Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir - AÇIQLAMA

Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir - AÇIQLAMA

“Cəmiyyətin hər bir üzvünün üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaşlıq məsuliyyəti düşür. Koronavirus pandemiyası sərhəd tanımır ən qısa müddətdə ən fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Bütün səylərə baxmayaraq hələlik dünyanın heç bir ölkəsində bu virusun qarşısının alınmasına nail olunmayıb”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan qəzetini baş redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, çox güclü səhiyyə sistemi olan bir sıra Avropa ölkələrində belə koronavirusa qarşı effektif mübarizə aparmaq mümkün olmur: “Belə olan halda ölkəmizidə koronavirusa yoluxmaların minimum həddə olması məmnunluq yaradır və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, bunun əsasında hər şeydən əvvəl Azərbaycan dövləti tərəfindən vaxtında atılan qətiyyətli addımlar və görülən effektiv tədbirlər dayanır . Ölkəmizdə səhiyyə xidmətəlrinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olması, ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilməsi virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardan hesab edilə bilər. Ancaq əsas məslələrdən biri koronovirus təhlükəsinə qarşı tədbirlərin kompleks şəkildə və ardıcıl olaraq həyata keçirilməsidir ki, bu da hər şeydən öncə Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir”.

Deputat bildirib ki, təhlükə ortaya çıxar-çıxmaz Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi qərərgahın yaradılması, tranzit yüklərin daşınmasında xüsusi qaydaların tətbiq edilməsi, önləyici tədbirlərə yardımçı olacaq tibbi vasitələrin möhtəkirliyini etməyə çalışanlara qarşı ciddi tədbirlərin görülməsi öz nəticəsini verib və bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir: “Şübhəsiz ki, bu istiqamətdə atılan əsas addımlardan biri də sosial şəbəkələrdə və internet resurslarında koronavirusla bağlı yayılan, informasiya pandemiyasına qarşı aparılan mübarizə və görülən sərt tədbirlər olub. Başlanğıcda ictimai panika və ajiataj yaratmaq istəyənlərə qarşı hüquq-mühafizə orqanlarımız tərəfindən edilən qəti xəbərdarlıqlar və görülən tədbirlər ən azı qoruyucu vasitələrin möhtəkirliyini edənlərə qarşı görülən tədbirlər qədər effektiv olub və öz nəticəsni verib”.

H.Babaoğlu sonda vurğulayıb ki, əlbəttə təhlükənin sovuşduğundan danışmaq hələ tezdir: “Ona görə də cəmiyyətin hər bir üzvünün üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaşlıq məsuliyyəti düşür. Biz bu ümümi kütləvi təhdidə qarşı birlikdə mübarizə aparmalı və hökümət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməliyik. Hazırda dövlətimiz bir sıra ölkələrlə müxtəlif kommunikasiyalara məhdudiyyətlər qoyur və bunu məhz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün edir. Eyni zamanda ayrı-ayrı ölkələrdə olan vətəndaşlarımızın vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bütün bunlar isə cəmiyyətimiz tərəfindən təqdirlə qarşılanır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə