Azərbaycanda koronavirusa görə qıtlıq və bahalaşma ola bilməz TƏHLİL

Azərbaycanda koronavirusa görə qıtlıq və bahalaşma ola bilməz TƏHLİL

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasını pandemiya - dünyada yayılan bir xəstəlik elan etdi. İnkubasiya dövründə bir insanın hələ hər hansı bir xəstəlik əlamətini hiss etmədiyi, ancaq infeksiyanı yaydığı ilk iki hesabatda da öz əksini tapır. Belə bir dövrdə xəstəliyin inkubasiya fazasını keçirən bir insanın daha çox insana bu xəstəliyi yoluxdura biləcəyi də aydın məsələdir.

Ən ağır karantin yalnız Çində, xəstəliyin ilk hallarının qeydə alındığı Uhan şəhərində, Hubei əyalətində deyil, eyni zamanda bütün ölkədə tətbiq olundu. Hətta istehsalın çox hissəsi dayandırıldı. İndi Çin digər ölkələrin istifadə etdiyi komponent və avadanlıqların yarısını istehsal etdiyi halda demək olar ki, bütün dünya bundan məhrum oldu.

Yeni xəstəliyin epidemik böyüməsinin ilk əlaməti olaraq Çin ilə əlaqələr məhdudlaşdırıldı. Sonra isə demək olar ki, hər şey tamamilə bağlanıldı. Yoxlmamar biri-birini əvəz etdi. Karantin elan edildi. Mübarizə tədbirləri gücləndirildi. Dezinfeksiya işləri aparıldı. Bütün bunların fonunda belə, əvvəlcə bir neçə nəfər həmin xəstəliyə yoluxmuş vardısa, indi xəstəlik öz coğrafiyasını hədsiz dərəcədə böyütdü və hal-hazırda ən qabaqcıl Avropa ölkələri belə bundan daha çox əziyyət çəkir.

İndi ictimai yerlərdə insanlar hamısı bir-birindən kifayət qədər etibarlı məsafədə dayanmağa çalışır. Əslində, bu tamamilə normaldır və nəticə etibarı ilə epidemiyanın sürətlə yayılmasına qarşı təsir göstərən davranışdır. Avropa Birliyi ölkələri, İtaliya kimi inkişaf etmiş bir ölkə xəstəliklə mübarizəni hələ də davam etdirirsə də, statistik göstəricilər acınacaqlı vəziyyətdən xəbər verir. Məsələ burasındadır ki, orta və yaşlı nəsil Avropada Çindəkindən daha çoxdur və nəzərə alsaq ki, koronavirus gənclərə deyil, daha çox yaşlı nəslə ölümcül təsir edir, deməli bu, Avropa üçün daha böyük itkilər pronozlaşdırmağa əsas verir.

İtaliyada və həqiqətən də Fransada artıq süni tənəffüs və qan dövranı cihazları çatışmır. Yəni xəstələrin sayı o qədər artıb ki, çatışmamazlıq da bundan yaranıb. Turistlərin axınının qarşısı alınır və gediş-gəliş məhdudlaşdırılır. Bununla yanaşı işçi mübadilələrinə belə sərhəd qoyulursa, bu artıq dünya iqtisadiyyatı üçün ciddi həyəcan siqnalından xəbər verir. Dünya artıq qlobal qarşılıqlı əlaqələrin yeni formatlarını axtarmaq, tapmaq məcburiyyətindədir. Əks halda bu, ağlasığmaz iqtisadi böhran vəd edə bilər. Suallar yarana bilər, görəsən, məhsullar bahalaşacaqmı? Ümumiyyətlə, məhsul hamıya çatacaqmı? Qıtlıq ola bilərmi? Yaxud, səhiyyə haqqında nə demək olar? Bütün bunlar istər-istəməz hər kəsi düşündürür.

Bütün bu hadisələrin fonunda insanların qorxu hissi, narahatlıq keçirməsi başadüşüləndir. Lakin istər xəstəlik barədə, istərsə də mühafizə tədbirləri barədə maariflənmə daha faydalıdır, nəinki qorxu. İnformasiyanın asan şəkildə əldə edildiyi bir zamanda xəstəlik, gözlənilən təhlükə barədə məlumat əldə etmək, qabaqlayıcı tədbirlər görmək, eyni zamanda qorxudan, həyəcandan da azad olmaq deməkdir. Halbuki, məlumatsızlıq üzündən cəmiyyətdə qorxu, həyəcan hökm sürə bilir. Həyəcan keçirməyin isə həqiqətən də heç bir xəstəliyə nə faydası, nə də bu həyəcanın nəyi isə dəyişdiyi görünməyib.

Ötən müddətində bu xəstəliyə qarşı peyvəndin hazırlanmaması cəmiyyəti təbii ki, narahat edə bilər və bu da başadüşüləndir. Amma unutmaq lazımd deyil ki, SARS virusuna qarşı da peyvəndin hazırlanması müəyyən qədər fasilə tələb etdi və düz 20 aya qədər bu uzandı. Halbuki, koronavirusa qarşı peyvəndin hazırlanmasının bir ilə qədər çəkəcəyini mütəxəssislər çoxdan bildiriblər. Heç şübhəsiz ki, bu virusa qarşı da peyvənd tapılacaq və artıq bu istiqamətdə müsbət addımlar, dinamika da var. Ələlxüsus ÜST pandemiya elan edibsə, bütün bəşəriyyət bu virusa qarşıdırsa, deməli, bəslədiyimiz ümidlər əbəs yerə deyil.

Onu da nəzərə almaq lazımdır ki, bəşəriyyət mövcud olduğu dövr ərzində dəfələrlə bir sıra epidemiyalar, xəstəliklərlə qarşılaşıb, amma heç də məhv olmayıb. Əks halda bəşəriyyət çoxdan məhv olardı və mövcud da olmazdı. Hadisələrin ardıcıllığı və xronologiyası təsdiq edir ki, bir zamanlar qorxulu hesab olunan xəstəliklər sonralar ən adi xəstəlik kimi müalicə olunan hesab olunub. Hətta insanların qorxduğu və ölümünə səbəb olduğu bu xəstəliklər son dövlərdə insanların gözündə adiləşib. Elmin hazırki səviyyədə inkişaf etdiyi dövrdə, iyirmi birinci əsrdə Covid-19 virusunun və onun törətdiyi xəstəliyin çarəsinin, ona qarşı peyvəndin tapılacağı zərrə qədər şübhə doğura bilməz. Əslində, koronavirusa yoluxanlar arasında ölənlərin sayından müalicə olunaraq sağaldılanların sayının müqaisəyə gəlməyəcək dərəcədə dəfələrlə çox olması belə təsdiq edir ki, tibb elmi hazırki dövrdə də bu xəstəliklə mabarizə aparmaq, müqavimət göstərmək qarşını almaq əzmindədir.

Bir tərəfdən də etiraf edək ki, cəmiyyət məhsulların bahalaşacağından ehtiyat edir. Mağazalarda insan sıxlığından, qiymət artımından, hətta məhsul çatışmazlığından da ehtiyatlanır. Təbii ki, belə hallara dəfələrlə rast gəlinib və məhz ehtiyatlanmaq da bu səbəbdəndir. Etiraf edək ki, cəmiyyət hərhansı mürəkkəb durumla qarşılaşanda möhtəkirlər peyda olur və tez bir zamanda varlanmaq üçün bu vəziyyətdən sui istifadə edir. Ələlxüsus, son zamanlar apteklərdə qoruyucu maskaların, respiratorların, tibbi spirtin və sait məhsulların bahalaşmasının, hətta qıtlığının da şahidi olmuşuq ki, bu da məhz həmin möhtəkirlərin dırnaqarası fəaliyyəti sayəsindədir. Məhz bu faktlar insanların narahatçılığına səbəb olur ki, bu da nəticə etibarı ilə vəziyyəti bir az da çətinləşdirə bilər. Halbuki, ölkə başçısı, Cənab Prezident İlham Əliyev həmin möhtəkirlərlə mübarizə aparıldığını və bunun qarşısının alındığı barədə ölkə vətəndaşını əmin edibsə, deməli, təşvişin zərrə qədər də mənası yoxdur. Son zamanlar apteklərdə sadalanan məhsulların qiymətinin tənzimlənməsi, çatışmamazlığın, qıtlığın və digər süni yaradılmış problemlərin aradan qaldırılması deyilənləri sübut edir.

Digər tərəfdən vətəndaşların məhsul qıtlığından da narahatlığına heç bir əsas yoxdur. Çünki, Azərbaycanda koronavirusa görə qıtlıq və bahalaşma ola bilməz. Belə bir narahatlıq özü müəyyən problemlər yarada bilər. Məsələn, bir vətəndaşın gündəlik ərzaq normasından daha çoxunu əldə etmək istəyi və bunu reallaşdırması məhsulların nisbətən azalmasına səbəb ola da bilər. O baxımdan ki, istehlak səbətinin həcmi sürətlə artdığı təqdirdə, ən azından tələblə bu məhsulların təminatı arasındakı tarazlıq müvəqqəti də olsa, az da olsa pozula bilər.

Bununla yanaşı, etiraf edək ki, tələbatdan artıq məhsulların əldə edilməsi həmin məhsulların istifadə müddətinin keçməsinə, yaxud xarab olmasına da gtirib çıxara bilər. Bu isə israfçılıqdır və belə bir israfçılıq da yolverilməzdir. Hər kəs öz gündəlik tələbat mallarını gündəlik əldə etdiyi təqdirdə tarazlığın pozulmasından söhbət gedə bilməz. İstehlakçılar istehlak edəcəkləri məhsulların qıtlığına və yaxud olmamasına görə zərrə qədər narahat olmamalıdırlar. Çünki, Azərbaycanda istər ərzaq, istərsə də qeyri-ərzaq məhsulları kifayət qədərdir və daxili istehsal da yetərlidir. Belə olan halda narahatçılığa dəyməz və hər kəs bundan əvvəlki qaydada öz məhsul tələbatını mağaza və dükanlardan gündəlik normada əldə etməlidir.

Bir sözlə, Azərbaycan nə İtaliyadır, nə İspaniyadır, nə də hansısa Avropa ölkəsi. Qoça qitənin ölkələri digərləri ilə müqaisədə daha inkişaf etmiş olsalar da, əvvəla, Azərbaycanda əhali sayı oradakından çox azdır və nəzərə alsaq ki, sözügedən virusun təhlükəsi əhalisi sıx olan ölkələr üçün daha çoxdur, deməli, həmin xəstəliyin yayılması ölkəmiz üçün bir o qədər də, ən azından onlar qədər təhlükəli deyil. Digər tərəfdən, əgər ölkəmizin əhlisinin sıxlığı həmin ölkələrlə müqaisədə azdırsa və hətta əhali sayı sıx olan və əksər məhsulları xaricdan idxal olunan ölkələr istehlakçıları təmin edə bilirsə, deməli, Azərbaycanda bunun öhdəsindən daha yüksək səviyyədə gəlinəcək və heç də təlaş keçirməyə dəyməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə