Azərbaycanın Birinci vitse-prezidenti koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciət edərək, həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıb
Koronavirus ("COVID"-19) epidemiyası bu gün dünyanı narahat edən məsələlərdəndir. Yoluxma hallarının aşkarlanması, xəstəliyin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi və s. məqsədilə geniş işlər görülməkdədir. Bildiyimiz kimi, epidemiyanın daha çox yayıldığı ölkələr - Çin, Cənubi Koreya və İtaliyadır. Artıq dünya ölkələrinə yayılması genişlənib. Belə ki, koronavirus infeksiyası elan olunan epidemiya 167 ölkədə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfərdir. Bu virusdan sağalanların sayı isə 82 779 nəfərdir.
Koronavirus infeksiyası ilə bağlı Azərbaycan xalqına müraciət edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünyanın qlobal çağırışla üz-üzə olduğunu vurğulayıb. "Hələ bir il bundan əvvəl, bizim əksəriyyətimiz, sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bu günədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb" deyə vurğulayan Mehriban xanım Əliyeva biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən, bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən "sürprizlərdən" sığortaladığımıza inandığımızı bildirib: "Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan "Qara qu quşu" dünyada hökm sürür. Müəllif öz məşhur kitabında yazır: "Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür".
Məlumdur ki, infeksion xəstəliklər zamanı xəstəlik törədicisinin xəstələrdən sağlamlara kontakt və ya aralıq obyektləri vasitəsilə ötürülür. Koronavirusun insandan insana keçməsi, ilk növbədə, asqırıq və öskürək nəticəsində yaranan tənəffüs damlaları vasitəsilə yaxın təmaslar nəticəsində, baş verdiyi ehtimal edilir. İnsanda virusun simptomlarının aşkarlanması təhlükənin daha da artdığını göstərir. Əlbəttə ki, hər bir dövlət öz vətəndaşının xəstəliyə yoluxmasının qarşısının alınması üçün məqsədli tədbirlər görür. "Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur" deyən Birinci vitse-prezident ümumi səylərimizin mütləq nəticə verəcəyinə inandığını və ümid etdiyini bildirib: "Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin, ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır. Virusa qarşı immunitet, vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə, hər kəs özündə formalaşdırmalıdır".
"TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNƏ CİDDİ RİAYƏT EDİLMƏSİ, ŞƏXSİ MƏSULİYYƏT VƏ İNTİZAMLILIQ ÖZÜNÜZÜ VƏ ƏTRAFINIZDAKILARI QORUMAĞIN ƏSAS ŞƏRTLƏRİDİR"
Koronavirusa qarşı xüsusi müalicə vasitəsi və ya vaksin olmadığı üçün yoluxmuş əksər insanlar bu xəstəlikdən özləri sağalır. Koronavirus simptomları olan şəxslər vaxt itirmədən həkimə müraciət etməlidir. Bir çox hallarda koronavirusa yoluxmuş insanlarda xəstəliyin simptomları özünü göstərmir və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də, hər bir insanın dezinfeksiya qaydalarına riayət etməsi vacibdir. Ölkəmizdə bütün qüvvələr virusun qarşısının alınmasına səfərbər olunub. Əbəs deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. "Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq" deyən Mehriban xanım Əliyeva bildirib ki, epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir: "Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır. Buna görə də, bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə, dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir".
Mehriban xanım Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb: "Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir. Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm…Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB