Ekspert: "Türkiyə düzgün istiqamət götürüb" ÖZƏL - AÇIQLAMA

Ekspert: "Türkiyə düzgün istiqamət götürüb" ÖZƏL - AÇIQLAMA

"Türkiyənin sərhəd zonasında kifayət qədər təhlükəsizlik problemləri var. Lakin Türkiyə hazırda düzgün bir istiqamət götürüb. Təəssüf ki, bir çox məsələdə çətinliklər təkcə Türkiyənin çiyinlərinə düşür". Bu sözləri SİA-ya açıqlamasında Qərb Universitetinin "Siyasi Elmlər" kafedrasının müdiri, politoloq Fikrət Sadıxov hazırda Türkiyənin üzləşdiyi qaçqın problemini şərh edərkən deyib.

O bildirib ki, bu problemin davam etdiyi müddətdə əsas rolu oynayan tərəf elə Türiyənin özüdür: "Türkiyə ərazisində təxminən 4 milyona yaxın qaçqın var. Bu qaşqınlar əsasən Suriyadan olmaqla digər münaqişə zonalarına çevrilmiş ərazilərdəndir. Türkiyə onlara şərait yaratmaq üçün, onlara normal həyat tərzi təqdim etmək üçün əlindən gələni edir. Qaçqınların isə əsas məqsədi Türkiyədə qalmaq deyil. Onlar Avropanın müxtəlif ölkələrinə səpələnmək istəyirlər. Türkiyə bunun qabağını artıq neçə ildir ki, alırdı. Lakin artıq Türkiyə sərhədləri açıb və qaçqınların istədiyi əraziyə getmələri üçün ərait yaradıb. Təbii ki, bunun üçün haqlı səbəbləri var".

Ekspert bildirib ki, Avropa uzun müddətdir ki, Türkiyəyə qaçqınları saxlamaq üçün maddi dəstək verəcəyini bəyan etmişdi, lakin buna hələ də əməl edilmir: "Avropauzun illərdir ki,Türkiyəni Avropa İttifaqına qəbul etmək istəmir və bunun üçün müxtəlif şərtlər irəli sürür. Eyni zamanda qaçqınlar üçün söz verdiyi maliyyə dəstəyi göstərmir. Vaxtilə Türkiyəyə söz verilmişdi ki, Türkiyəyə qaçqınlarla bağlı məsələdə yardım olunacaq. Bununla bağlı Türkiyə öz narazılığını bildirib və artıq sərhədləri açıb ki, qaçqınlar hara getmək istəyirlərsə getsinlər. Bu da təbii ki, Avropanı qıcıqlandırır.

Türkiyə niyə axı onların problemlərini öz üzərinə götürməlidir? Niyə tək başına bu məsələləri həll etməlidir? Onsuz da onun sərhəd zonasında təhlükəsizlik məsələləri kifayət qədərdir. Həm də Suriyada, xüsusilə İdlibdəki problemlər gərginliyi ilə diqqəti çəkir. Sərhəd zonasında kürd dəstələri var hansi ki, Türkiyə qoşunları ilə vuruşur. Türkiyə hal-hazırda düzgün bir istiqamət götürüb. Türkiyə bu məsələ ilə bağlı böyük çətinliklərlə üzləşə bilər və təəssüf ki, bu çətinliklər təkcə Türkiyənin çiyinləri üstünə düşür".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə