Son illər dünyada gərginliyin, iqtisadi böhranın artdığı bir vaxtda Azərbaycanın bütün sahələr üzrə inkişafı, xüsusilə də, sabitliyin qorunub-saxlanması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, həmçinin, azad sözün və müstəqil mətbuatın sərbəst fəaliyyəti istiqamətində qətiyyətli addımlar atması anti-Azərbaycan qüvvələri təlaşlandırıb. Məkrli qüvvələr ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmaq üçün yenə də yalan, böhtan və qarayaxma "maşınlarını" işə salıblar.
Müstəqillik yolunda 29 illik təcrübəsi olan Azərbaycanın Avropanın və dünyanın bəzi ölkələrini bir sıra sahələrdə geridə qoyması, respublikamızın mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilməsi bu inkişafı gözügötürməyənləri, deyəsən, qorxuya salıb. Anti-Azərbaycan qüvvələr həmişə olduğu kimi, bu dəfə də, "Freedom House" təşkilatından bir vasitə kimi istifadə edirlər və ənənədən kənara çıxmayaraq, qərəzli və ikili standartlara uyğun qiymətləndirməsinə cəhd edirlər. Yenə də bu qeyri-ciddi "müstəqil" təşkilat Ermənistanı "qismən azad", Azərbaycanı isə "qeyri-azad" ölkə kimi təqdim edir.
Hesabatda, həmçinin, bu il ölkə parlamentinə keçirilən seçkilərə toxunulur. Aparıcı müxalif qüvvələrin bir hissəsinin seçkiləri boykot etdiyi vurğulanır. Hakim Yeni Azərbaycan Partiyasının 125 yerlik parlamentdə 71 deputat mandatı əldə etdiyinə işarə olunur. Hesabatda o da bildirilir ki, Milli Məclisə, həmçinin, hakim partiyanı dəstəkləyən 41 müstəqil namizəd və kiçik partiyalardan 12 nəfər keçib.
Mövcud faktlara əsasən, demək olar ki, "Freedom House" hər dəfə heç bir fakta əsaslanmayan hesabatları ilə Azərbaycana qarşı qərəzlilik nümayiş etdirməklə, ölkəmizi hansısa dövlətlərlə üz-üzə qoymaq və düşmənçilik toxumu səpmək əhval-ruhiyyəsini nümayiş etdirir. Yeni Azərbaycan Partiyası bütün ölkə üzrə təşkilatlanmış güclü siyasi bir birlikdir. Onun 750 mindən çox üzvü var. Partiya cəmiyyətin bütün sosial təbəqələrini əhatə edir. YAP-ın fəallığı təkcə seçkilər dövründə olmur. Bütün dövrlərdə daima diqqəti çəkən formada ortada bir fəaliyyət var. Partiyanın bu seçkilərdə də irəli sürdüyü namizədlər həm ölkə, həm də region səviyyəsində tanınmış, nüfuzlu
və ziyalı şəxslər idi. Onların qələbələrindən hansısa bir xarici QHT-nin narahat olması başa düşülən deyil. Müstəqil namizədlərin iqtidaryönlü olduğunu demək nə dərəcədə düzgündür? Dairələrdə seçicilər onları dəstəkləyib parlamentdə görmək istəyiblər. Bütün ölkələrdə müstəqil şəkildə seçkilərə qatılıb parlamentdə təmsil olunan deputatlar var. Azərbaycan da bu sarıdan istisna deyil.
Sözügedən məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə bildirib ki, qərəzli təşkilat olan "Freedom House"un bu cür mövqedən çıxış etməsində məqsəd öz düşüncələrini zorla Azərbaycan cəmiyyətinə qəbul etdirməkdir. Millət vəkili "Freedom House"un kiçik partiyaların parlamentə keçmələri barədə dediklərinə toxunaraq, bildirib ki, "siyasi partiyaları" belə adlandırmaq artıq siyasi mədəniyyətsizlikdir: "Bu, siyasi etikanın olmamasının göstəricisidir. İstənilən qeydiyyatdan keçən bir partiya cəmiyyətin bir hissəsidir. Biri var az, bir də var ki, çox deputatla təmsil olunmaq. Amma partiyanı kiçik və ya böyük adlandırmaq doğru deyil. Əgər biz o xarici QHT-nin əvvəlki illərdəki hesabatlarına baxsaq, bir qayda olaraq, Azərbaycana qarşı qərəzli və şişirdilmiş münasibətin şahidi olarıq. Bu baxımdan, belə qiymətlər ölkəmizdəki real fəaliyyət meyarlarını heç zaman əks etdirmir. Sadəcə, xaricdə müəyyən dairələrin Azərbaycanla bağlı özünün istəklərini ortaya qoyur. Çalışırlar ki, ölkəmizdə olan əlaltıları parlamentdə təmsil olunsunlar. Bu isə, heç bir zaman mümkün olmayacaq. Azərbaycan ona görə müstəqillik qazanmayıb ki, xaricdən müəyyən dairələrin istəyini yerinə yetirsin. Cəmiyyət hər seçkidən-seçkiyə öz iradəsini ortaya qoyur".
Bütün bunlar, bir daha sübut edir ki, özünə beynəlxalq təşkilat statusu biçən "Freedom House", "Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və "Human Rights Watch" Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sükutla keçirlər, ən yaxşı halda, cüzi bir münasibət bildirirlər. Bu təşkilatların ikili standartlar tətbiq etməsi, əlbəttə, məyusluq yaradır. Çox təəssüf ki, "demokratiya carçılarının" əsl siması budur. Və bu təşkilatın Azərbaycanla bağlı verdiyi qərarların da heç bir əhəmiyyəti olmayıb, yoxdur və olmayacaq da.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB