Azərbaycanda dövlət miqrasiya siyasəti milli maraqların və milli təhlükəsizliyin qorunmasına xidmət edir. Qloballaşan XXI əsrdə Azərbaycan öz müstəqillik salnaməsinə tarixi uğurlar yazmaqda davam etdirir. Ölkəmizin əldə etdiyi bu tarixi uğurları Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin uzaqgörən strateji xəttini çox böyük siyasi ustalıqla dünyanın və zamanın sərt tələblərinə uyğunlaşdıraraq, davam etdirdiyini və ölkəmizi regionun lider dövlətinə çevirməklə, ona böyük şərəf, sosial rifah və tərəqqi gətirdiyini təsdiqləyir. Geostrateji baxımdan, Azərbaycan üçün böyük əhəmiyyət daşıyan nailiyyət özündə ölkənin sabit daxili və xarici siyasətini, sürətli sosial-iqtisadi inkişaf tempini, qloballaşan dünyaya uğurlu inteqrasiyanı, beynəlxalq əməkdaşlığı və tolerantlığı ehtiva edir.
Bu gün uğurlu inkişaf dövrünü yaşayan Azərbaycanda miqrasiya orqanları işçiləri peşə bayramını qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur. Azərbaycan inkişaf etdikcə, əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün daha cəlbedici bir regiona çevrilir, ölkəmizə miqrasiya axını ildən-ilə artır. Bu da, ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından, milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri edir.
Ölkəmizdə dünya təcrübəsinə söykənən vahid miqrasiya siyasətinin formalaşmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırlanan və dövlət başçısının 2004-cü ildə təsdiq etdiyi "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası" çox mühüm rol oynamışdır. Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası"nın gerşəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün hazırlanmış "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" isə Prezident İlham Əliyevin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Proqramda, əsas fəaliyyət istiqamətləri olaraq, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də, digər ölkələrin miqrasiya qurumları və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulmuşdur. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil, bir sistemin yaradılmasına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2007-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərmanı isə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədinə xidmət etmişdir.
Ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları - IV İslam Həmrəyliyi Oyunları, "Formula-1 Azərbaycan Qran-Pri"si, Bakı şəhərində və Göygöl rayonunda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi və digər beynəlxalq tədbirlərdə xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası tam təmin edilib. Ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində DMX-nin qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilir.
Bu gün DMX-nin inkişafı üçün qəbul edilən qərarlar, göstərilən diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Ölkə rəhbərinin xidmətin fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla miqrasiya orqanları işçilərini daha böyük uğurlara ruhlandırır. Məhz dövlətin əvəzsiz dəstəyi sayəsində DMX aparatının, regional miqrasiya idarələrinin inzibati binalarının tikintisi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib və xidmət şəraiti beynəlxalq standartlara uyğun təchiz edilib.
DMX-nin əməkdaşları bundan sonra da müstəqilliyin, sabitliyin, təhlükəsizliyin, daxili əmək bazarının qorunmasının və xidmətə müraciət edənlərin məmnunluğunun, ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi işinin keşiyində ayıq-sayıq dayanır. Səy və bacarıqlarını əsirgəməyərək, peşəkarlıqlarını daim artırırlar.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB