Prezidentin iradlarından nəticə çıxarılmalıdır

Prezidentin iradlarından nəticə çıxarılmalıdır

Tovuz Tarix-Diyarşünaslıq muzeyindən asılmız saxta xəritənin izi ilə...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda səfərdə olarkən rayonda quruculuq, abadlıq işlərinin uğurla icra edildiyini, yeni iş yerlərinin açılmasını, istehsal, emal müəssisələrinin fəaliyyətini, infrastruktur layihələrinin icra edilməsini yüksək qiymətləndirmişdir. Prezident qeyd etmişdir ki, Tovuz şəhəri Bakıdan uzaqda yerləşir. Amma Tovuz şəhərinin timsalında biz bu inkişafı görürük. Rayonda qazlaşdırma 90 faizdir, təmirli yolların səviyyəsi 90 faizdir, içməli su problemi öz həllini tapıb. Müasir xəstəxana, müasir dializ və diaqnostika mərkəzləri, idman kompleksi, parklar, sənaye müəssisələri. Bu gün mən aşıq sənəti muzeyinin və xalça fabrikinin açılışında iştirak etmişəm. Bütün bunlar onu göstərir ki, ölkəmizin hər bir bölgəsi inkişaf edir.

Bəli, əbədiyaşar rəhbərimiz Heydər Əliyevin hələ 1975-ci, 1977-ci, 1980-ci, 1998-ci illərdə Tovuz rayonuna səfərləri zamanı “Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır, onun ən qiymətli sərvəti əməksevər insanlarıdır. Tovuz rayonu doğrudan da gözəl rayondur, buranın təbiəti də gözəldir, insanları çox işgüzardılar”, “Tovuzla mənim dostluğumun çox böyük tarixi vardır” qiymətli fikirləri tovuzluların ürəyincə olmuşdur. Tovuzluların da müdrik rəhbərimizə verdiyi qiymətin, o cümlədən 105 yaşlı Göycə Əmrahovun uzaqgörənliklə dediyi “Oğul, arzum budur ki, Ululara söykənərək, xalqımızın müdrik ulu liderinə, xilaskarına çevriləsən, Allah sizi bu xalqın rəhbərliyində, xalqla birlikdə qorusun!” fikirləri də yüksək dəyərləndirilir. Tovuza səfərindən sonra Ulu Öndərin Mərkəzi Komitədə dediyi: “Gedin Tovuzda Göycə kişidən öyrənin, o elə bir sözlər dedi ki, ürəyimizin sarı siminə toxundu”, fikirləri həqiqətən müdrik Liderin həmişə xalqla bir olduğu sübuta yetirir.

Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev 2003-cü ildə oktyabrın 5-də Tovuz seçiciləri ilə görüşündə "Heydər Əliyevin dediyi kimi, mən də Tovuzla dostluğumu davam etdirəcəm” fikirləri bu torpağın zəhmətkeş insanlarının yadından çıxmayıb.

Dövlət başçımızın bu ayın əvvəlində Tovuza səfəri zamanı rayonunda aparılan uğurlu işlərə qiymət verməklə bərabər, eyni zamanda Tarix-Diyarşünaslıq və Aşıq sənətinin yayılma arealını əks etdirən xəritələrdə olan çox ciddi nöqsanlara iradlarını bildirdi. Bu nöqsanların əsl səbəbkarlarını jurnalist araşdırması zamanı müəyyən etmişəm ki, rayonun icra başçısına bu və ya digər məsələlər barəsində həqiqəti əks etdirməyən məlumatlar verən İcra hakimiyyəti başçısının müavini Təranə Bayramova və Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirovdur.

Prezident İlham Əliyev Tovuzda Tarix-Diyarşünaslıq muzeyinin açılışı zamanı burada nümayiş olunan tarixi xəritələrlə bağlı iradları bildirdi. Prezident xəritələrlə tanış olarkən xəritənin həqiqətən saxta tərtib edildiyini, xəritədə Azərbaycanın tarixinin saxtalaşdırıldığını tarixi faktlarla, sübutlarla bildirdi: “Bu neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Bu xəritəni siz haradan götürmüsünüz? Qədim adlar, məsələn Sisyan yazılıb, o vaxt Sisyan yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan – bütün bunlar qədim şəhərlərimiz olub. Onda soruşuram, bu hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb? Bu xəritədə bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisindən heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir, uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər Heç bilinmir nədir bu, özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurmusunuz, hesab edirsiz ki, bununla iş bitir? Özü də uşaqlar otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir? Mənim məmləkətim haradadır, haradadır mənim şəhərim? Onun əvəzinə orada Urartu görürük” və s. iradlarını bildirmiş və tapşırıqlarını vermişdir.

Prezident cənab İlham Əliyevin bu cür iradları bir daha təsdiq edir ki, hələ də tariximizə, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə zidd mövqedə olan, tariximizi saxtalaşdırmaqla məşğul olan dövlət qulluğunda yüksək vəzifə tutan şəxslər hələ də, çox təəssüf ki, vardır. Mən prezident cənab İlham Əliyevin iradlarını tam şəkildə müdafiə edərək KİV haqqında Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun olaraq muzeydə həmin xəritələr, eksponatlar haqqında araşdırma apardım. Müəyyən etdim ki, həqiqətən bu sahələrə rəhbərlik edən məmurlar, o cümlədən Tovuz rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini Təranə Bayramovanın, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirovun, idarənin Tovuz rayon üzrə məsləhətçisi Adil Həsənovun və onların muzeyə işçi təyin etdikləri şəxslərin heç biri bu sahə üzrə ixtisaslı kadr deyillər. T.Bayramova, V.Qədirov bu cür saxtakarlıqları ilə, tariximizi, mədəniyyətimizi, tariximizi özündə əks etdirən xəritələri saxtalaşdırmaqla, uydurma xəritələri muzeyə yerləşdirməklə, tariximizin təbliğ edilməsini Azərbaycançılıq ideologiasına zidd olan istiqamətə yönəltməklə milli təfəkkürdən, milli maraqlarımızdan uzaqlaşdırmaqla, tarixi düşmənimiz olan işğalçı Ermənistan adlanan "forfost" ölkəyə Azərbaycanın müstəqil dövlətçilik tarixi barədə yanlış, həqiqəti əks etdirməyən qeyri-rəsmi arayışlar verməkdən başqa bir şey deyildir. Müstəqil dövr tariximizi, mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi, diplomatiya tariximizi, dünyanın tarixini dərindən bilən və tarixi faktlarla sübutlarla düşməni susduran, siyasi psixoloji nokauta salan Azərbaycan Prezidenti İlham Əliyevin ziyarət etdiyi muzeydə qədim tariximizi əks etdirməyən xəritələr nümayiş etdirmək təxribatdan, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir.

Bu faktlar bir daha təsdiq edir ki, xəritə təxribatında bilavasitə əli olan şəxslər həqiqətən milli maraqlarımıza zidd mövqedə olmaqla özlərinin milli düşüncədən, milli təfəkkürdən, Azərbaycançılıq ideologiyasından, milli mənəvi dəyərlərimizdən tam şəkildə uzaqda dayanmalarını, öz şəxsi maraqlarını milli dövlətçilik maraqlarımızdan çox-çox üstün tutmalarını bir daha təsdiq edir. Onları nə tariximiz, nə də mədəniyyətimiz maraqlandırmır. Əgər onları həqiqətən milli mənəvi dəyərlərimiz maraqlandırsa idi, muzeydə saxta, uydurma xəritələr asmazdılar, xalqımızı çaşdırmağa cəhd etməzdilər.

Təranə Bayramova, Vüqar Qədirov və digər şəxslər Prezidentin iradlarından nəticə çıxarmalıdırlar. Tovuz rayon Heydər Əliyev Mərkəzindəki əməkdaşların nöqsanları barədə deyilir, faktlar göstərilir, yazılır, amma aidiyyəti şəxslər bundan nəticə çıxarmaq əvəzinə, daha çox faktları ört-basdır etməyə, jurnalistə təzyiq etməyə çalışırlar. Bəli, budur məsuliyyətsizlik, şəxsi maraqları milli maraqlardan üstün tutmaq, dövlət siyasətinə hörmətsizlik, biganəlik.

Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Dövlət iki şeydən əziyyət çəkə bilər, birincisi cinəyakar cəzasız qalanda, ikincisi cinayəti olmayana cəza verəndə”. Bəli, bu uzaqgörən fəlsəfi fikir hər an qüvvədədir. Elə bu səbəbdən də həmin məmurlar Prezidentimizin iradlarına tuş gələrək, tarixi faktlar qarşısında aciz qalırlar.

Hesab edirəm ki, aidiyyəti dövlət orqanları düşmən dəyirmanına su tökən, təxribat xarakterli hərəkətlərlə məşğul olan həmin məmurlar barəsində çox ciddi ölçü götürəcəklər, Prezident İlham Əliyevin iradlarından dərhal nəticə çıxaracaqlar!

Dəmir Qurbanlı,

AJB üzvü, “Qızıl Qələm” mükafatı laureatı,

Heydər Əliyev siyasətinin fəal təbliğatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə