"Qadın obrazı Azərbaycanda daha azaddır" - AÇIQLAMA

"Qadın obrazı Azərbaycanda daha azaddır" - AÇIQLAMA

“Feminizm qadınların hüquqları uğrunda mübarizə kimi meydana gəlib. Yəni müxtəlif dövrlərdə qadınların gender bərabərliyi hüquq pozuntuları, yaxud qadınlara qarşı zorakılığına qarşı olan bir cərəyandır”. Bunu SİA-ya açıqlamasında "Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin medafiə təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

O, söyləyib ki, feminizm adı altında bəzi əxlaqsız şüarların qaldırılması, bu hərəkətləri feminizm kimi qələmə vermək və bunun Azərbaycanda olması çox qəribə haldır: “Ona görə ki, Azərbaycan müsəlman ölkəsi olsa belə ölkəmizdə tarix boyu qadınlar digər müsəlman ölkələrinə nisbətdə daha azad olublar. Məsələn, bizim rəvayətlərimizdə, nağıllarımızda qadınların at belində öz həyat yoldaşının yanında, yaxud onun köməkçisi kimi və ya öz torpağını, elini vuruşaraq müdafiə edən qadın obrazlarını görmüşük. Bu baxımdan da qadın obrazı Azərbaycanda daha azaddır”.

F.İsmayılov qeyd edib ki, bir neçə gün əvvəl bəzi qadınların Bakıda keçirdiyi aksiyada bunun necə cılız bir yanaşma olduğunu orada qaldırılan plakatlardan aydın görmək olur. Onların plakatlarında yazılan şüarlarda erotik və seksual mövzulara toxunmaları onu göstərir ki, artıq onların özləri bu mövzuda çox bəsit düşünürlər”.

Sonda isə F.İsmayılov vurğulayıb ki, elə 1918-ci ildə ilk parlamentar qadın Azərbaycanda seçilib: “Dövlətçiliyə qadının gətirilməsi həmin dövrdə Avropa ölkələrinin çoxunda və həmçinin şərqdə yox idi. Faktiki olaraq ele bu gün də cəmiyyətdə qadınlara qarşı heç bir ayrıseçkilik yoxdur. Hazırda çalışan qadınların heç biri onlarla eyni işi görən kişidən az əmək haqqı almır. Bir sözlə Azərbaycanda qadınların həyat fəaliyyətini məhdudlaşdıran heç bir hal yoxdur. İstər dövlət orqanlarında, istərsə də siyasi proseslərdə. Bu yaxınlarda Milli Məclisin sədri də həmçinin qadın təyin olunub. Bütün bunları nəzərə alaraq demək olarki ölkəmizdə qadınlara qarşı qanun pozuntularından söhbət gedə bilməz”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə