"Səs" qəzetində "Qadın və cəmiyyət" mövzusu müzakirə edildi - DƏYİRMİ MASA
Artıq illərdir ki, "Səs" qəzeti tərəfindən, ənənəvi olaraq, ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil olunur. Bu dəyirmi masalarda ölkəmizdə dövlət başçısının rəhbəriliyi ilə həyata keçirilən islahatlar və layihələr, eləcə də, xalqımızın tarixi, milli-mənəvi dəyərləri ətrafında müzakirələr aparılır.
Növbəti dəyirmi masa feminist qadınlar tərəfindən 8 Mart Gününü "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında keçirilən icazəsiz aksiya ilə əlaqədar təşkil olunmuşdu. Dəyirmi masada Bakı Dövlət Universitetinin hüquq fakültəsi, insan hüquqları və informasiya hüququnun dosenti Daşqın Qəmbərov, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova, "Gənclərin Həmrəyliyi" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, "Abidələrin Müdafiəsi Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılov, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Pirallahı rayon Qızıl Aypara Cəmiyyətinin sədri Təranə İsgəndərova, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimova, DAK-ın idarə heyətinin üzvü Fatma Sofiyeva iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev müdrikliyi ilə seçilən Azərbaycan qadınının tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də, ümumi tərəqqisində müstəsna rol oynadığını qeyd etdi. O bildirdi ki, bu günlərdə mənəvi dəyərlərimizə zidd olan "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında keçirilən aksiya cəmiyyətimiz tərəfindən etirazlarla qarşılandı. Azərbaycanda qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin təmin edilməsi, qadın və ailə problemlərinin həlli istiqamətində böyük işlərə imza atılıb.
-Daşqın müəllim, yaxşı olardı ki, Azərbaycanda qadınlara olan diqqət, dövlət gender siyasəti, qadınların hüquqların qorunması, ictimai fəallığının artırılması məqsədi ilə qəbul olunan qanunlara və həyata keçirilən islahatlara nəzər salaq.
.jpg)
QADINLARA QARŞI MƏİŞƏT ZORAKILIĞININ ARADAN QALDIRILMASI" HAQQINDA QANUN QADIN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ MÜHÜM MƏRHƏLƏNİN ƏSASINI QOYDU
DAŞQIN QƏMBƏROV:
- İlk olaraq, "Səs" qəzetinin belə bir aktual mövzuda dəyimi masa təşkil etdiyinə görə minnətdarlığımı bildirirəm. Əvvəlcə feminizm anlayışna diqqət yetirmək istərdim. Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. Feminizmin ilk dalğası XIX əsrin sonu-XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. Bildiyimiz kimi, ölkəmizdə milli qadın siyasəti ilk dəfə Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət statusu almışdır. Müsəlman dünyasında, ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək, seçmək və seçilmək hüququ verilmişdi. Bir əsrdən artıqdır ki, Azərbaycan qadınları hüquqlara malikdir. Qeyd edək ki, Fransada 1944-cü ildə, Yaponiyada isə 1945-ci ildə qadınlara hüquq verilmişdir.
Müstəqillik illərində qadın hüququ ilə bağlı olan qanunlara nəzər salsaq, görərik ki, demokratik dəyərlərə önəm verən Azərbaycanda bununla bağlı kifayət qədər sənədlər mövcuddur. Onlardan bir neçəsini nəzərdən keçirək. 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. 2006-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında" çox mühüm Qanun imzaladı. Həmin Qanuna əsasən, Azərbaycan qadınları çox geniş hüquqi təminatlar əldə etdilər, kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə dövlət başçısı "Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması" haqqında Qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu.
.jpg)
KÜÇƏLƏRDƏ DƏYƏRLƏRİMİZƏ SIĞMAYAN ŞÜARLARLA ÇIXIB ƏXLAQ NORMALARINA SIĞMAYAN HƏRƏKƏTLƏR AZƏRBAYCAN QADININA YARAŞMAYAN ADDIMDIR
MAHİRƏ ƏMİRHÜSEYNOVA:
- İlk olaraq deyim ki, aksiya öyrədilmiş bir qrup tərəfindən təşkil olunmuşdur. Bu "qadınlar" milli dəyərlərimizə tamamilə zidd olan bir aksiyanın iştirakçıları idilər. Azərbaycan qadınına verilən hüquqlar dünyanın heç bir ölkəsində yoxdur. Azərbaycan qadınına dövlətimizin göstərdiyi diqqət və qayğı, eləcə də, kişinin qadına yanaşma tərzi və münasibəti dünyanın heç bir ölkəsində təsadüf olunmur. Aksiya iştirakçılarının bir qisminin 18 yaşı, bəzilərinin isə heç 18 yaşı da yox idi. Şüarlarında irəli sürdüklərinin də heç bir məntiqi əsası yox idi. Axı, sən cəmiyyətdə nə baş verdiyindən xəbərsizsən və hansı huquqların tapdanılmasından danışırsan. Onlara qarşı cəza tətbiq olunmalıdır.
Cəmiyyətimizdə hər zaman müqəddəs sayılan, milli-əxlaqi dəyərlər üzərində qurulan, fərqliliyi və möhkəm təməli ilə seçilən Azərbaycan qadınının rifah halının yaxşılaşdırılması, ailə ənənələrinin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər reallaşır. Belə olan halda, küçələrdə dəyərlərimizə sığmayan şüarlarla çıxıb əxlaq normalarına sığmayan hərəkətlər etmək Azərbaycan qadınına yaraşmayan addımdır. Bu məqamda Azərbaycan polisinin onlara necə təmkinlə, mədəniyyətlə yanaşmasını da vurğulamaq istərdim. Görün, polisimiz onlara yağdırılan təhqiramiz sözlərə qarşı necə səbrlə yanaşdılar. Mən belə səbrli və təmkinli polisimizə təşəkkürümü bildirirəm.
.jpg)
AZƏRBAYCAN QADINLARI KİŞİLƏRLƏ BƏRABƏR HÜQUQDADIRLAR VƏ DÖVLƏT STRUKTURLARINDA VƏ SEÇKİLİ ORQANLARDA TƏMSİL OLUNURLAR
ANAR XƏLİLOV:
- Azərbaycandan kənarda, xarici dövlətlərdə anti-Azərbaycan kampaniyasının aparılması, eləcə də ölkəmizdə keçirilən aksiyaların arxasında kimlərin dayandığı bəlli həqiqətdir. Təbii ki, feminizm adı altında keçirilən aksiyada bu anlayışa aid olmayan şüarlar var idi. Feminizmlə bu aksiyada səslənən şüarlar tamamilə fərqli idi. Onların şüarları tərbiyəsizlikdən başqa bir anlam daşımırdı. Azərbaycanın dinamik inkişafı və beynəlxalq nüfuzunun, mütəmadi olaraq, artması bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Həmin anti-Azərbaycan dairələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, qərəzli yanaşma nümayiş etdirirlər. Odur ki, hər bir vətəndaş Azərbaycandakı bu təhlükəsiz mühiti və sabitliyi göz bəbəyi kimi qorumalıdır.
Xaricdə mövcud olan anti-Azərbaycan qüvvələrin öz niyyətlərini Azərbaycanda həyata keçirə bilmirlər. Səbəb isə ölkəmizdə mövcud olan xalq və iqtidar birliyidir. Azərbaycan Prezidentinin prinsipiallığı, yürütdüyü mükəmməl daxili və xarici siyasət bütün məqamlarda Azərbaycanı ancaq işıqlı gələcəyə aparıb, bundan sonra da aparacaq.
Cənab İlham Əliyev kimi bir Liderin rəhbər olduğu ölkədə heç bir məkrli niyyəti, qara ideologiyanı, absurd ssenariləri həyata keçirmək mümkün deyil. Anti-Azərbaycan qüvvələr ölkənin daxilində müəyyən siyasi qruplaşmalarla dialoqa girib, siyasi sabitliyi və əmin-amanlığı pozmağa çalışırlar. Bu aksiya Azərbaycan ailəsinə zərbə vurmaq məqsədi daşıyır. Görün, bu gün Azərbaycan qadınları kişilərlə bərabər hüquqdadırlar və dövlət strukturlarında, seçkili orqanlarda təmsil olunurlar. Keçirilən aksiyanın sifarişçiləri var idi. Bu günə qədər keçirilən aksiyaların bir nəticəsi olmadığından indi də bu yola əl atıblar.
"SƏS" QƏZETİNİ ƏMƏKDAŞI:
- Aynur xanım, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə aksiyanın iştirakçısı olanlara qarşı hansı tədirləri görür?
.jpg)
SİYASİ PARTİYALARDA VƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINDA FƏALİYYƏT GÖSTƏRƏN, RƏHBƏR VƏZİFƏLƏRDƏ ÇALIŞAN QADINLAR ÖLKƏMİZƏDƏ HƏYATA KEÇİRİLƏN GENDER BƏRABƏRLİYİNİN TƏCƏSSÜMÜDÜR
AYNUR VEYSƏLOVA-ABBASOVA
- Bu gün qloballaşma və modernləşmə şəraitində ölkəmizdə, bütün sahələrdə olduğu kimi, ailə məsələlərinə də böyük diqqət yetirilir. Məlumdur ki, 15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən qeyd olunur. Azərbaycanda da bu gün qeyd olunur. Bu, bir faktdır ki, Azərbaycanda dövlət ailə siyasətinin, gender siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə Azərbaycanda "Qadın Problemləri üzrə Dövlət Komitəsi"nin yaradılması bu istiqamətdə daha bir addım oldu. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Bu sahəyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda Komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq, mövcud problemlərin üzərində işləyir və onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.
Bu gün Azərbaycan qadınına bütün hüquqlar verilib. Qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakı da artmaqdadır. Siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların olması ölkəmizədə həyata keçirilən gender bərabərliyinin təcəssümüdür. Bu gün yerli idarəetmə orqanlarında 39 faiz qadınlar təmsil olunur. Biz statistik göstəricilərə baxsaq, Azərbaycan qadınına verilən bərabərliyin, hüququn şahidi olarıq.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadınına məxsus olan yüksək dəyərləri görə bilərik. Mehriban Əliyeva bütün əməlləri ilə nümunə olan Azərbaycan qadını obrazıdır. Azərbaycan qadını deyəndə, biz yüksək dərərləri özündə birləşdirən, iradəli, sağlam düşüncəli bir xanım göz önünə gəlir. Qoy aksiyada iştirak edənlər öz potensiallarını Azərbaycanın gələcək inkişafına sərf etsinlər və Azərbaycan qadınında olan dəyərləri özlərində yaşatsınlar.
ZÜLFİYYƏ NURİYEVA:
- Mən deyrdim ki, bu günün gəncini meydanda tək qoymaq xoşagəlməz olar. Bu gün ölkəmizdə gənclərin inkişafı, çalışması, öz istedadını üzə çıxarması istiqamətində nə qədər imkanlar var. Ölkəmizdə Gənclər Fondu, QHT-lər və s. fəaliyyətdədir. Nə qədər yeni-yeni layihələrlə çıxış edə bilərlər. Həmin aksiya günündə mən də orada idim. İnandırım sizi ki, onlar nə etdiklərin belə bilmirdilər. Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov təhqir edən fikirləri səsləndirən Nərmin Şahmarzadə yerə oturub ayaqqabısının bağını bağlaya-bağlaya qışqırdı. Mən ona yanaşıb nə üçün belə qışqırdığını soruşanda, heç bilmədi nə desin. Axı, onlar bu cəmiyyətə nə veriblər ki, nə də istəyirlər? Biz onları tutduqları yoldan geri qaytarmalıyıq. Nərmin kimlər cəzalandırılmalıdır, belə hərəkətlərdən çəkindirməlidirlər. Belə olan halda, vətəndaş cəmiyyəti fəaliyyətini artırmalıdır.
.jpg)
FAİQ İSMAYILOV:
- Bizim ölkəmiz ilk müsəlman ölkəsidir ki, qadınlara, hələ 100 il bundan əvvəl kişilərlə bərabər, seçmək və seçilmək hüquq vermişdir. Azərbaycan qadını mərd, mübariz bir qadındır. Nağıllarda, dastanlarda olduğu kimi, Azərbaycan qadını qılınc oynadan, at belində olan bir qəhrəmanlıq nümunəsidir. 70 il sovet imperiyasında yaşasaq da, bizim milli-mənəvi dəyərlərimizə zərbə vura bilmədi. Biz keçirilən aksiyanı saytlarda təbliğ etməliyik. Maarifləndirmə işləri aparılmalıdır. O insanları cəmiyyətdən təcrid yox, düzgün yola gətirməliyik. Biz onların sağlam formalaşması, sağlam düşüncə ilə bu dövlətdə yaşaması istiqamətində maarifləndirci tədbirlər təşkil etməliyik ki, kimlərinsə gələcəkdə alətinə bir daha çevrilməsinlər.
.jpg)
"Azərbaycan gəncinin ləyaqətsiz əməlinə, küçələrə çıxıb dəyərlərimizə zidd hərəkət etməsinə görə xəcalət çəkirəm"
MƏHLUQƏ RƏHİMOVA:
- Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. Azərbaycan qadını bütün dövrlərdə gözəllik örnəyi olub. Bunu hər şeyi öz yaddaşında qoruyub-saxlayan tarixi salnamələr deyir. Ağıllı, cəsur sələflərimiz ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndiriblər. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi və işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Sözünün bütövlüyü, ictimai fəallığı, zəhməti, isməti və zəkası ilə.
300 ildir ki, bizim genefonumuzun üzərdən işləyirlər. Azərbaycan türklərinin mənəvi dəyərlərinə zərbə vurmağa çalışırlar. Mən bu gün Azərbaycan gəncinin ləyaqətsiz əməlinə, küçələrə çıxıb dəyərlərimizə zidd olan hərəkət etmələrinə görə xəcalət çəkirəm. Onları cəmiyyətə qaytarmalıyıq. Biz buna görə məsuliyyət daşıyırıq. Bu aksiyanın tşkilatçılarının kökünü araşdırmalıyıq. Nəyə görə, Azərbaycan qızı küçələrə çıxıb adət-ənənələrə zidd hərəkət etməlidir. Onlar sabahın analarıdır.
.jpg)
FATMA SOFİYEVA:
- Azərbaycan qadınının istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında misilsiz xidmətləri olub və bu gün də var. Tarixən Azərbaycan qadınları cəmiyyətin, nəinki elmi-mədəni, həm də ictimai-siyasi həyatında fəal rol oynamış, o, hətta bir sıra ciddi problemlərin həllində yaxından iştirak etmişdir. Xədicə İsmayılova, Rəbiyyət Məmmədova kimi qadınlar cəmiyyətimizin sağalmaz yaralarıdırlar. Azərbaycanın Tomrisləri, Sara Xatunları olub. Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı Zərif xanım Əliyeva kimi fədakar ziyalı xanımları olub. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva kimi ictimai-siyasi xadimimiz var. Bu gün bir qrup insanın küçələrə çıxıb qeyri-əxlaqi fikirlər söyləməsi bizə, Azərbaycan xalqının dəyərlərinə sığmır.
.jpg)
TƏRANƏ İSGƏNDƏROVA:
- Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda, milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq, məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işlər təqdirəlayiqdir. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə, böyük layihələrin müəllifinə çevrilib. Bu gün gənclərimiz Azərbaycan qadınına örnək olan insanlardan öyrənməli və onların yolunun davamçısı olmalıdırlar.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB