"Ərzaqla bağlı heç bir problem yoxdur" ÖZƏL - AÇIQLAMA

"Ərzaqla bağlı heç bir problem yoxdur" ÖZƏL - AÇIQLAMA

"Marketlərə hücum etmək lazım deyil. Ərzaqla bağlı heç bir problem yoxdur və bununla bağlı heç bir qıtlıq yaranmayacaq". Bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı hazırda ölkə ərazisində koronavirus infeksiyasına yoluxmamaq üçün aparılan tədbirlərdən danışarkən deyib.

O bildirib ki, Azərbaycanda koronavirusla mübarizə ilə bağlı dövlət üstünə düşən bütün işləri icra edir və eyni zamanda bununla bağlı Azərbaycan Nazirlər Kabineti yanında xüsusi Operativ Qərargah da yaradıldı:

"Qərargah media vasitəsilə gördüyü işlərlə bağlı ictimaiyyəti əhatəli məlumatlandırır. Yəni, dövlət ərəfindən vacib atılmalı olan bütün addımlar atılır. Xaricdə olan və ölkəyə qayıtmaqda çətinlik çəkən vətəndaşlarımız həmin ölkədəki səfirliklərimiz və konsulluqlarımız vasitəsilə Azərbaycana geri göndərilir. Bütövlükdə baxdıqda isə düşünürəm ki, bu məsələ ilə bağlı maarifləndirmə işlərinə çox böyük ehtiyac var".

Sosial şəbəkələrdə şahid olduqlarına əsasən insanların məsələnin ciddiyətini, nə qədər riskli və təhlükəli olduğunu hələ də anlamadıqlarını vurğulayan media qrupu rəhbəri əlavə edib ki, sosial şəbəkələr vasitəsilə kütləvi tədbirlərin və toy mərasimlərinin keçirilməsə şahid olur:

"Bütün bunlar həddindən artıq təhlükəlidir. İnsanlar mümkün qədər kütlənin çox olduğu məkanlardan uzaq durmalı, mümkün qədər evdən çıxmamalıdırlar. Bu həddindən artıq təhlükəli və qorxulu virusdur. Bu gün Avropa ölkələrinin vəziyyətini görürük. İtaliyada, İspaniyada, Fransada, həmçinin ABŞ-da bütün ştatlarda karantin rejimi elan edilib. Ümumdünya Səhiyyə Təşkilatı bu virusu pandemiya elan edib. Bu vəziyyətin həddindən artıq kritik olduğunu göstərir.

İndi biz bu virusun yayılmamasına çalışmalıyıq. Xüsusilə, vurğulamaq istəyirəm ki, marketlərə hücum etmək lazım deyil. Ərzaqla bağlı heç bir problem yoxdur və bununla bağlı heç bir qıtlıq yaranmayacaq. Kütləvi şəkildə marketlərə insanlar hücum edəndə istər-istəməz burada virusun daşıyıcısı varsa yaxın təmas zamanı yoluxmamış insanlar da yoluxa bilərlər. Nəinki Azərbaycanda, dünyanın ən inkişaf etmiş ölkələrində belə insanların kütləvi şəkildə xəstəxanaya ötürülməsi üçün imkanlar məhduddur. Yəni, 10 minlərlə, 100 minlərlə və milyonlarla insan bu virusa yoluxsa onları qarşılayacaq xəstəxana imkanları, klinika, karantin məhduddur. Ona görə də, mümkün qədər bu xəstəliyə yoluxmamağa çalışmaq və sağlam insanları da yoluxdurmamaq, evdən çıxmağa təşəbbüs etməmək lazımdır".

Aynur Camalqızı qeyd edib ki, hazırda təhsil ocaqları da fəaliyyətini dayandırıb və uşaqlar da evdədir:

"Valideynlər çalışmalıdırlar ki, uşaqları evdən bayıra çıxarmasınlar. Bu bütün bəşəriyyəti təhdid edən bir durumdur. Yalnız dövlətin atdığı addımlarla kifayətlənmək olmaz. Dövlət öz öhdəsinə düşən işləri lazımı şəkildə həyata keçirir və biz bunu yüksək qiymətləndirir, alqışlayırıq lakin, hər bir vətəndaşın üstünə düşən məsuliyyət var və hər kəs bu məsuliyyəti qavramalı və virusdan qorunmalıdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə