Raqif Abbasov: “Gənclərlə bağlı yeni proqram gəncliyi yeni zirvələrə aparacaq”- MÜNASİBƏT

Raqif Abbasov: “Gənclərlə bağlı yeni proqram gəncliyi yeni zirvələrə aparacaq”- MÜNASİBƏT
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam dövlətin bu sahəyə olan diqqət və qayğısını bir daha təsdiqlədi. Bu sözləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu vaxta qədər dövlət proqramlarını günün tələbi və qloballaşma, iqtisadi inkişaf prosesləri, ümumiyyətlə, ictimai həyatda gənclərin rolu, bir çox sahəni əhatə edən gənclərin sosial- iqtisadi məsələləri, yaradıcı gənclərə geniş sahələrin yaradılması, elektron bilgilərə böyük diqqətin ayrılması, tarixi-mədəni irsimizin öyrənilməsi, dövlətçiliyimizin, vətənpərvərliyimizin təbliğatı təşkil edirdisə, yeni sənəd bu məsələlər daxil olmaqla daha mükəmməl sənəd olacaq.

Onun sözlərinə görə, yaşı 31-ə qədər olan əhalinin 60 faizindən çoxunu, yaşı 29-a qədər əhalinin 32 faizini təşkil edən gənclərə aid normativ hüquqi sənəd gəncliyi yeni zirvələrə aparacaq. Gənclərə dair dövlət proqramının gənclərə yeni məkan açacağını dilə gətirən idarə rəisi söyləyib ki, sənəd nəticə etibarı ilə dövlətin gənclər siyasətinə əyani sübutu olacaq.
"Ümumilikdə bilirsiniz ki, Azərbaycanın iqtisadi gücü artır. Növbəti illərdə beynəlxalq maliyyə institutları tərəfindən gəlirlərimizin, dövlət büdcəsinin artması bundan sonra xərclərin daha çox sosial yönümlü olacağını göstərir. Sosial məsələlərin həlli də müxtəlif layihələrin reallaşması, yeni iş yerlərinin açılması gənclər üçün xüsusi meydan açacaq. Sözügedən sənəd ümumilikdə olduqca nümunəvi sənəddir. Birmənalı olaraq proqram gənclər üçün çox böyük imkanlar yaradacaq. Burada gənclərlə bağlı müxtəlif sahələrin inkişafı ilə yanaşı, eyni zamanda innovativ məsələlərə, ixtiralara, İKT-nin inkişafına, gənclərin xaricdə təhsil almasına, hərbi- vətənpərvərlik sahəsinə, qaçqın və məcburi- köçün yaradıcı gənclərə böyük önəm veriləcək, onlar üçün geniş şərait yaradılacaq", - deyə R. Abbasov qeyd edib.
Qeyd edək ki, dövlət başçısı gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə Prezident Administrasiyasına "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını 10 gün müddətində təmin etməyi tapşırıb. Qeyd olunan işçi qrupu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə