"Qadın hüquqları Azərbaycanda yüksək səviyyədə qorunur"

"Qadın hüquqları Azərbaycanda yüksək səviyyədə qorunur"

"Son aksiyanı utancverici dəyərləndirirəm. Bu bizim milli-mənəvi dəyərlərimizə yaraşmayan bir haldır". Bu sözləri SİA-ya açıqlamasında "Müasir Azərbaycan Qadını" İctimai Birliyinin sədri Kəmalə Muradlı Azərbaycanda qadın hüquqlarının qorunması məsələsinin tətbiqi və son günlərdə keçirilən qanunsuz aksiyanı şərh edərkən deyib.

O bildirib ki, qadın hüquqları Azərbaycanda kifayət qədər müdafiə olunur: "Qadın hüquqları Azərbaycanda yüksək səviyyədə qorunur. Hətta misal olaraq bunu göstərə bilərik ki, Milli Məclisdə hal-hazırda qadın spiker təyin olundu. Bu da qadın azadlığının bariz nümunəsidir. Qadın hüquqları hər tərəfdən bizim dövlətimiz tərəfindən qorunur və son illərdə aparılan ictimai-siyasi tədbirlər də bunun göstəricisidir".

QHT sədri bildirib ki, son aksiya Azərbaycan qadınına yaraşmayan hərəkətlərin göstəricisi idi: "Bu aksiyada nümayiş olunan hallar Azərbaycan qadınına yaraşmır. Əlbəttə ki, qadın azadlığı o demək deyil ki, qadın bütün həyasını küçədə qoymalıdır. Bizim analarımız, nənələrimiz əsirlər boyu öz abır-həyalarını saxlayaraq bu günə qədər gəlib çıxmışıq. Biz onların övladları olaraq bizi necə tərbiyə edibsə eləyik.

Son aksiyanı mən utancverici dəyərləndirirəm. Biz qadınlara utancverici bir şeydir. Bizim milli-mənəvi dəyərlərimizə yaraşmayan bir addımdır. Onlar Avropada olan əxlaqsızlıqları gətirib Azərbaycanda yaymaq istəyirlər və onlara bunun üçün hər halda qrand ayıranlar var. Onlar bunu özbaşına etmirlər. Xarici təşkilatlar çalışırlar ki, Azərbaycanda da qarışıqlıq yaratsınlar. Mən üzümü bütün valideynlərə tutaraq demək istəyərəm ki, valideynlər öz övladlarına, öz qızlarına sahib çıxsınlar. Düşünürəm ki, dövlət başçımız da bu hadisələrə öz fikrini bildirəcək. Azərbaycan ziyalıları bunun qarşısının alınması üçün hər hansı bir addım atacaqlar".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə