İlham Namiq Kamal: “Bugünki gündə xalq artistinin aldığı məvacib 250 manatdırsa, o zaman onun islahata nə ehtiyacı var?”- MÜSAHİBƏ

İlham Namiq Kamal: “Bugünki gündə xalq artistinin aldığı məvacib 250 manatdırsa, o zaman onun islahata nə ehtiyacı var?”- MÜSAHİBƏ

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru, xalq artisti İlham Namiq Kamalın SİA-ya müsahibəsi:

- Bu sənətə gəlməyə sizi nə vadar etdi, istək yoxsa məcburiyyət?

- Təbii ki, hər bir insanın daxilində öz sənətinə istəyi olur. Məni də bu sahəyə uşaqlıqda nağıllara olan həvəs gətirdi. Onu da qeyd edim ki, keçən əsrin 60-70-ci illərində teatra həvəs daha çox idi, nəinki indi. Misal olaraq tələbə olan vaxtı teatrlara gedib bir çox tamaşalara baxırdıq. Hər bir məktəbdə dram dərnəkləri var idi. O zaman teatr klubları daha çox idi. Ancaq təəssüflər olsun ki, indi demək olar ki, heç bir məktəblərdə dram dərnəkləri yoxdur.

- Sizi televiziya tamaşalarında daha çox görmüşük, buna səbəb nədir?

- Heç zaman filmlərə nisbətən televiziya tamaşalarına üstünlük verməmişəm. Rejissorlar əgər qayğı göstərirlərsə və aktyora rol verirlərsə, o zaman istər televiziyada, istər teatrda, istərsə də kinoda çalışmaq olar. Mən öz növbəmdə əlimdən gələni etmişəm ki, oynadığım obrazlarla onların etimadlarını doğruldum.

- Yumor ustalarının əksəriyyəti demək olar ki, komik obrazlarda daha çox oynayırlar, ancaq həyatda tamam ciddi olurlar. Sizdə beləsiniz?

- Bu sənətdə hər bir aktyor cilddən- cildə girməyi bacarmalıdır. Əgər həmin sənət adamı peşəkardırsa, roluna uyğunda oynayır. Təbii ki, tamaşa qurtarandan sonra yenə də öz yaşadığın həyata qayıdırsan. Ancaq bununla bərabər unutmamaq lazımdır ki, hər bir sənət adamı cəmiyyətin ayrılmaz müasir fərdi olmalıdır. Əgər bu varsa, sabahısı gün yenə də başqa cildə girə biləcək.

- Övladlarınızın bu sənətə gəlmək istəyi olsa, mane olardınızmı?

- Bu da bir istəkdir. Təbii ki, istəklə yanaşı allahdan istedad da olmalıdır. Əgər mənim də övladlarımın belə bir istedadları olarsa, o zaman niyə də olmasın.

- Mədəniyyət və incəsənət universitetində bir müəllim kimi deyə bilərsiziniz ki, oradakı tələbələriniz gələcəkdə bu sahədə öz sözünü deyə biləcək peşəkarlar olacaq?

- Bunu xüsusi qeyd edim ki, mənim gözəl müəllimlərim- xalq artistləri Adil İsgəndərov, Rza Təhmasib və ən böyük rejissorumuz Tofiq Kazımov olub. Onlar mənə müəyyən dövrlərdə qayğı göstəriblər. Gərək mən də bugünki gündə əlimdən gəldiyi qədər tələbələrimə istiqamət verə bilim ki, gələcək də onlar bu sahədə öz sözlərini deyə bilsinlər.

- Sizin rəhbərlik etdiyiniz "İlham miniatür teatr"ı deyəsən, fəaliyyətini dayandırıb. Buna səbəb nə idi?

- O zamanki dövrdə özəl teatr yaratmaq çox çətin idi. Müəyyən dövr ərzində yaratdığım teatra maraq var idi. Çünki onun öz simasi və deyimi vardı. Həmin teatr müəyyən mənada insanların ürəyindən bir tikan çıxardırdı ki, biz bunu deyə bilmirik, ancaq bu teatr dedi. Hal- hazırda bu teatrın fəaliyyəti dayanıb. Baxmayaraq ki, o zaman Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bizə yer ayırmışdı, ancaq elə bir vəziyyət yarandı ki, alınmadı. Çünki bu teatr təmir olunandan sonra oraya 3 teatr gəldi. Onlar da dövlət teatrı olduğuna görə də "İlham miniatür" özəl teatrı kənarda qaldı. Axı özəl qurum yad balasıdır (gülür...) Biz hələ ki, bu teatrı qəlbimizdə yaşadırıq.

- Həmin teatrda həm aktyorluq, həm də rejissorluq edirdiniz...

- Teatr mənim olduğumu görə bilavasitə bir çox tamaşaların bədii rəhbəri kimi rejissorluğu özüm edirdim. Rejissorluqla yanaşı həmin tamaşaların bir çoxunda aktyorluq da etmişəm.

- Sizcə, aktyorluqdan rejissorluğa keçmək çətin deyil?

- Deyə bilərəm ki, bu çox çətin bir prosesdir. Dildə rejissorluq edirəm demək asanddır, ancaq onu bacarmaq lazımdır. Onu da qeyd edim ki, müəllimlərimdən, onların qayğısından və istiqamətləndirdiyi düz yolun müqabilində qərara aldım ki, müəyyən tamaşalar hazırlayım. Düşünürəm ki, heç də pis alınmır. Musiqili Komediya teatrında da bir neçə tamaşalarım var.

- Düşünmürsünüzmü ki, dövlət teatrlarının deyə bilmədiyini özəl teatr daha yaxşı çatdıra bilər?

- Bunu əlbəttə ki, sizlər deyə bilərsiniz. Mən çalışıram ki, təvazökarlıq edim.

- Son zamanlar bir çox teatrlara xarici ölkələrdən rejissorlar dəvət edirlər, bizim yerli rejissorlarımız belə bacarıqsızdırlar?

- Qeyd edim ki, rejissorluq ən çətin peşələrdən biridir. Təbii ki, bizim çox gözəl rejissorlarımız var. Ancaq Sovetlər dövründə də belə mübadilələr mövcud idi. Əgər hər şey sırf yaxşılığa doğru olacaqsa, o zaman niyə də olmasın. Hər şey qarşılıqlı olmalıdır. Əgər digər Avropa ölkələrindən bizim teatrlara rejissorlar gəlirsə, o zaman bizim rejissorlar da onların ölkəsinə getməlidir.

- Bir çox teatrın rejissorları şikayət edir ki, əgər biz varıqsa, o zaman başqasına nə ehtiyac var?

- Təbii ki, bizim rejissorlara lazımi şəraiti yaratmaq lazımdır. Qeyd edim ki, Azərbaycanda 28 teatr mövcuddur. Əgər rejissorlarımız belə qürrələnirsə, o zaman niyə bir sıra regionlarımızın teatrlarında tamaşalara quruluş vermirlər? Sən öz yeniliyini göstərə bilirsənsə, bu hər yerdə onsuzda özünü biruzə verəcək.

- Teatrlarda islahatların keçirilməsinə ehtiyac varmı?

- Hər zaman teatrlarda müqavilə sistemi olub. Baxmayaraq ki, uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram teatrında çalışmışam. Ancaq islahatlara ehtiyacın olub- olmadığını deyə bilmərəm. Təbii ki, hər bir teatr qurumunda teatra faydalı olan insanlar da var, olmayanlar da. Hər bir aktyoru yoxlamaq istəyirsənsə, o zaman ona ağır yüklü obrazlar vermək lazımdır. Əgər o, həmin rolu ifa edə bilmirsə, onda özü başa düşəcək ki, bu yükü daşımağa onun enerjisi yoxdur. Bugünki gündə xalq artistinin aldığı məvacib 250 manatdırsa, o zaman onun islahata nə ehtiyacı var? Teatr demək olar ki, hərbi sənətdir. Bütün günü məşqlərdə olursan. Gənclərə verilən qonorarla, onlar gələcəkdə teatrın inkişafı üçün necə işlər görəcək? Gənclərə olan qayğını bir az daha da artırmaq lazımdır. Aktyorları yoxlamaq, sonra da onları obrazlarla təmin etmək lazımdır. Bundan sonra da Bədii Şura da görür ki, aktyor pisdir ya yox. Adını islahat qoyub da kəsib doğramaq nəyə lazımdır? Xüsusi olaraq qeyd edim ki, hər bir məktəbdə dram dərnəkləri yaradılmalıdır.

- Bəlkə də dediyiniz bu nöqsanlar gənclərin teatra olan marağını azaldır...

- Bu dediklərimin nöqsan olduğunu deməzdim. Teatrlarımız demək olar ki, yüksək səviyyədə təmir olunur və bir çox müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilir. Bütün bunlarla yanaşı teatrın daxili də təmizlənməlidir.

- Mədəniyyət kanalının olması bir sıra narazılıqlara son qoyacaqmı ki, bir sıra mədəniyyət tədbirlərimiz yetərincə işıqlandırılacaq?

- Bu kanalın açılması çox önəmli bir hadisə idi. Mən bu kanalda rəssamların həyatı və yaradıcılığı haqqında veriliş aparıram. Gördüm ki, mən hər gün yeni bir məlumat öyrənirəm. Bu kanal vasitəsi ilə bir çox unudulan filmlərimiz yenidən nümayiş etdirilir. Hesab edirəm ki, bu kanalın fəaliyyət göstərməsi ilə mövcud olan problemlər aradan götürülür. Çünki əvvəllər bir sıra mədəniyyət tədbirləri kifayət qədər işıqlandırıla bilmirdi. İndi isə sırf bu tədbirlərin nümayiş etdirilməsi üçün bütün lazımi şərait yaradılıb.

- Bir aktyor və rejissor olaraq bu kanalda rəssamlar haqqında veriliş aparmaq çətin deyil?

- Təbii ki, bu şirkətin təklifi idi və mənim də marağıma səbəb olduğuna görə qəbul etdim. Rəssamların həyatı olduqca çox maraqlıdır. Bu tip verilişlərin açılması mədəniyyət kanalının günü- gündən inkişaf etməsinə gətirib çıxarır.

- Bu kanalda bir çox xarici ölkələrinin də sənədli filmlərin nümayişi də var bu nə dərəcədə düzgündür?

- Mədəniyyət kanalında o dəmək deyil ki, ancaq sənədli filmlər nümayiş olunmalıdır. Mədəniyyət özü elə insanın davranış qaydasıdır. Tək yerli filmlərimizin nümayiş etdirilməsi düzgün olmazdı axı. Hazırda bu kanal saat 12-dən axşam 2-yə kimi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə