Musa Qasımlı: "Həmsədrlərin regiona bu dəfəki səfəri Ermənistana qulaqburması verə bilər " - MÜSAHİBƏ (SƏS TV)

Musa Qasımlı: "Həmsədrlərin regiona bu dəfəki səfəri Ermənistana qulaqburması verə bilər " - MÜSAHİBƏ (SƏS TV)

Millət vəkili, professor Musa Qasımlının SİA-ya müsahibəsi:

- ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona bu dəfəki səfərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsiri olacaq?

- ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti birmənalı qarşılanmır. Azərbaycan ictimaiyyətinin demək olar ki, hamısı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirir. Çünki bu gəliş- gedişlər turist səfərlərinə bənzəyir. Ona görə də ictimaiyyət bəzən onların fəaliyyətindən imtina edilməsi ilə bağlı fikirlər səsləndirir. Hesab edirəm ki, bu səfər əvvəlkilərdən fərqli olmalıdır. Çünki Minsk qrupu həmsədrləri sadə bir qurum deyillər, onlar ayrı- ayrı dövlətləri ABŞ, Rusiya və Fransanı təmsil edilər. Onlar öz ölkələrinin beynəlxalq hüquqlarına xələl gətirməməlidirlər və təbiidir ki, onların fikirləri eyni zamanda öz ölkələrinin fikirləridir. Mən ümid edirəm ki, bu dəfəki səfər Ermənistana qulaqburması verə bilər. Ermənistanı başa sala bilər və işğalçılıq siyasətindən imtinaya müəyyən təsir göstərə bilər. Amma hər halda mənim ümid etməyimə baxmayaraq ötən illərin təcrübəsi onu göstərir ki, ATƏT-in Minsk qrupu həmsədrləri bunu etməyiblər, məsələlərə daha çox ikili standartlarla yanaşıblar.

- Soçi görüşünə və faktaraşdırıcı missiyanın hesabatına olan ümidlər özünü doğrultmadı. Bundan başqa yol qalırmı?

- Bilirsiniz, ATƏT-in faktaraşdırıcı missiyasının Azərbaycanın işğal edilmiş ərazilərinə gəlməsi faktoru özü müsbətdir. Amma o hesabat nə vəziyyətdədir? Hesabatda konkret şəkildə göstərilməlidir ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib. Ermənistan təcavüzkar dövlət kimi qiymətləndirilməlidir. Amma təəssüf olsun ki, bu hesabatda Ermənistanın konkret olaraq təcavüzkar olduğu göstərilmir. Bundan əlavə, hesabatda açıq şəkildə göstərilməlidir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra orada məcburi məskunlaşma həyata keçirib. Özü də həmin ərazilərdə məskunlaşma 1994-cü ilin mayında atəşkəs elan edildikdən sonra həyata keçirilib. Bakıdan ermənilər 1990-cı ilin yanvarında çıxıblar, lakin Laçın 1992-ci ilin mayında, Kəlbəcər 1993-cü ildə işğal olunub. Bütün bu köçürmələr, həmçinin Laçında 14 min erməninin məskunlaşması şübhəsiz ki, 1994-cü ildən sonra reallaşıb. Faktaraşdırıcı missiya bunu dəqiq müəyyənləşdirməli, dəqiq də qiymət verməli, nəticə çıxarmalıdır. Təəssüf ki, bu belə deyil. Digər məsələ ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərinin adları dəyişdirilib, faktaraşdırıcı missiya buna konkret qiymət verməli və bildirməlidir ki, bu ərazilərin adları nəyə görə dəyişidirilib və bunu pisləməlidir. Faktaraşdırıcı missiya cəbhə xəttində atəşkəsin Ermənistan tərəfindən pozulmasını qiymətləndirməli, buna mənfi yanaşmalıdır. Orada azərbaycanlı uşağın öldürülməsi faktı öz əksini tapmalıdır. İşğal olunmuş ərazilərdə mədəniyyət və tarixi abidələr dağıdılıb. Təəssüf ki, buna heç bir qiymət verilmir. Hesabatda hər iki tərəfə çağırış var. Lakin heç kimə sirr deyil ki, işğal altında olan ərazilər Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Azərbaycan oraya nəzarət etmir. Azərbaycan nəzarət etmədiyi ərazidə dağıdılan tarixi mədəniyyət abidələrinin qoruması üçün necə məsuliyyət daşıya bilər? Deməli, məsuliyyət Ermənistanın üzərinə düşür. Mən hesab edirəm ki, ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı qüsurludur, yanlışdır. Burada Ermənistanın təcavüzkarlıqdan uzaqlaşdırmaq, xilas etmək, o qiyməti verməkdən yayındırmaq məsələləri daha çoxdur. Düşünürəm ki, bu cür yanaşma ilə münaqişəni ATƏT-in Minsk qrupu tərəfindən həlli uzadıla bilər. Bu da Ermənistana əlavə imkanlar verir.

- Liviyaya qarşı tələm-tələsik qərar verən BMT Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə əlaqədar 20 ildir, tətbiq etdiyi qərarı reallaşdırmayıb. Bu ikili standartlığı nə ilə əlaqələndirmək olar?

- BMT-nin bu cür addımı həm ikili standartlılıq həm də rüsvayçılıqdır. Bu nədən ibarətdir? 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorizmə qarşı mübarizə ilə bağlı qətənamə qəbul olundu və bu qətnaməyə Azərbaycan da öz töhfəsini verdi. Çünki Azərbaycan Ermənistanı rəsmi dövlət siyasəti səviyyəsində terrora məruz qalan bir ölkədir. Bu qətnamə yerinə yetirildi. Eyni zamanda İraqdakı hadisələr zamanı da qətnamə qəbuli edildi və o da yerinə yetirildi. Amma soruşulur nəyə görə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirmir. Bu BMT-nin nüfuzuna vurulan ən böyük zərbə, ziyandır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlüyü 10 qeyri -daimi üzvlüyü öz imzaladıqlarına hörmət etməlidirlər. BMT-ni yaradan ölkələrin özləri onun nizamnaməsini imzalayıblar, onlar həmin imzaya hörmət etməlidirlər. Hesab edirəm ki, bu ikili standartlılıq olmaqla yanaşı Ermənistanın fəallaşmasına kömək edir, onun işini yüngülləşdirir, təcavüzkarın özünə inamını artırır, eyni zamanda həmin ölkələr başa düşürlər ki, Ermənistanı bu cür müdafiə etməklə, ona qarşı sanksiyalar tətbiq etməməklə Azərbaycanda müəyyən radikal qrupların fəallaşmasına kömək edirlər. Bunun da məsuliyyəti ilk növbədə həmin ölkələrin üzərinə düşür.

- Musa müəllim, Ermənistan prezidentinin Xankəndi hava limanına təşkil ediləcək reys zamanı ilk sərnişin olmaq iddiası ilə bağlı nə deyə bilərsiniz?

- Xankəndi elə bir yerdə yerləşir ki, orada hava limanın inşası mümkün deyil. Mənə elə gəlir ki, burada dəqiqləşdirmələr də aparmaq olar. Çünki keşmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində Xocalı hava limanı var idi və ermənilər onu dağıdıblar. Olan məlumatla görə, artıq onlar Xocalı şəhərini tamamilə dağıdaraq ərazini genişləndirib, orada hava limanı tikirlər. Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı bir tikilinin aparılması beynəlxalq normalara ziddir. Azərbaycan tərəfi bu məsələyə öz münasibətini bildirib. Azərbaycan dövləti özünün hava su və quru məkanın ərazisinin sərhədlərini qorumaq hüququna malikdir və bu onun suveren hüququdur. Hesab edirəm ki, Ermənistan tərəfindən belə bir hərəkət aşıq şəkildə onu göstərir ki, o beynəlxalq hüquqa heç bir məhəl qoymur. Bunun da qarşısı alınmalıdır.

- Son zaman ölkəmizdə asayışı pozmaq istəyən qüvvələrin bu cür addımları nəyə hesablanıb və burada məqsəd nədir?

- Azərbaycanın demokratik yolla inkişafın və çoxpartiyalılıq sisteminin olmasının alternativi yoxdur. Çoxpartiyalı sistem üçün ölkəmizdə digər partiyaların fəaliyyəti üçün normal şərait yaradılıb. Bu şərait şübhəsiz qanunla tənzimlənir. Lakin məsələnin başqa bir tərəfi də var ki, Azərbaycanda gedən proseslərin hamısı Azərbaycana xeyr verə bilər. Azərbaycanın inkişaf yolu inqilabda deyil, təkamül yolundadır. İnqilabda dağıdıcılıq, kin-küdurət var. Bir zaman Rusiyada Lenin başqa olmaqla inqilab yolunu seçdilər. Rusiyanın taleyinin necə olduğu hamıya bəllidir. Şimal ölkələrdə isə sosial demokratlar təkamül yolunu seçdilər, yeni bir cəmiyyət qurdular. Müxalifət siyasi partiyalarının aranı qarışdırması heç şübhəsiz xaricdən maliyyələşmə ilə bağlıdır. Mən hesab edirəm ki, bütün proseslər cəmiyyətin içindən, daxildən gəlməlidir. Xarici amillər axırıncıdır. Amma təəssüf olsun ki, Azərbaycanda fəaliyyət göstərın bəzi müxalifət partiyaları xaricdən dəstək alırlar. Düşünürəm ki xaricdən alınan dəstəyin Azərbaycana heç bir xeyri ola bilməz. Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Onlar düşünürlər ki, baxmayaraq bu ökənin 20 faiz torpağı işğal altındadır, 1 milyon qaçqın və məcburi- köçkünü var. Lakin ölkədə yollar çəkilir, fabrik, zavodlar açılır, yeni iş yerləri yaradılır, ümumilikdə ölkə bütünlüklə inkişaf edir. Azərbaycanın inkişafını ləngitməkdən ötrü həmin qüvvələr müxtəlif planlar cızırlar. Amma hesab edirəm ki, müxalifətin sosial bazası yoxdur. Bu gün bir sıra strateji mərkəzlər Cənubi Qafqazda Ermənistanı güclü dövlətə çevirmək istəyirlər. Hesab edirlər ki, Ermənistan Cənubi Qafqazda aparıcı dövlət olmalıdır. Ermənistanın güclü dövlətə çevrilməsinin yolu isə Azərbaycanın zəiflədilməsindən keçir. Azərbaycanın daxilində iğtişaşlar yaratmaqla zəiflətmək olar. Belə olan halda Dağlıq Qarabağ münaqişəsinin, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yubanacaq, Azərbaycan xalqında psixoloji gərginlik yaranacaq. Ona görə hesab edirəm ki, hər bir partiya mitinq keçirə bilər, bu normal bir haldır. Lakin onlar insanlar arasında qarşıdurma yaradan məsələlərə getməməlidirlər. Mən anarxiyanın hərc-mərcliyin tamamilə əleyhinəyəm. Düşünürəm ki, belə hərəkətlərə yol vermək olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə