Bu gün 1994 - cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında törədiən terror aktından 26 il ötür. Terror nəticəsində, 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.
Məhkəmə sübut edib ki, 19 mart saat 13:00-də 20 "Yanvar" metrostansiyasında saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu qatarın ilk vaqonunda, qatar dayanarkən partlayır. Terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Müəyyən olunub ki, "Sadval" separatçı təşkilatının həmin fəalları, 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Respublika Sarayında və Bakı Lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.
"20 Yanvar" metrostansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.
Xatırladaq ki, 1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. Saat 20:30-da "28 May" metrostansiyasından çıxan, "Gənclik" metrostansiyasının platformasına 500 metr qalmış elektrik qatarını ikinci vaqonunda partlayış baş verir. Partlayışdan sonra qatarda yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olmuş və 58 nəfər isə yaralanmışdır.
Erməni terror təşkilatlarının törətdikləri bu və digər terror aktlarına nəzər salsaq, nələrin baş verdiyinin bir daha şahidinə çevrilərik: 16 sentyabr 1989-cu ildə "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 18 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan tələfatı olmuşdur. 11 iyul 1990-cı ildə "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə, 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır. 10 avqust 1990-cı ildə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. 30 noyabr 1990-cı ildə Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır. Bu terror aktlarını sadaladıqca bitmir. Hər biri neçə-neçə insan ölmünə səbəb olub.
Terror-düşünülmüş insan qətlidir. İnsanların qəsdən məhv edilməsi cəhdidir ki, bütün bu və ya digər hadisələri törədənlər də, məhz ermənilərdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə