enəcək.

Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulanlara 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib və bununla Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6750 minik avtomobili təqdim olunub. Avtomobillə təminat istiqamətində tədbirlərin də 2020-ci ildə davam etdirilməsi nəzərdə tutulub".

2020-2025-ci illərdə əlavə 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinin də Prezidentin sosial sahə ilə bağlı tapşırıqlarından biri olduğunu bildirən şöbə müdiri qeyd edib ki, özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilərək onlara verilmiş aktivlər hesabına ailə təsərrüfatlarını yaradıblar:

"2019-cu ildə isə özünüməşğulluq proqramına 10 352 nəfər cəlb edilib və müvafiq təlimləri başa vuraraq, öz biznes planlarını uğurla müdafiə ediblər. Onlar mal və materiallar formasında öz aktivlərini alaraq ailə təsərrüfatlarını yaradıb. Əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara proqramda üstünlük verilir. Şəffaflığın və ictimai nəzarətin təmini üçün proqram iştirakçılarına dair məlumatlar "E-sosial" portalında yerləşdirilir.

Proqramda iştiraka böyük maraq var, bunun üçün edilən müraciətlər 50 minə yaxındır. 2020-ci il üçün 11 min vətəndaşın özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Dövlət başçısının göstərişinə əsasən, bu sahədə Dünya Bankı ilə cari ildən əməkdaşlığa başlanacaq. Dünya Bankının "Azərbaycanda məşğulluğa dəstək layihəsi" üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunacaq. Layihə çərçivəsində cari ildə ən azı min ailənin proqrama cəlb olunaraq kiçik təsərrüfatlar yaratmalarına dəstək göstəriləcək. Gələn ildən isə bu rəqəm 5 minə çatacaq. Digər tərəfdən, BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 500 ailənin özünüməşğulluğ proqramı əsasında kiçik biznesə çıxışına şərait yaradılması işləri aparılır.

Son iki ildə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə də 400-ə yaxın ailə üçün (hər biri üçün təqribən bir hektar ərazidə) intensiv bağçılıq təsərrüfatları yaradılıb. Bildiyiniz kimi, 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkəmizdə özünüməşğulluq proqramının daha da geniş vüsət alması, həssas əhali qruplarından olan daha çox insanın özünüməşğulluğunun təmin olunması üçün banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi barədə çağırış edib. Bu çağırışa cavab olaraq ümumən böyük sosial-iqtisadi əhəmiyyətə malik özünüməşğulluq proqramının genişləndirilməsinə banklar tərəfindən dəstəyi nəzərdə tutan sənəd, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum bu günlərdə imzalandı. Təbii ki, bu da proqramın əhəmiyyətli dərəcədə genişlənməsinə öz töhfəsini verəcək".

2019-cu ildə əmək müqavilələrinin sayında 153 min artım olub

Eyni zamanda, dövlət başçısının müvafiq göstərişlərinə uyğun olaraq, qeyri-formal məşğulluqla mübarizə əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən Fazil Talıbov bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə qeyri-formal məşğulluğun azaldılması üçün mühüm stimullaşdırıcı addımlar atılıb:

"Nəticədə 2019-cu ildə əmək müqavilələrinin sayında 153 min artım oldu, o cümlədən özəl sektorda əmək müqavilələrinin sayında 100 min artım, dövlət sektorunda 53 min müqavilə artımı qeydə alındı. Müsbət nəticə kimi, əməkhaqqı fondunda da birbaşa 42 faiz artım özünü göstərdi. Yəni bu rəqəm həm də əməkhaqqı fondunda 42 faiz leqallaşmanı ifadə edir və həm iqtisadi, həm gələcək pensiya-sosial təminatın artlımı, həm də kölgə iqtisadiyyatının azalması baxımından müsbət tendensiyanı əks etdirir.

2020-ci ilin yanvar-fevral aylarında isə özəl sektorda 19,1 min əmək müqaviləsinin bağlanması həmin müsbət dinamikanın davam etdiyini göstərir. Cənab Prezidentin müvafiq tapşırığına əsasən, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində geniş maarifləndirmə işləri də aparılır. Bu mövzuda çoxsaylı videoçarxlar hazırlanaraq yayılıb, pres-relizlər, qeyri-formal məşğulluğun mənfi nəticələrinə, əmək müqaviləsinin əhəmiyyətinə dair mütəmadi olaraq məlumatlar hazırlanaraq KİV-də yayımlanıb. Şəhərin müxtəlif yerlərində bannerlər də yerləşdirilib. Bakıda və bölgələrdə işəgötürənlərin də iştirakı ilə ötən il 50-dən artıq tədbir keçirilib, bu il isə 100-dön çox belə tədbirin keçirilməsi təmin olunacaq".

"İşsizin DOSTu" proqramı çərçivəsində 38 min ödənişli ictimai iş yeri yaradılıb

Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ilə DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri də davam edir:

"Qeyd edim ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. 2019-cu ilin may ayında Nazirliyin tabeliyində DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin (Yasamal, Səbail), ötən il dekabr ayında isə 2 saylı Bakı DOST mərkəzinin (Xəzər, Pirallahı) açılışı olub. Mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmətlər təqdim edilir. Bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi isə 95,8 faizdir.

2020-ci ildə isə 2-si Bakıda, qalanları Abşeron, Sumqayıt, Quba, Bərdə, Şəki və Sabirabad rayon və şəhərlərində olmaqla 8 yeni DOST mərkəzinin açılması nəzərdə tutulur. Regional DOST mərkəzlərində əlavə olaraq peşə hazırlığı mərkəzi kompleksləri də fəaliyyət göstərəcək. Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bildirib ki, "vaxt gələcək digər ölkələr də DOST mərkəzlərində göstərilən xidmətləri əsas götürərək belə sistemin yaradılmasına nail olacaqlar. Biz də istənilən tərəfdaşla bu istiqamətdə işləməyə hazırıq. Əgər sizə bu məsələ ilə bağlı hansı ölkələrdən müraciət olunarsa, əlbəttə ki, məsləhətləşmə əsasında müvafiq məlumatları verə bilərsiniz".

Dövlət başçısının təşəbbüsü və tapşırığı ilə "İşsizin DOSTu" proqramı çərçivəsində 38 min ödənişli ictimai iş yeri yaradılıb. Bu da işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılmasına çox böyük dəstək olub. Bununla belə, cənab Prezidentin qeyd etdiyi kimi, "bəzi hallarda insanların əməkhaqları verilmirdi, ödəniş kartları icra başçıları tərəfindən qanunsuz olaraq götürülürdü, mənimsənilirdi və s. Belə siqnallar ciddi şəkildə araşdırılmışdır. Bu və buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi". Bu sahədə ciddi nəzarətin həyata keçirilməsi üçün monitorinqlər tətbiq edilib. Monitorinqlər nəticəsində, aşkar edilən kənarlaşmalarla bağlı müvafiq tədbirlər görülüb. Həmçinin ictimai şəffaflığın təmin edilməsi üçün hər rayon üzrə ictimai işlərə cəlb edilmiş şəxslərin adlı siyahısı Nazirliyin internet portalında açıqlandı. Bu ictimai açıqlığın, nəzarətin təşkil olunmasının da müsbət nəticələri oldu.

Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş "Haqqı ödənilən ictimai işlərə nəzarətin təmin edilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı" bu sahədə sistemli şəkildə nəzarət tədbirlərini əhatə edir. Planda haqqı ödənilən ictimai işlər proqramına cəlb olunan şəxslərin işə davamiyyətinin ciddi şəkildə yoxlanılması üçün bu il respublika üzrə mütəmadi monitorinqlər aparılması, proqrama qanunsuz cəlb olunma hallarının aşkar olunması məqsədilə ictimai işçilərin hazırda xarici ölkədə olub-olmamaları və ya fərdi sahibkar kimi fəaliyyət göstərib-göstərmədikləri, ünvanlı dövlət sosial yardımı proqramına cəlb edilib-edilmədikləri müvafiq elektron sistemlər üzərindən yoxlanılması, həmçinin əməkhaqqı kartlarının ictimai işçilər tərəfindən şəxsən təhvil alınmasına nəzarət təşkil edilməklə, bu kartların hazırda özlərində olub-olmamasının da seçmə üsulla yoxlanılması kimi tədbirlər yer alıb. Tədbirlər Planında monitorinqlər zamanı aşkar olunmuş pozuntularla bağlı tədbirlərin görülməsi və həmin pozuntuların aradan qaldırılması üçün monitorinqlərin nəticələrinin Prezident Administrasiyasına və rayon (şəhər) İcra Hakimiyyətləri başçılarına təqdim edilməsi, aşkar olunan qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirlərinin görülməsi üçün həmin pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət olunması və s. kimi tədbirlər əksini tapıb".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə