Qüdsi Bayramov: “Təsir altına düşən gənclər dövlətçiliklə bağlı heç bir təfəkkürə malik deyillər” - MÜSAHİBƏ (SƏS TV)

Qüdsi Bayramov: “Təsir altına düşən gənclər dövlətçiliklə bağlı heç bir təfəkkürə malik deyillər” - MÜSAHİBƏ (SƏS TV)

Binəqədi rayonu Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon gənclər birliyinin sədri Qüdsi Bayramovun SİA-ya müsahibəsi:

- Azərbaycan gəncliyi ölkədəki ictimai- siyasi vəziyyəti necə qiymətləndirir?

- Təbii ki, bu gün ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkəmizin 2005-2009 dövlət gənclər siyasəti haqqında proqramı var idi. Biz 2009-cu ildə bu proqramı uğurla başa çatdırdıq. Dövlət başçısı tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına dair sərəncamı əsasında bununla bağlı müvafiq qurumlara tapşırıq verilib. İki ay müddətində dövlət gənclər siyasəti ilə bağlı proqram qüvvəyə minəcək. Bu gün ölkənin müxtəlif iqtisadi, təhsil səhiyyə, idman və digər sahələrində ölkə gənclərinin həddindən artıq fəal iştirakını görürük. Bu gün ölkə gəncliyi istər ölkə daxilində, istərsə də ölkədən kənarda öz güclərini təhsil və bacarıqlarını nümayiş etdirirlər.

- Son zamanlar bəzi gənclərin təsir altına düşüb küçələrdə hökümət, dövlət əleyhinə çıxışlar etməsinə münasibətiniz necədir?

- Təbii ki, bu hadisələr bizdə də təəssüf doğurur. Bu gün ölkədə ziyalı gənclərin böyük əksəriyyəti bizim ətrafımızda birləşib, tədbirlərimizdə iştirak edirlər. Təsir altına düşən gənclər təhsildən, işdən ayrı düşən gənclərdir ki, onlar öz vaxtlarını səmərəli istifadə edə bilmirlər. Onlar gələcəyini, həyatını yüksək səviyyədə qurmaq üçün qarışıqlıq yaratmaq istəyirlər. Bəzi qüvvələr bu yolla yenidən hakimiyyətə gəlmək istəyirlər. Təbii ki, biz 1990-1992 - ci illərdə baş verən meydan hadisələri zamanı gördük ki, belə insanların qurduğu dövlət Azərbaycanı uçuruma apardı. Lakin dövlət başçısının həyata keçirdiyi işlər sayəsində ölkəmizdə çox sürətlə iqtisadi inkişaf gedir. Ən böyük problemimiz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ problemidir ki, bu gün artıq beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyün tanıyır və münaqişə tezliklə sülh yolu ilə həll olunmalıdır. Biz qurulmuş dövlətimizi inkişaf etdirməli, ölkəni bu yola doğru aparmalıyıq. Təbii ki, müxalifət yönlü gəncləri çalışırıq ki, öz tərəfimizə çəkək və ölkəmizin inkişafında birgə addımlayaq, bir çalışaq.

- Sizcə, meydan təfəkkürü ilə nəyisə əldə etmək mümkündürmü? Müxalifətin buna gücü yetərlidirmi?

- Biz təsir altına düşən gənclərlə sosial şəbəkələr vasitəsilə söhbətlə aparırıq. Təbii ki çox vaxt onlar bizi tənqid edirlər. Onların bu hərəkəti təhsildən uzaq olmalarını göstərir. Onlar təsadüf nəticəsində özünü reklam edən gənclərdir ki, müxalifət qüvvələrinin təsiri altına düşərək onların mitinqlərində iştirak edirlər. Biz belə gənclərlə söhbət apardıqda onların dövlətçiliklə bağlı heç bir təfəkkürə malik olmadıqlarını görürük. Ümumiyyətlə, o gənclərin dünya görüşü olduqca azdır. Təsir altına düşənlərin əksəriyyəti radikal dindarlardılar ki, onlar Azərbaycanda ictimai- siyasi sabitliyi pozmaq istəyirlər. Lakin biz tolerant ölkəyik. Bir sıra ölkələr bizim dini baxışları yüksək qiymətləndirirlər. Hər bir millət Azərbaycanda öz dinini rahat şəkildə təbliğ edə bilər. Lakin biz radikal dinin əleyhinəyik. Biz dünyəvi dövlətik.

- Gənclər olaraq siz səhv yolda olan gəncləri doğru yola çəkmək üçün hansı işlər görürsünüz?

- Təbii ki biz gənclərlə çox söhbətlər aparır, onları bu yoldan çəkinməyə dəvət edirik. Biz onlarla debat, söhbət apardıqda səhv yolda olan gənclərin kənardan təsirə məruz qaldıqlarını görürük. Onlar o qədər hazırlaşdırılıb ki, düzü görmək istəmirlər. Bütün günü sosial şəbəkələrdə olan həmin gənclər görünür ki, işsiz və heç bir marağa malik olamayan gənclərdir. Biz də onlarla mübarizə aparmağa çalışır, onları bu yoldan çəkindirmək üçün işlər görürük.

- Azərbaycanın gələcəyi olan gənclər ölkəmizin inkişaf etməsi üçün yetərli iş görə bilirlərmi?

- Ölkədən kənarda təhsil alan gənclərimiz var ki, onlar ölkəmizin xaricdə tanınması üçün müəyyən işlər görürlər. Bu gün Azərbaycan gəncləri ölkəmizin bütün sahələrində fəallıq göstərirlər. Avropa ölkələrində keçirilən yarışlarda, konfrans, forum və simpoziumlarda gənclərimiz layiqlə iştirak edir, ölkəmizi lazımınca təmsil edə bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə