MŞ: "Müəyyən dövrlərdə faktların yoxlanılmaması nəzərə çarpdı" ÖZƏL - AÇIQLAMA
"Dünyada və Azərbaycanda müxtəlif yalnış fikirlər səslənirdi. Məsələn, güya, spirtli içkilər bu virusa yoluxmağa imkan vermir. Lakin sonradan məlum olur ki, bu ayrı-ayrı təhrikçi qurumların, spirtli içki satışı ilə məşğul olan şəxslərin yaratdıqları bir ajiotajdır". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərin mediaya yansıması və ümumiyyətlə, virusla bağlı maarifləndirmə işlərində medianın rolu haqda danışarkən və tövsiyyələr verərkən deyib.
O bildirib ki, koronavirus epidemiya mərhələsini arxada qoyub və bütün dünyada artıq pandemiya mərhələsinə qədəm qoyub: "Ümumdünya Səhiyyə Təşkilatı bununla əlaqədar hesabatlar paylaşır və araşdırmalar aparır. Xəstəliyin yayılmaması üçün profilaktik tədbirlər aparılır. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. 2020-ci il 14 mart tarixi, 00:00 radələrindən etibarən ölkədə sosial izolyasiya tədbirləri həyata keçirilir. Xaricdən gələn vətəndaşlar ciddi nəzarətə götürülür. Hətta Azərbaycan qardaş Türkiyə ilə belə gediş-gəlişə müəyyən məhdudiyyətlər qoyub. Bütün bunlarla bağlı insanların ciddi məlumatlandırılması vacibdir. Belə məlumatlanmanı hər şeydən əvvəl media həyata keçirir.
Baş verən hadisələrlə bağlı son vəziyyətin nə yerdə olduğu insanlara maraqlıdır. Təbii ki, verilən məlumatların nə dərəcədə dəqiq və operativ olduğu da cəmiyyət üçün vacibdir. İnsanlar çalışırlar ki, daha düzgün və dəqiq məlumatları əldə etsinlər. Azərbaycan mətbuatı koronavirus infeksiyası gündəmə gələndən könüllü olaraq öz üstünə düşən məsələləri ciddi şəkildə həyata keçirməyə başlayıblar. Əlbəttə ki, müəyyən dövrlərdə tələskənlik, faktların yoxlanılmaması ilə bağlı bəzi məsələlər gündəmə gəldi. Ayrı-ayrı saytlar və xəbər portalları yoxlanılmamış informasiyaları yaydı. Bəzi şəxslər isə sosial şəbəkələrdə müəyyən səs yazıları və digər insanlar arasında müəyyən qorxu hallarına və psixoloji sarsıntıya səbəb olacaq məlumatlar yaydılar. Lakin, Operativ Qərargah fəaliyyət göstərəndən sonra Azərbaycan mediası əsas xəbər mənbəyi kimi Qərargaha üz tutdular".
Azərbaycan Mətbut Şurasının bu məsələ ilə bağlı iki dəfə müraciət formasında tövsiyyələr irəli sürdüyünü vurğulayan Əflatun Amaşov bildirib ki, həmin müraciətlərdə məhz bu kimi məsələlərlə əlaqədar bütün xəbərlərin Operativ Qərargahla razılaşdırılması, Operativ Qərargahın ilk mənbə kimi göstərilməsi, ona istinad edilməsi də tövsiyyələrdə qeyd olunub: "Bütün bunların fonunda Azərbaycan mediası Operativ Qərargahın həyata keçirdiyi məsələləri, onun qəbul etdiyi qərarları birmənalı qaydada ölkə ictimaiyyətinə çatdırmalıdır. Eyni zamanda Azərbaycan mediası dünya praktikasında bu virusdan qorunmağın yollarını və bununla əlaqədar Azərbaycan dövlətinin gördüyü işləri cəmiyyətə çatdıraraq ciddi maarifləndirmə işləri aparmalıdır.
Dünyada və Azərbaycanda müxtəlif yalnış fikirlər səslənirdi. Məsələn, güya, spirtli içkilər bu virusa yoluxmağa imkan vermir. Lakin sonradan məlum olur ki, bu ayrı-ayrı təhriki qurumların, spirtli içki satışı ilə məşğul olan şəxslərin yaratdıqları bir ajiotaj idi. Hamı bilməlidir ki, hələlik bu virusdan qutarmaq üçün elə bir dərman yoxdur. Ona görə də profilaktik tədbirləri ciddi aparmaq lazımdır. İctimai yerlərdə çox olmamaq, insanlarla müəyyən məsafə saxlamaq, kimdəsə hərarət və ya soyuqdəymə halları müşahidə olunursa onlardan uzaq durmaq, ən əsası isə gigiyenik məsələlərə ciddi riayət etmək, əlləri təmiz saxlamaq lazımdır. Bütün bunları geniş şərhlə Azərbaycan mediası özünün maarifçilik prinsipini həyata keçirməklə ölkə ictimaiyyətinə çartdırmalıdır".
Mətbuat Şurasının sədri qeyd edib ki, digər tərəfdən bu saya hallarda əsasən zərbə altında olan sahə jurnalistika sahəsidir: "Jurnalistlərin özü də iş prinsipi ilə əlaqədar kütləvi insan çoxluğu olan məkanlarda iştirak etməli olur. Belə hallarda jurnalistlər də özlərini qorumalıdırlar. Çünki, onlar işləri ilə əlaqədar xəstəxanaya gedə bilərlər, ictimai yerlərdə bu kimi məsələləri kimlərləsə müzakirə edə bilərlər. Onların özünün də sağlamlığı cəmiyyət üçün kifayət qədər vacibdir. Ümumiləşdirmə apardıqda isə bu iki əsas istiqamətdə, ilk növbədə maarifləndirmək və media nümayəndələrinin özlərinin sağlamlığı ilə bağlı qorunmaları əsasdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB