Yay mövsümi ilə əlaqədar bulvara yeni atraksionlar gətiriləcək

Yay mövsümi ilə əlaqədar bulvara yeni atraksionlar gətiriləcək
Qarşıdan gələn yay mövsümi ilə əlaqədar bulvara yeni atraksionların gətirilməsi, kinozallarının tikilməsi nəzərdə tutulur. Bu sözləri Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov SİA-ya açıqlamasında deyib. O bildirib ki, hər il olduğu kimi bu il də bulvar ərazisində yeniliklər gözlənilir.
Onun sözlərinə görə, yeni atraksionlarla yanaşı mövsümə uyğun olaraq kafe və çayxanaların ərazidə olması gözlənilir. Hazırda bulvar ərazisinə yeni ağacların-kaktus, zeytun, şam ağaclarının gətirildiyini deyən rəis müavini bu prosesin davam edəcəyini qeyd edib. O söyləyib ki, yaxın zamanlarda bulvar ərazisində mövsümi güllərin əkilməsi, dekorativ ağacların, kolların gətirilməsi planlaşdırılır.
Bulvarın genişləndirilməsi ilə bağlı məsələyə toxunan rəis müavini bildirib ki, ərazinin genişlənidirilməsi məsələsi həmin ərazilərdə olan əmlakların köçürülməsindən asılıdır. Bu işlərin Dövlət Əmlak Məsələləri Komitəsinin kadastr xidməti tərəfindən həyata keçirildiyini dilə gətirən N. Məcidov vurğulayıb ki, proseslərin nə zaman başa çatması ilə bağlı konkret vaxt müəyyən olunmayıb.
"İlk mərhələdə bulvar ərazisi Əl Oyunları Sarayından Bayraq Meydanına qədər genişlənəcək. Sözügedən ərazilər nə zaman boşalarsa, biz öz fəaliyyətimizə o zaman start verəcəyik. Vaxtla bağlı heç nə deyə bilmərəm, çünki bu bizdən asılı olan məsələ deyil. Bizdə olan məlumatlara görə, köçürmə işlərinə bir ildir ki, başlanılıb, lakin hələ başa çatmayıb",- deyə rəis müavini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə