"İnsanlar dövlətin qaldırdığı məsələyə adekvat cavab verməlidir" - AÇIQLAMA

"İnsanlar dövlətin qaldırdığı məsələyə adekvat cavab verməlidir" - AÇIQLAMA

“Azərbaycan şükürlər olsun ki, uzun zamandır epidemiya ilə üz-üzə qalmayıb. Bir zamanlar elə epidemiyalar olub ki, bir gecədə bir kənd həmin epidemiya səbəbilə məhv olub. Həkimlər dünyada həmin epidemiyalarla əlaqədar bir çox tədqiqatlar aparıb. Bununla da dünyanın gedişatını dəyişiblər”. Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, bildirib ki, Azərbaycanda bu epidemiyadan əhalinin qorxusu azdır: “Düşünürəm ki, bu xəstəliyin varlığına inanmırlar. Lakin ÜST-nın göstərdiyi səyi, Azərbaycan hökumətinin gördüyü tədbirləri cəmiyyət düzgün qiymətləndirməlidir və vəziyyətin ciddi olduğunu dərk etməlidirlər. Azərbaycan hökuməti haqqlı və əhəmiyyətli addımlar atıb. İnsanlar dövlətin qaldırdığı məsələyə adekvat cavab verməli və öz köməkliklərini göstərməlidirlər. Cəmiyyət özü bu məsələyə dəstək verməlidir. Bu epidemiyadan heç kim sığortalanmayıb. Biz görürük ki, qonşu dövlətin hətta yüksək dərəcəli məmurları da dünyasını dəyişib. Ona görə də hər bir vətəndaş bir nəfər kimi verilən tapşırıqlara əməl etməlidir”.

Təşkilat sədri qeyd edib ki, Nazirlər Kabinetinin qərarı yerində verilmiş bir qərardır: “Başqa ölkələrdə də bu cür, hətta bundan da ağır qadağalar var. Ən isti ölkələrdə belə bu tədbirlər görülüb. Dünən Səudiyyə Ərəbistanı ilə əlaqə saxladım və öyrəndim ki, orada da məktəblər bağlanıb və lazımı bütün qadağalar tətbiq edilir”.

E.Hüseynov sonda vurğulayıb ki, biznes qurumları isə hazırki vəziyyətdən sui istifadə etməməlidirlər: “Qiymət artımına getməməli, biznez etikasına əməl etməli, dövlətin onlar üçün yaratdığı bu şəraitdən mənfi məqsədlərlə istifadə etməməlidirlər. Onlar da bu çətin vəziyyəti düzgün qiymətləndirməli, lazımı köməkliyi göstərməlidirlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə