"Qanunverici müstəvidə yox, cəmiyyətdə problemlər var" ÖZƏL - AÇIQLAMA

"Qanunverici müstəvidə yox, cəmiyyətdə problemlər var" ÖZƏL - AÇIQLAMA

"Azərbaycanda qadın hüquqlarının müdafiəsi dövlətin ən önəm verdiyi sahələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında "Universitet Təhsilli Qadınlar" İctimai Birliyinin sədri, millət vəkili Tamam Cəfərova Azərbaycanda qadın azadlığının və qadın hüquqlarının müdafiəsi ilə bağlı görülən tədbirlərdən danışarkən deyib.

O bildirib ki, Ümumilli lider Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması qadın hüquqlarının dövlət tərəfindən diqqətdə saxlanılmasının və dəstəklənməsinin bariz nümunəsidir: "Bu MDB məkanında ilk qurum idi ki, Azərbaycanda yaradıldı və qadın siyasətinə dövlət səviyyəsində önəm verilməyə başlanıldı. Bununla yanaşı ölkəmizdə çoxsaylı qadın təşkilatı da yarandı və bütün bölgələrimizdə qadınlar, o cümlədən gender məsələləri ilə bağlı kütləvi şəkildə təlimlər keçirildi, hazırda bu proses davam edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan qadını dövlət tərəfindən qayğı ilə əhatələnib. Bu gün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycanda qadınların hüquqlarının müdafiəsi ilə bağlı təkmilləşmiş hüququ baza mövcuddur və dövlət bu qanunların icrasına ciddi nəzarət edir. Azərbaycanın milli qanunvericiliyi qadın hüquqları sahəsində beynəlxalq standartlara uyğunlaşdırılıb. Dövlət idarəçiliyində də qadınların rolu əvəzsizdir. Bir sözlə Azərbaycanda qadına və qadın hüquqlarına münasibət müsbətdir. Qadınların hüquq bərabərliyinin, qadın azadlığının hüquqlarının təmin olunması baxımından Azərbaycanda qanunverici müstəvidə heç bir problem yoxdur".

Qadın azadlıqları və hüquqları müstəvisində Azərbaycan qanunvericiliyi müstəvisində heç bir problem olmadığını vurğulayan xanım sədr əlavə edib ki, cəmiyyətdə isə müəyyən problemlər mövcuddur: "Hazırda bu istiqamətdə dövlət və Qeyri-Hökumət Təşkilatları maarifləndirmə işlərini davam etdirirlər. Cəmiyyət, xüsusilə kişilər daha çox maraqlı olmalıdır ki, qadın hüquqları ilə bağlı müxtəlif təlimlərdə iştirak etsinlər. Təkcə bu maarifləndirmə prosessi qadınlar arasında deyil, eləcə də kişilər arasında aparılmalıdır ki, cəmiyyətdəki bəzi problemlər aradan qalxsın. Milli-mənəvi dəyərlərimizə xas ailə institutlarında ağsaqqala, ağbirçəyə, kişiyə, qadına, övlada hörmət mövcuddur. Bu olan halda həm ailə təməllərimiz, həm də cəmiyyət daha sağlam şəkildə mövcudluğunu qorumuş olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə