"Azərbaycanda koronavirusun çox ciddi fəsadlar törətməməsi üçün lazımı addımlar atılır. Şübhəsiz ki, vətəndaşlarımız da hər biri həm özünün, həm də ailə üzvlərinin, həm yaxınlarının, həm də bütövlükdə cəmiyyətin sağlamlığının qorunması üçün lazımı qaydalara riayət etməlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Musa Quliyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini şərh edərkən deyib.
Millət vəkili bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın yaydığı informasiyada ciddi qərarların qəbul olunduğu görünür və həmin qərarların da mətbuat konfransı vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırıldığını vurğulayır:
"Operativ Qərərgahın yaranması, fəaliyyəti və qəbul etdiyi qərarlar hamısı dövlətin, həmçinin Azərbaycan Prezidentinin Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və sosial təminatların həyata keçirilməsi qayğısının bir ifadəsidir. Ümumdünya Səhiyyə Təşkilatının da elan etdiyi kimi koronavirus pandemiyaya çevrilib. Hazırda hər bir dövlətin ümumi vəzifəsi milli təhlükəsizliyi qorumaqdan ibarətdir. O cümlədən, insanların həyatına olan hər hansı bir təhlükənin aradan qaldırılması tədbirlərinin görülməsidir. Operativ Qərərgahın qəbul etdiyi qərarlar bu məsələnin nə qədər dövlət tərəfindən ciddiyə alındığını göstərir və koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün hansı tədbirlərin vacib olduğunu vurğulayır.
Həmin qərarlara görə artıq bütün kütləvi mədəni, sosial, siyasi, iqtisadi və turizmlə bağlı tədbirlər ləğv olunur, gediş-gəlişlər məhdudlaşdırılır. Əhalinin sıx toplaşacağı məkanlarda xüsusi rejim tətbiq olunur. O cümlədən kafelər, restoranlar, şadlıq evləri, təhsil müəssisələri, xəstəxanalara gediş-gəliş məhdudlaşdırılır, ehtiyac olmadığı halda hər hansı bir xəstə ziyarəti və yaxud başqa məqsədlə xəstəxanaya gedişlər məhdudlaşdırılır. Bütün bunlar hamısı vətəndaşları qorumaqla bağlıdır. Digər tərəfdən Milli Məclisdə də koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə qanunvericiliyə müvafiq əlavələrin və dəyişikliklərin edilməsi müzakirə olunsun. Bütövlükdə əhalinin maarifləndirilməsi lazımı informasiyanın verilməsi, infeksiyanın yayılmaması üçün epidemik tədbirlərin görülməsi hamısı onu göstərir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin tapşırıqları əsasında lazımı işləri görür".
Hər bir şəxsin fərdi qaydada gigiyena qaydalarına riayət etməsinin bütövlükdə cəmiyyət üçün atılan bir addım olduğunu əlavə edən deputat cəmiyyətin sağlamlığın qorunması ilə bağlı lazımı qaydalara riayət etməli olduğunu vurğulayıb:
"İlk növbədə ehtiyac olmadığı halda insan təmaslarından qaçınmalıdırlar, hər hansı bir toplantıların keçirilməsinə məhdudiyyət qoyulubsa deməli buna əməl olunmalıdır. Şəxsi gigiyena qaydalarına riayət olunmalıdır. Əllərin dezinfeksiya olunması, tez-tez yuyulması, hər hansı bir soyuqlama əlamətləri olarsa, tempraturun artması halları baş verərsə mütləq həkimə müraciət etmək, qoruyucu maskalardan maksimum şəkildə istifadə etmək lazımdır".
Musa Quliyev qeyd edib ki, bir ay müddətində ölkədə ciddi karantin rejiminin elan olunması əhalinin sağlamlığının qorunması və infeksiyadan mühafizə edilməsi üçün çox vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB