Tahir Kərimli: “Müxalifət səmimi birlik deyil, sifarişli birlikdir” - MÜSAHİBƏ (SƏS TV)
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi
- Azərbaycanda ictimai-siyasi vəziyyəti necə şərh edərdiniz?
- Ölkədə dövlət başçısının strategiyası əsasında sabit şərait var və bu sabitlik dövlət ideyasının həm siyasi, həm iqtisadi, həm də ideoloji cəhətlərini əhatə edir. Demək olar ki, bütün cəmiyyətin təbəqələri sabitliyin tərəfdarıdır. Biz qeyri-sabit şəraitdə yaşamışıq, görmüşük, ona görə də insanların böyük əksəriyyəti ölkədə sabitliyi üstün tutur. Əlbəttə müəyyən qədər ərəb ölkələrində baş verən hadisələrdən həvəsə düşənlər də var. Amma xalqımız heç zaman Liviyada baş verən hadisələrin ölkəmizdə baş verməsini istəməz. Ona görə də mən düşünürəm ki, Azərbaycanda ictimai-siyasi vəziyyət belədir ki, ölkənin iqtisadi vəziyyəti möhkəmlənir. Prezidentin bu yaxınlarda qeyd etdiyi kimi 28 milyon kubmetr qaz hasil olunur. Sutkada 1 milyon barel neft ixrac olunur, 32 milyard ABŞ dolları həcmində valyuta ehtiyatımız var. Geniş quruculuq işləri gedir. Hər yanda, istər mərkəzdə, istər Bakı ətrafında, istər rayonlarda hər cəhətdən müəyyən qədər iş yerləri açılır, insanlar işlə təmin olunurlar. Əlbəttə ki, problemsiz heç bir ölkə yoxdur. Ancaq prezident İlham Əliyev problemlərin həlli istiqamətində addımlar atır. Bakı ətrafı qəsəbələrdə aparılan abadlıq işlərinə prezident şəxsən özü nəzarət edir. Əlbəttə ən ağrılı məsələ korrupsiyadır. Prezident bu məsələdə də siyasi iradəsini ortaya qoyub və ölkəmizdə bu məsələyə dair geniş tədbirlər həyata keçirilir. Biz hamımız, cəmiyyət, siyasi partiyalar dövlət qurumları strategiyanın həyata keçirməkdə yardımçı olmalıyıq.
Ölkəmizdə təhsil sahəsində də islahatlar davam etdirilir, magistraturada təhsil alan oğlanların əsgərlikdən azad olunması məsələsi gündəmə gəlib. Cəmiyyətin bütün sahələrində islahatlar aparılır və aparılmaqdadır. İslahatların aparılması yolu ilə ölkədə inkişafa, sivil münasibətlərə nail olmaq olar. Azərbaycan da buna layiqdir. Biz də Vəhdət Partiyası olaraq dövlət başçısını dəstəkləyirik.
- Siz ölkədə sabitliyin olduğunu deyirsiz. Lakin ərəb ölkələrində baş verən iğtişaşlardan ruhlanan müxalifət sabitliyi pozmaq istəyir. Sizcə müxalifətin buna gücü yetərlidirmi?
- Onlar elan etdilər ki, həyata keçirdikləri aksiyada on minlərlə insan iştirak edib. Lakin biz nəinki 10 min, heç min insan da görmədik. Müxalifətin sosial bazası ayaqda deyil. Əhalinin əksər hissəsi onları görüb tanıyır. Dəfələrlə onlar "qalib gələcəyik" şüarları ilə müxtəlif addımlar atmağa cəhd etsələr də, bu reallaşmayıb. Ona görə də insanların onlara inamı yoxdur, onları da müdafiə etmirlər. Təsir altına düşən gənclər onları yaxşı tanımadıqları üçün aksiyalarıda iştirak edirlər. Müxalifətə kim inanacaq? Əgər dəyişiklik olsa belə hakimiyyətə kim gələcək? Kim qarant verir ki, onlar diktator olmayacaq, öz idarəçiliyini irəli sürməyəcəklər? Müxalifətdə heç vaxt stabillik olmayıb. Müxalifət səmimi birlik deyil, sifarişli birlikdir. Təbii ki, mən sosial şəbəkələrə girmək istəmirəm, çünki utanıram. Orada qulaqlarım eşitmədiyi söyüşləri eşidəndə xəcalət çəkirəm. Belə gənc olar? Müxalifət iqtidar arasında münasibətlər əvvəllərdə gərgin olub. Lakin bu cür söyüşgənlik olmayıb. Söyüşnən inqilab etmək olmur. Bunun axırı necə olacaq? Ola bilər ki, kimsə ürəyində inanır, lakin o insan hesab etmir ki, onun lider sandığı insan o keyfiyyətlərə malik insan deyil. Gənclərə müraciət edərək söyləyirəm ki, ölkədə sabitlik lazımdır. Bizə Liviya lazım deyil. Bizə minlərlə insanın ölməyi, vətənimizin darmadağın olması lazım deyil. Biz bu prosesi görmüşük, keçmişik. Sonda peşmançılıq olar. Hansı ölkədə nə vaxt inqilab olub və sadə insanlar onu bəhrəsini görüblər? Heç zaman görməyiblər. Hər zaman sadə insanlardan material kimi istifadə olunub. Sivil yolla mübarizə aparmaq lazımdır, dava-qırğınla deyil. Gənclərə onlara inanmamağı məsləhət görərdim.
- Bakı Şəhər İcra Hakimiyyəti müxalifətə Bibiheybət meydanında aksiya keçirməyə yer ayrıdığı halda radikal müxalifət mərkəzdə - Fəvvarələr meydanına daha çox meyl göstərir. Onların bu meylləri sifarişli ola bilərmi?
- Onlar uzaq yerlərdə mitinq keçirmək istəmirlər. O zaman sual olunur, "Motodrom" da uzaqda yerləşirdi, nəyə görə vaxtilə müxalifətə müəyən qədər inam olanda 10 minlərlə insan ora yığışırdı? İndi niyə Bibiheybət meydanında mitinq keçirmək olmur? Əgər həqiqətən sosial bazan varsa o zaman iqtiadarın əlindən arqument alıb gedib mitinq keçirə bilərsən. Demək ki, sosial baza yoxdur və mən düşünürəm ki, sosial bazanın müxalifətə etinasızlığı onları pis vəziyyətdə qoyur. 9 milyon əhalimiz var. Əgər müxalifəti 1 faiz əhali müdafiə edirsə, o zaman bu 90 min insan edir. Belə olan halda get 90 minlə Bibiheybətdə mitinq keçirt. Müxalifət bilir ki, heç bir zaman o qədər insan toplaya bilməyəcək və ona görə də ora getmir, mərkəzə can atır. Əlbəttə ki, bu qabaqcadan ssenariləşmiş bir məsələdir.
- Azərbaycanda fəaliyyət göstərən səfirlərin Müsavat Partiyasının qərargahına gedib müxalifət liderləri ilə gizli görüş keçirmələri və onlara maddi yardım göstərmələrinə bir siyasətçi olaraq hansı qiyməti verirsiniz?
- Müsavat qərargahında görüş Əli Kərimli, İsa Qəmbər və AMİP sədri ilə olub. Götürək sonuncunu, Etibar Məmmədov vaxtilə Milli Azadlıq Hərəkatında həmin adam idi, deyirdi ki, öz ölkəmin diktatorunu özgə ölkənin demokratından üstün tutur. Nə vaxtdan AMİP demokratik təşkilat oldu? "Öz ölkəmin diktatorunu üstün tuturam" tezis ilə yaşayan bir liderin partiyasını nə dərəcədə demokrat adlandırmaq olar? Eləcə də digərləri, o partiyaların hamısını görmüşük. Məsələ ondadır ki, süni şəkildə həmin partiyaları həvəsləndirmək düzgün deyil. 2 apreldən sonra müxalifət partiyaları solğunlaşmışdı. Digər aksyalarının zəif olacağını düşünüb pessimist əhval-ruhiyyədə idilər. Süni nəfəs verməklə xalq ora toplaşan deyil. Mən başa düşmürəm səfirliklərin Azərbaycana belə canı yanır ki, xüsusilə də aparıcı dövlətlərin bu cür addımlar atırlar? Artıq 20 ilə yaxındır ki, onlar həmsədirlik edirlər. Niyə Dağlıq Qarabağ məsələsində Ermənistanı təcavüzkar adlandırmırlar? Onlara lazımdır ki Azərbaycanda cəmiyyət bir-birinə qarışsın, hərcmərcilik yaransın, ölkə zəifləsin ondan sonra öz niyyətlərini həyata keçirsinlər. Prezidentimizi ittiham edirlər ki, ABŞ prezidenti ilə münasibətləri yaxşı deyil. İlham Əliyev o İlham Əliyevdir ki, dünyanın ağası olan Obamanın çağırışına getmədi. Onu məcbur aparmaq istəyirdilər ki, Ermənistan-Türkiyə protokoluna razılıq versin. Lakin dövlət başçımız hakimiyyəti təhlükə altına ataraq siyasi mərdlik ifadə etdi. Kiminsə rüşvət alması ilə bağlı nəsə deyə bilərlər. Lakin ölkə başçısının qəhrəmanlığına, igidliyinə kölgə salmaq olmaz. Düzdür, bəzən elə şeylər olur ki, məndə də müəyyən narazıçılıq doğurur. Amma bu o demək deyil ki, hakimiyyət, dövlət əleyhinə çıxmaq lazımdır. Ona görə, hesab edirəm ki, gənclərimiz dəliqanlılıqdan əl çəkməli, real həyatı başa düşməlidirlər.
- ABŞ Dövlət Departamentinin ölkəmizdə sərbəst toplaşmaq azadlığına dair qanunsuzluğa yol verməsi barədə hesabat yayaması nə dərəcədə reallığı əks etdirir?
- Nəyə görə ABŞ Fransada başı bağlı qadınlara verilən cəzaya qarışmır? Hər gün ABŞ-da yüzlərlə insan vəhşicəsinə qətlə yetirilir. ABŞ-ın iri şəhərlərində narkotik bazarları fəaliyyət göstərir. Yüzlərlə insan orada toplaşıb narkotik maddələrdən istifadə edir, əxlaqsızlığı yol verirlər. Nəyə görə, ABŞ bu məsələləri həll etmir, qarşısını ala bilmir? Gücü çatmır? Bizə elə demokratiya lazım deyil ki, orada əxlaqsızlıq hökm sürsün. Azərbaycan özünəməxsus mintalitetə malik olan Şərq ölkəsidir biz də bunlar yolverilməzdir. Sənin azadlığın qalsın özünə. Sən əxlaqsızlığa azadlıq deyirsən? Bizə azadlıq başqa sahələrdə lazımdır ki, onunda olanı var, olmayanı da özümüz həll edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB