İmmuniteti zəif olan erməni əsgəri TƏHLİL

İmmuniteti zəif olan erməni əsgəri TƏHLİL

Ermənistan ordusunda koronavirusun yayılması faktı həmin ölkədə gizlədilsə də, bu barədə məlumatlar qonşu ölkələrin belə mətbuat səhifələrində öz əksini tapır. Xüsusilə, Gürcüstana məxsus media orqanı qoşunların təmas xəttindəki mənbələrinə istinadən bu barədə açıq-aşkar məlumatlar yayır və bu məlumatlarda bildirilir ki, Ermənistan ordusunun şəxsi heyətində koronavirus infeksiyası var və bu infeksiya sürətlə yayılır.

İnfeksiyanın işğalçı ölkənin ordu sıralarında kütləvi hal aldığı da qeyd olunur. Bildirilir ki, bu halların əvvəlcə sıradan bir xəstəlik hadisəsi olduğu qənəati var idisə də, sonradan bəlli olub ki, heç də düşünüldüyü kimi deyil. Artıq müəyyən olunub ki, həqiqətən də Ermənistan ordusunda koronavirus infeksiyası movcuddur və ən acınacaqlı vəziyyət odur ki, bu infeksiya orduda sürətlə yayılır. Doğrudur, yoluxma faktları gizlədilir və ciddi şəkildə bu məlumatların qorunmasına nəzarət edilir, amma cidanı çuvalda gizlətmək olmadığı kimi, Paşinyan hakimiyyəti də bu məsələni uzun müddət nəzarətdə saxlaya bilməyəcək.

Əslində, Ermənistan hakimiyyəti orduda yeni koronavirusa yoluxma hadisəsi ilə mübarizə aparmaq əvəzinə, bu məsələnin məxfiliyini qorumaqla heç nəyə nail ola bilməz. Onsuz da belə bir hal, yəni Ermənistan ordusunda xəstəliklərin baş alıb getməsi, antisanitariya vəziyyəti, ermənilərin çaxnaşmada olması birinci dəfə deyil və ordu sıralarındakı çatışmamazlıqlar bu ölkə üçün xarakterikdir. Biz bundan əvvəl Ermənistan ordusunda fərariliyin, intihar hallarının, ölümlə nəticələnin qarşıdurmaların, intriqaların, müxtəlif növ xəstəliklərin və sair bu kimi halların da şahidi olmuşuq. Bu baxımdan Paşinyanın və onun hakimiyyətinin, komandasının bu məqamda virusa yoluxma faktlarını gizlətməsinin heç bir mənası yoxdur.

Paşinyan və ümumilikdə Ermənistan hakimiyyəti faktları nə qədər gizlətsə də dünyanın istənilən ölkəsində, istənilən yerində az qala hamı bilir ki, bu işğaçı ölkənin ordusu, əsgəri acınacaqlı vəziyyətdədir. Dünyanın bir sıra hərbi ekspertləri bu ölkədə hərbi xidmətdə olan əsgərin qidalanmasında, geyimində, xidmət şəraitində problemlərin olduğunu açıq-aşkar etiraf edirlər. Məsələn, bildirilir ki, erməni əsgərlər cırılmış, köhnə, nimdaş paltarlardadır. Qeyd olunur ki, belə bir vəziyyətdə olan əsgərə dünyanın heç bir yerində rast gəlinən deyil. Ümumiyyətlə, aclıq, geyim çatışmazlığı hökm sürən ordu sıralarında xidmət edən əsgərlərin psixoloji durumundan tutmuş, sağlamlığına qədər şübhə altında olduğu bildirilir ki, bu da həmin ölkənin ordu sıralarında istənilən infeksiyanın, istənilən xəstəliyin əmələ gəlməsi, yayılması üçün münbit şərait deməkdir. Bir sözlə, hazırda Ermənistan ordusunda yeni koronavirus infeksiyasının olması və sürətlə yayılması heç də təəccüb doğura bilməz. Bir növ bu gözlənilən idi və sadalanan acınacaqlı vəziyyət işğalçı ölkənin ordusu üçün daha böyük bəlalar, daha ciddi xəstəliklər, ölüm halları vəd edir.

Təmas xəttində olan mənbənin məlumatına görə, burada qısa bir zaman fasiləsində çoxlu sayda xəstə əsgər tibbi nəqliyyat vasitələri ilə hərbi hissədən çıxarılıb. Onun sözlərinə əsasən, saat 9: 00 radələrindən 13: 00 radələrinə qədər olan qısa fasilədə Ağdam və Tərtər rayonları arasındakı ön cəbhədə, xüsusilə, Ağdamda 2 hərbi tibbi nəqliyyat vasitəsi əsgərləri 14 dəfə, Tərtərdə isə 3 hərbi tibbi nəqliyyat vasitəsi xəstələri 9 dəfə hərbi hissədən çıxarıb. Bu isə o deməkdir ki, nə qədər gizlədilsə belə infeksiya Ermənistan ordusunda artıq kütləvi xarakter alıb. Yəni, hərbi tibbi nəqliyyat vasitələrinin cəmi bir neçə saat ərzində bu qədər sayda əsgər daşıması ciddi bir statistik göstəricidir ki, bu işğalçı ölkədə əməlli başlı həyəcan siqnalına səbəb olmalıdır. Əslində, Nikol Paşinyuanın son günlərdə özünün Facebook səhifəsində canlı yayımda hamını sanitariya, gigiyena qaydalarına riayət etməyə, bir-birilərilə əllə görüşməməməyə, təmasdan çəkinməyə çağırışı özü bir həyəcan siqnalıdır, baxmayaraq ki, o bu həyəcanı gizlətməyə çalışır.

Mənbə erməni əsgərlərin Ağdərədəki və Xankəndindəki xəstəxanalara aparıldığını qeyd edir. Halbuki, bu barədə dırnaqarası demokratiya və azadlıq carçısı olan küçə nümayişçisi Paşinyan susur. Nə Nikol, nə də onun komandası olan Ermənistan hakimiyyəti bir xəbər belə vermək istəmir öz həmvətənlərinə. Yoxsa ictimaiyyətin halı onu zərrə qədər maraqlandırmır deyə bu səssizliyə, saymazlığa da əl atmağı özünə rəva bilir? Axı, orduda xidmət edən əsgərlər onu küçələrdən hakimiyyətə çiyinlərində gətirənlərin balalarıdır və indi erməni baş naziri niyə onların vəziyyətinə saymazlıqla yanaşır? Budurmu onun erməni xalqını düşünməsi? Yaxud, küçələrdən hakimiyyətə hövlnak gələrək “işıqlı gələcək”, “qızıl dağlar” vədən edən Paşinyan bunu nəzərdə tuturdumu? Soruşmaq ayıb olmasın, hardan peyda olduğu bilinməyən bu küçə nümayişçisi hakimiyyəti qamarlamaq üçün istifadə etdiyi “sehrli çübuğu” niyə işə salmır?

Təmas xəttindki mənbənin məlumatına görə, hərbi hissələrdən tibbi müəssisələrə aparılan xəstələr halsızlıq, titrətmə və yüksk hərarətdən şikayətlənirlər. Bu isə, yəni sadalanan simptomlar onu deməyə əsas verir ki, hələ daha çox erməni əsgərinin sözügedən virusa yoluxduğunu düşünməkdə hər kəs haqlıdır. Axı hərbi hissələrdən çıxarılan həmin xəstələr bu vaxtadək öz xidməti yerlərində yoldaşları ilə yaxın təmasda olublar və onların da bu simptomlarla xəstəxanalara daşınmayacağına kimsə zəmanət verə bilməz. Heç o daşınan xəstələrin də sağalacağına belə zəmanət vermək əzmində deyil Ermənistan. Ümumdünya Səhiyyə Təşkilatı da bu qənaətdədir və bildirilir ki, Ermənistan bu infeksiya ilə mübarizədə acizdir. Bu barədə işğalçı ölkəyə məxsus olan “Hraparak” qəzeti də yazır. Qəzet yazır ki, bir neçə gündür ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Ermənistandadır və onlar Ermənistanın kontravirusa tab gətirməyə hazır olub-olmadığını müəyyən etmək üçün böyük xəstəxanaları izləyirlər. Nəşrin müxbiri xəstəxanalardan birinin məsul şəxsindən “Nə nəticəyə gəldilər?”, deyə soruşub.

"Xəstəliyin öhdəsindən gələ bilinməyəcəyi qənaətinə gəliblər və həqiqətən də ÜST-nin köməyi olmadan müqavimət göstərə bilmərik", deyə xəstəxananın məsul şəxsi cavab verib. Daha doğrusu Ermənistana məxsus xəstəxananın məsul şəxsi açıq-aşkar etiraf edib bunu.

Hadisələrin gedişi tamam acınacaqlı proqnozlar vəd edir Ermənistan üçün. Bunu yerli vətəndaşlar da çox gözəl dərk edir. Hərbi xidmətə olan diqqətsizlikdən bütün ermənilər şikayətçidirlər. Hətta bütün dünya ictimaiyyəti şahiddir ki, ölən əsgər anaları vaxtaşırı hakimiyyətə qarşı aksiya keçirir və tələblərlə çıxış edir. Doğrudur, onlar hökumətdən kompensasiya tələb etsə də, məqsəd əsgərə olan qayğını tələb etməkdir. Çünki, onlar küçədə adi atışma nəticəsində ölənlərə belə ayrılan diqqətin əsgərlərə ayrılmadığından narazıdırlar. Bu həm də hazırda Ermənistanın ordu sıralarında hərbi xidmətdə olanlara görə ermənilərin keçirdiyi narahatlıqdır ki, bu narahatlıqda da onlar həqiqətən haqlıdırlar. Çünki, erməni hakimiyyəti, xüsusən də Paşinyan komandası əsgəri acınacaqlı duruma salıb.

Dəfələrlə mütəxəssislər, həkimlər tərəfindən qeyd olunduğu kimi koronavirus immun sistemi zəif olan insanlara daha tez yoluxur və xəstəlik özünü daha kəskin şəkildə biruzə verir, hansıki, ermənilər özləri də bunun ordu sıralarında şahidi oldular. Şahidi oldular ki, ac, susuz, paltarsız əsgərlərdə, gigiyena qaydalarına və sair şərtlərə əməl olunmayan Ermənistan hərbisində bu öz təsdiqini necə tapdı. Ermənilər özləri də əmin oldular ki, nəinki koronavirus, ümumiyyətlə istənilən xəstəliklə mübarizədə erməni əsgərinin immuniteti yoxdur. Maraqlıdır, adi bir qrip infeksiyasına immuniteti olmayan erməni əsgərin sərhəddə, təmas xəttində qarşı tərəfə hansı müqaviməti ola bilər? Təbi ki, erməni əsgərinin, Ermənistanın hərbisinin müqavimətindən söhbət belə gedə bilməz və bu özü də onu deməyə əsas verir ki, işğalçı ölkənin hərbisi də, apardığı işğalçılıq siyasəti də artıq oz məntiqi sonluğuna yaxınlaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə